“Sosial şəbəkələrdən gələn risklərdən uşaqları qorumalıyıq" -Partiya sədrlərindən ÇAĞIRIŞ

“Sosial şəbəkələrdən gələn risklərdən uşaqları qorumalıyıq" -Partiya sədrlərindən ÇAĞIRIŞ

Hazırda oxunan: “Sosial şəbəkələrdən gələn risklərdən uşaqları qorumalıyıq" -Partiya sədrlərindən ÇAĞIRIŞ

623236

Uşaqlar bizim gələcəyimizdir. Buna görə də onların sağlamlığını və təhlükəsizliyini qorumaq məqsədilə alkoqol və tütün məmulatlarından istifadəyə məhdudiyyətlər qoyulur, həmçinin müəyyən yaşa qədər uşaqların pornoqrafik məzmunlara çıxışı qadağan edilir. Biz hesab edirik ki, uşaqlar bütün diqqətlərini təhsil və fiziki sağlamlıqlarının inkişafına yönəltməlidirlər.

Eyni zamanda nəzərə almaq lazımdır ki, virtual məkan artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bu səbəbdən, real həyatda uşaqlara tətbiq olunan qadağa və məhdudiyyətlər kimi, onların virtual mühitdə də qorunması vacibdir.

Çünki uşaqlar asanlıqla təsir altına düşə bilir və bu təsirlər onları təkcə normal həyat tərzindən uzaqlaşdırmır, həm də onların zehni və fiziki sağlamlığına ciddi zərər vurur, bəzi hallarda isə həyati təhlükə yarada bilər.

Ona görə də uşaqları rəqəmsal dünyanın zərərli və təhlükəli trendlərindən qorumaq həm dövlətin, həm də cəmiyyətin əsas vəzifələrindən biridir.

Qeyd edək ki, uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən qorunması ilə bağlı yeni qanun layihəsi qəbul olunub. Belə ki, 16 yaşadək uşaqların sosial şəbəkələrdə hesab yaratmasına yol verilməyəcək. 16–18 yaşlı yeniyetmələrin isə sosial şəbəkədə hesab açması valideyn icazəsi ilə mümkün olacaq.

Maraqlıdır, cəmiyyətin ictimai-siyasi həyatında mühüm rol oynayan partiya sədrləri bu qanunun qəbulunu necə qiymətləndirir?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə hesab edir ki, sosial şəbəkələrdə yaş məhdudiyyəti ilə bağlı qanunvericiliyə təklif olunan dəyişikliklər həm hüquqi, həm də sosial baxımdan vacibdir:

“Bu gün həm dövlətin, həm də cəmiyyətin əsas hədəfi yetkinlik yaşına çatmayanların rəqəmsal aləmə daha təhlükəsiz çıxışını təmin etməkdir. Qeyd edim ki, parlamentdə hazırlanan yeni qanunvericilik bazası uşaqların rəqəmsal aləmə çıxışını qadağan etmir. Sadəcə olaraq 16 yaşadək uşaqların sosial şəbəkələrə çıxışı müəyyən qədər məhdudlaşdırılır, 16-18 yaşlı yeniyetmələrinsə rəqəmsal dünyaya çıxışına valideyn razılığının tətbiqi mexanizmi  nəzərdə tutulur və bütün bunlar beynəlxalq təcrübəyə əsasən həyata keçirilir.

Hədəfsə odur ki, uşaqların rəqəmsal dünyaya təhlükəsiz çıxışı təmin edilsin. Bu qanunun qəbul edilməsi ilə bütün problemlərin həll olunucağını da düşünmək doğru deyil. Çünki ilk növbədə qanunun tələblərinin yerinə yetirilməsinə güclü nəzarət olmalıdır. Ona görə də qanunun bir il sonra qüvvəyə minəcəyi nəzərdə tutulur. O vaxtadək nəzarət və icra mexanizmləri formalaşdırılmalıdır ki, 16 yaşa qədər yeniyetmələr digər üsul və vasitələrdən istifadə etməklə qadağaları aşmaq imkanlarına malik olmasınlar.

Həmçinin uşaqların rəqəmsal savadlılığnın artırılması, məktəblərdə kibertəhlükəsizlik mövzularının tədris edilməsi və bu sahədə biliklərin daha da artırılması, həmçinin valideynlərin bu sahədə maarifləndirilməsi vacib məslələrdəndir. Yalnız bu halda effektiv nəticə əldə etmək olar”.
 
REAL Partiyasının sədri Natiq Cəfərli dünyanın bir çox ölkələrində yetkinlik yaşına çatmayanların sosial şəbəkələrə çıxışına qadağaların olduğuna diqqət çəkib:

“Demokratik sayılacaq onlarla ölkələrdə belə bununla bağlı qadağalar qüvvəyə minib. Bu da yetkinlik yaşına çatmayan uşaqların psixoloji durumlarının qorunması və onların daha çox təhsilə vaxt ayırmaları üçün edilir. Amma dünya təcrübəsindən görünür ki, bu məsələdə sosial şəbəkələrə nəzarət etmə mexanizmi təkmil deyil. Qanunla qadağa qoyulsa da VPN vasitəsi ilə başqa ölkələrin vətəndaşı olaraq qeydiyyatdan keçən uşaqları müəyyən etmək çox çətindir.

Azərbaycanda da yetkinlik yaşına çatmayanların sosial şəbəkələrə çıxışına qadağa qoyulmasına da hazırlıq gedir. Bu hazırlığı normal hesab edirik. Çünki bu məsələ dünyada vacib trendə çevrilib. Amma dünya praktikasınada bu məsələnin həyata keçirilməsindəki çətinlikləri görürük. Yəqin ki, bizdə də bu asan olmayacaq. Nəzərə alaq ki, 13-14 yaşlı yeniyetmələrimizin internetdəki bacarıqları yaşlı nəsildən daha çoxdur.

Onlar daha kreativ yollarla bu qadağaların yanından keçə bilərlər. Ona görə də hesab edirəm ki, qadağalarla paralel, yeniyetmələrin asudə vaxtının daha səmərəli keçirə biləcək alternativlərini də onlara təqdim etməliyik. Yəni yaranacaq boşluq nəyləsə dolmalıdır. Bunun üçün müəyyən tədbirlər planının hazırlanmasını vacib hesab edirik”.

Ağ Partiyanın başqanı Tural Abbaslı da yetkinlik yaşına çatmamış uşaqların birbaşa sosial şəbəkələrə çıxışına qadağa qoyulmasının tərəfarı olduğunu bildirib:

“Bunun qanunla qadağan edilməsinə də normal baxıram. Amma müasir texnologiya elədir ki, təkcə qanunvericiliklə qadağa qoymaqla müdafiəni təmin eləmək olmur. Çünki sosial şəbəkələrin abunəçini yoxlamaq metodu çox məhduddur. Həmin metodlardan yan keçmək çox asandır. Amma müvafiq qurumlar bununla bağlı əllərindən gələni etməlidirlər ki, yetkinlik yaşına çatmayanların sosial şəbəkələri çıxışı məhdudlaşsın.

Bunun üçün bu sahədə təcrübəsi olan dünya dövlətlərinin də təcrübəsindən yararlanmaq lazımdır. Yaxşı olar ki, Azərbaycanda fəaliyyət göstərən sosial şəbəkələrin üzərinə müəyyən öhdəliklər qoyulsun. Çünki bir çox ölkələrdə bu praktika var. Uşaqlarımızı sosial şəbəkələrin ziyanından qorumaq istəyiriksə bunun üçün maarifləndirmə işini də gücləndirməliyik.

Ayıq-sayıq, maariflənmiş valideyn obrazını da yaratmalıyıq. Hər bir valideyn sözün tam mənasında sosial şəbəkələrin zərərləri, övladlarının düşə biləcəyi tələlər və onların ala biləcəyi psixoloji travmalar barədə məlumatlı olmalıdırlar. Belə olarsa valideynlər şüurlu şəkildə övladlarını sosial şəbəkələrdən uzaq tutarlar. Nəzərə alaq ki, ən yaxşı mübarizə metodu maarifləndirməkdir. Bununla belə bu sahədə qanunvericilik bazasının yaradılmasını da dəstəkləyirik, vacib hesab edirik”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO