Atalıq şübhəsi qalmaqala çevrilir - Anadan xəbərsiz DNT testi etdirmək olarmı?

Atalıq şübhəsi qalmaqala çevrilir - Anadan xəbərsiz DNT testi etdirmək olarmı?

Hazırda oxunan: Atalıq şübhəsi qalmaqala çevrilir - Anadan xəbərsiz DNT testi etdirmək olarmı?

631981

Boşanma prosesində alimentlə bağlı mübahisələr və ya valideynlərdən birinin uşağı qəbul etməməsi kimi hallarda DNT analizi məhkəmə üçün sübutlardan birinə çevrilə bilər. Belə hallarda tərəflərin iştirakı ilə aparılan ekspertiza nəticəsində uşağın bioloji atasının kimliyi müəyyən edilir və nəticəsinə uyğun məhkəmə qərar qəbul edə bilir.  
 

Bəs məsələ məhkəməyə çatmadan əvvəl uşağının bioloji atası olub-olmadığından şübhələnən kişi ananın xəbəri olmadan uşağın saçından və ya istifadə etdiyi şəxsi əşyadan nümunə götürərək DNT analizi etdirə bilərmi?


Ölkədə DNT analizi üçün müraciətlərin sayı ilə bağlı Səhiyyə Nazirliyinə ünvanladığımız sorğuya cavab olaraq bildirildi ki, bu barədə statistika aparılmır.

Araşdırmamız zamanı Azərbaycanda fəaliyyət göstərən bəzi özəl müəssisələrin DNT nümunələrini xaricdə yerləşən laboratoriyalara göndərdiyi hallarına rast gəldik. Öyrəndik ki, bu özəl müəssisəyə müraciət zamanı valideynlərin hər ikisinin iştirakı mütləq şəkildə tələb edilmir və analizin qiyməti ölkədəki dövlət müəssiələrinin təklif etdiyi qiymətdən qat-qat ucuzdur.

“Molekulyar Genetik Mərkəz” adı ilə fəaliyyət göstərən müəssisənin internet saytında yerləşdirilən məlumata görə, atalıq testinin qiyməti 179 AZN təşkil edir və test nəticəsinin dəqiqliyinə 99,9 faiz zəmanət verilir. Müqayisə üçün qeyd edək ki, dövlət müəssisələrində bu cür analizlərin qiyməti 3000 manatadək yüksələ bilir.

Maraqlıdır, belə xidmətlərin göstərilməsi və şəxsin xəbəri olmadan təqdim edilən nümunələrin qəbul edilməsi qanunidirmi?

Xarici laboratoriyada aparılan DNT analiz nəticəsinin Azərbaycanda hüquqi qüvvəsi varmı?

Məsələ ilə Bizim.Media-ya açıqlama verən hüquqşünas Ruslan Mustafayev bildirir ki, DNT analizi ilə bağlı müraciət edildikdə, adətən hər iki tərəfin prosesdə iştirakı tələb olunur:

“Burada əsas məqsəd eyniləşdirilən nümunələrin məhz həmin şəxslərə məxsus olmasını onların iştirakı ilə təsdiqləməkdir. Tərəflərdən biri prosesdə iştirak etmirsə, təqdim olunan nümunələrin yoxlanılan şəxsə məxsusluğunu təsdiqləyən hər hansı sübut olmur. Belə olan halda həmin analizin nəticəsinin hüquqi əhəmiyyəti qalmır.
 

Ola bilər ki, hansısa qeyri-dövlət laboratoriyaları, o cümlədən xaricdə yerləşən laboratoriyalar ödəniş qəbul etmək və gəlir əldə etmək məqsədilə belə nümunələri qəbul etsinlər. Lakin həmin analizlərin nəticələrinin hüquqi əhəmiyyəti olmur.


DNT analizi valideynlərdən biri tərəfindən həyata keçirilirsə, digər valideynin razılığının tələb olunmur. Lakin digər valideynin iştirakı olmadan aparılan belə analizin nəticəsini sonradan mübahisələndirmək mümkündür. Məhkəmə də qərar qəbul edərkən, xüsusilə DNT analizinin keçirilməsini nəzərdə tuta bilər”.

Valideynlərdən başqa digər ailə üzvlərinin DNT iddiası qaldırmaq hüququ yoxdur

Hüquqşünasın sözlərinə görə, praktikada yalnız ata və ana uşağa münasibətdə tərəf kimi çıxış edə bilirlər:

“Bir çox hallarda uşağın atası onun bioloji atası olmadığını iddia edir. Belə vəziyyətdə, şəxs atalığı qəbul etmirsə, məhkəmə DNT analizinin aparılması üçün müvafiq orqanlara müraciət edir. Analiz keçirilir və nəticədə uşağın bioloji atasının kim olduğu müəyyənləşdirilir. Digər qohumların bu məsələni mübahisələndirməsi üçün isə eyni imkanlar yoxdur. Çünki onlar həmin mübahisədə birbaşa tərəf, yəni subyekt deyillər.

Xaricdə yerləşən qeyri-dövlət laboratoriyalarının fəaliyyətində əsas məqsəd gəlir əldə etməkdir. Onlar üçün təqdim olunan nümunələrin həqiqətən həmin şəxsə, yaxud başqa bir şəxsə məxsus olması məsələsi hüquqi prosedur baxımından əsas şərt olmaya bilər. Onlar sadəcə təqdim olunan sifariş əsasında ödənişi qəbul edir və analizi həyata keçirirlər, daha sonra nəticələri təqdim edirlər”.

DNT analizi ümumiyyətlə analiz kimi qəbul olunur və burada qanunsuz fəaliyyət nəzərdə tutulmur

R.Mustafayev qeyd edir ki, laboratoriya şəxsin kimliyini müəyyən etmədən də nümunəni qəbul edib analiz apara və nəticəni təqdim edə bilər. Bu, həmin laboratoriyalar üçün problem deyil. Lakin həmin nəticə şəxs üçün yalnız məlumat xarakteri daşıyır və gələcəkdə həmin nəticəyə əsaslanaraq məhkəməyə müraciət edib iddia qaldırmaq üçün əsas hesab olunmur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO