Son vaxtlar küçə yeməkləri arasında ən çox üstünlük verilən məhsullardan biri yol kənarı satılan lülə kabablardır. Bəziləri bu qiyməti sərfəli hesab edib rahatlıqla alıb yeyir, digərləri isə ucuz kababın hazırlandığı ətə şübhəylə yanaşır.
Bəs aşağı qiymət həqiqətən keyfiyyətsiz məhsul deməkdirmi, ətin bahalaşdığı dövrdə 3 manata lülə kabab normal hesab edilə bilərmi?
MÖVZU İLƏ BAĞLI:
Kababla ən yaxşı “gedən” spirtli içki növü AÇIQLANDI
Qida mütəxəssisi Nurlan Şükürov Bizim.Media-ya açıqlamasında bildirdi ki, 3 manatlıq lülə kababın geniş yayılması əsasən onun aşağı qiymətinə görədir. Az büdcəli sakinlər belə yolüstü yeməklərə üstünlük verirlər. Ancaq bu qiymət heç də həmişə kababın keyfiyyətsiz olması demək deyil:
“Böyük ehtimalla bu kabablar daha ucuz növ, idxal ətlərdən hazırlanır. Çox zaman toyuq dərisi, içalat əti ilə qarışdırılır. Üstəlik lüləyə daha çox soğan, çörək qırıntısı əlavə olunduğu üçün qiymətin aşağı olunması təəccüblü deyil. Yəni təmiz ətdən az istifadə olunur. Sadaladıqlarıma diqqət yetirsək, əslində burada orqanizm üçün təhlükəli qatqılar yoxdur, sadəcə aşağı keyfiyyətlidir, hər halda təzə kəsilmiş qoç, quzu ətindən, az qatqılı lülə kababla bir tutmaq olmaz”.
Mütəxəssis diqqətə çatdırdı ki, burda ətin özündən çox, onun saxlanması risk faktorudur:
“Adətən bu cür yolüstü yerlərdə gigiyenik şərait olmur. Düzgün saxlanılmayan qiymə bakteriyalarla çirklənə bilər. Lülə kababın saxlanma temperaturu yüksək olmalıdır, onu adi soyuducularda saxlamaq düzgün deyil, əks təqdirdə zərərli mikroorqanizmlər yarana bilər və istehlak edildikdə mədə-bağırsaq pozuntularına gətirib çıxara bilər”.
Qida mütəxəssisi istənilən halda tərkibi və mənşəyi məlum olan ətdən hazırlanmış, sanitar qaydalara əməl edilmiş məhsullara üstünlük verməyi tövsiyə etdi.
Şəfiqə Şəfa, Bizim.Media


































































































