Sahibsiz itlərin sayının Şəki şəhərində hər gün artması və insanlara hücum çəkməsi heç də ilk xəbər deyil.
MÖVZU İLƏ BAĞLI:
Şəkidə 5 nəfəri it DİŞLƏDİ - Biri azyaşlıdır, vəziyyəti ağırdır
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ötən gün axşam saatlarında Şəkinin Dodu məhəlləsi Novruz küçəsində sahibsiz it insanlara hücum çəkib, xəsarət yetirib. Sahibsiz it əvvəlcə küçədə hərəkət edən azyaşlını dişləyib. Uşağın səsinə gələn baba da bu zaman xəsarətlər alıb. Daha sonra küçə iti elə həmin ərazidə 3 nəfərə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Beləliklə, şəhər sakinləri 38 yaşlı Taleh Yusifov, 56 yaşlı Mehman Cabbarov, 36 yaşlı Xəyalə Mirzəyeva, 30 yaşlı Nicat Abdulrəhimov və 5 yaşlı Alparslan Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Şəki rayon mərkəzi xəstəxanasına müraciət ediblər.
Yaralılara Şəki Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilib, əvvəlcə quduzluq əleyhinə vaksin vurulub. Bir neçə saat xəstəxanada qaldıqdan sonra sahibsiz it hücumuna məruz qalan sakinlərin vəziyyətləri stabil qiymətləndirilib və pasiyentlərə həkim nəzarətində peyvənd kursunu davam etdirmələri tövsiyə olunaraq ambulator müalicə üçün evə buraxılıblar.
Məsələ ilə əlaqədar rayon icra hakimiyyətindən bildirilib ki, sahibsiz küçə itləri ilə bağlı problem insanları narahat edən əsas məsələlərdən biridir. Qeyd edək ki, sahibsiz küçə itləri xüsusi müəssisələr tərəfindən götürülməli və sığınacaqlarda yerləşdirilməlidir.
Hazırda Şəkidə sahibsiz heyvanlar üçün xüsusi sığınacaqların olmaması bu sahədə çətinliklər yaradır. O da qeyd olunub ki, problemin həlli istiqamətində müəyyən təkliflər hazırlanıb, aidiyyəti dövlət orqanları ilə məsləhətləşmələr aparılır, qeyri-hökümət təşkilatlarına müraciət olunub. Bu məsələyə heyvansevərləri də cəlb etməklə Şəki şəhərində sahibsiz küçə itlərinin qısırlaşdırılmasının təşkili nəzərdə tutulur və bu istiqamətdə işlər aparılır.






Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu
































































































