"Bolt" sürücülərinin yeni OYUNU - Sərnişinlər niyə sifarişi ləğv etməyə məcbur edilir? – FOTOFAKT

"Bolt" sürücülərinin yeni OYUNU - Sərnişinlər niyə sifarişi ləğv etməyə məcbur edilir? – FOTOFAKT

Hazırda oxunan: "Bolt" sürücülərinin yeni OYUNU - Sərnişinlər niyə sifarişi ləğv etməyə məcbur edilir? – FOTOFAKT

623075

Son aylarda "Bolt" kimi taksi xidmətlərindən istifadə edən vətəndaşların ən çox şikayət etdiyi məsələlərdən biri bəzi sürücülərin sifarişi qəbul etdikdən sonra hərəkət etməməsi, sərnişini sifarişi ləğv etməyə məcbur etməsi və ya ünvana çatdıqdan sonra əlavə ödəniş tələb etməsidir.

İddialara görə, sürücü sifarişi sərnişinə ləğv etdirdikdən sonra eyni marşrut üzrə tarifin yüksəlməsi halları müşahidə olunur. Bu isə sərnişinlərin həm vaxt itkisinə, həm də daha yüksək məbləğ ödəməsinə səbəb olur. Nəticədə tətbiqin iş prinsipi və qiymət formalaşdırma mexanizmi ilə bağlı suallar yaranır.

Bəs bu cür halların qarşısının alınması üçün hansı tədbirlər görülür? Platformanın bu məsələdə məsuliyyəti nədən ibarətdir? Sürücülərin bu davranışına qarşı hansı nəzarət və sanksiya mexanizmləri tətbiq olunur?

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı Bizim.Media-ya açıqlamasında qeyd edir ki, sözügedən hallara bir çox taksi platformalarında rast gəlinir:

“Sürücülər bəzən bunu qəsdən edirlər. Məqsəd sərnişini olduğundan baha qiymətə daşımaq və ya ondan əlavə ödəniş almaqdır. Bəzi hallarda bunun üçün hətta kartla ödənişdən imtina edərək nağd ödənişə üstünlük verirlər. Bu, sürücülərin fərdi yanaşmasıdır, qiyməti artıran “Bolt” və ya digər platformalar deyil. Hər hansı rəsmi qiymət artımından da söhbət getmir.

Beynəlxalq qaydalara əsasən, taksi qiymətləri günün müxtəlif saatlarına, yolun sıxlığına və hava şəraitinə uyğun olaraq dəyişə bilər. Bu, qəbul olunmuş praktikadır. Ancaq konkret olaraq, rəsmi şəkildə kilometrə və ya başqa bir meyara görə rəsmi qiymət artımı ilə bağlı heç bir qərar qəbul edilməyib”.

Onun sözlərinə görə, qeyd edilən vəziyyətlə qarşılaşanlar mütləq tətbiq üzərindən rəsmi qaydada şikayət etsinlər ki, şirkət də həmin sürücü barəsində müvafiq tədbir görə bilsin.

Məsələ ilə bağlı “Bolt” taksi xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, sürücülərdən qəbul edilmiş sifarişlərin məsafəsindən və ya ödəniş üsulundan asılı olmayaraq yerinə yetirilməsi gözlənilir:

“Sürücü sifarişi qəbul etdikdən sonra əsassız səbəbdən ləğv edirsə, sərnişindən sifarişi ləğv etməsini xahiş edirsə və ya əlavə ödəniş tələb edirsə, bu, platformanın qaydalarına uyğun davranış hesab olunmur. Belə hallarla qarşılaşan sərnişinlərdən tətbiq vasitəsilə şikayət bildirmələri xahiş olunur.

“Bolt”-un dəstək xidməti daxil olan bütün müraciətləri araşdırır. Şikayət təsdiqləndiyi təqdirdə sürücü ilə əlaqə saxlanılır, bu hallar onun reytinqinə təsir göstərir və təkrarlanarsa, hesabın deaktiv edilməsinə qədər tədbirlər görülə bilər.

Qeyd olunub ki, “Bolt” sürücülərlə mütəmadi olaraq kommunikasiya aparır, onlara platforma qaydaları, müştəri məmnuniyyətinin əhəmiyyəti və peşəkar xidmət standartları barədə məlumatlar təqdim edir.










Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO