Ukrayna polisində çalışan azərbaycanlı: “Müharibə şəraitində xidmət etmək ikiqat məsuliyyətlidir” - FOTO

Ukrayna polisində çalışan azərbaycanlı: “Müharibə şəraitində xidmət etmək ikiqat məsuliyyətlidir” - FOTO

Hazırda oxunan: Ukrayna polisində çalışan azərbaycanlı: “Müharibə şəraitində xidmət etmək ikiqat məsuliyyətlidir” - FOTO

623219

Hər il iyulun 4-ü Ukraynada Milli Polis Günü kimi qeyd olunur. Ukraynanın polis orqanlarında çalışanlar arasında yüzlərlə azərbaycanlı da var. Onlardan biri də əslən Goranboy rayonundan olan baş leytenant, polis müstəntiqi Aqil Namazovdur. O, 2020-ci ildən Ukraynanın polis orqanlarında çalışır.

Bizim.Media xəbər verir ki, Kiyev Mərkəzi Dəmiryolu Vağzalının polis idarəsində fəaliyyət göstərən Aqil Namazov AZƏRTAC-a müsahibəsində valideynlərinin 35-40 il öncə Ukraynaya köçdüyünü bildirib.

Özü Ukraynada anadan olan soydaşımız uşaqlıqdan polis olmaq arzusunu gerçəkləşdirdiyini qeyd edib. Polis orqanlarında nümunəvi xidməti ilə seçilən A.Namazov gələcəkdə öz sahəsində daha yüksək vəzifələrə yüksəlmək üçün daim çalışacağını vurğulayıb.
 

"Polis orqanlarında istədiyim hədəfə çatmaq üçün həvəslə işləyirəm. Öz peşəmi çox sevirəm. Mülki əhali arasında polisə inam və etimadı artırmaq üçün bütün bacarığımdan istifadə edirəm", - deyə soydaşımız bildirib.


Aqil Namazov qəlbində hər zaman Azərbaycan sevgisi daşıdığını xüsusilə vurğulayıb:

“Azərbaycana olan sevgimiz sonsuzdur. Rusiya-Ukrayna müharibəsinə qədər ildə 3-4 dəfə Vətəndə olurdum. Müharibə başlayandan sonra xidməti vəzifəmizlə bağlı ölkədən çıxmaq mümkün deyil.

Azərbaycan və Ukrayna xalqları arasında hər zaman çox gözəl münasibətlər olub və bu ənənə bu gün də yaşayır. Müharibənin ilk günlərindən başlayaraq Azərbaycan dövləti və xalqı, o cümlədən burada yaşayan soydaşlarımız humanitar yardımlarını əsirgəmirlər. Ukraynalıların arasında çox oluram, hamısı Azərbaycan dövlətindən və xalqından razılıq edir. Ukraynanın haqlı mübarizəsində yanlarında olduğumuz üçün təşəkkürlərini bildirirlər”.

O, Ukraynanın polis orqanlarında çoxlu sayda azərbaycanlının çalışdığını və onların əksəriyyətinin nümunəvi xidmətinə görə mükafatlandırıldığını qeyd edib.

“Polis olmaq şərəfli iş olduğu qədər də çətindir. Xüsusilə də ağır müharibə şəraitində çalışmaq ikiqat məsuliyyətlidir. Lakin burada çalışan azərbaycanlı polislər öz nümunəvi xidmətləri ilə həm də Azərbaycan xalqının adını uca tuturlar”, – deyə baş leytenant vurğulayıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO