AMEA-nın əməkdaşının antik yunan fəlsəfəsinə dair kitabı NƏŞR OLUNDU – FOTO

AMEA-nın əməkdaşının antik yunan fəlsəfəsinə dair kitabı NƏŞR OLUNDU – FOTO

Hazırda oxunan: AMEA-nın əməkdaşının antik yunan fəlsəfəsinə dair kitabı NƏŞR OLUNDU – FOTO

620236

Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnstitutunun “Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi” şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Zaur Firidun oğlu Rəşidovun “Antik yunan fəlsəfəsində Sokrataqədərki dövrün tədqiqi: A.O.Makovelskinin əsərləri əsasında” adlı kitabı işıq üzü görüb.

Bizim.Media xəbər verir ki, kitabda Sovet dövrü Azərbaycan fəlsəfəsinin inkişaf mərhələləri, bu dövrdə formalaşan elmi-fəlsəfi mühit və həmin mühitin görkəmli nümayəndələrindən biri olan polyak əsilli fəlsəfə tarixçisi Aleksandr Osipoviç Makovelskinin elmi fəaliyyəti araşdırılıb.

Müəllif qeyd edir ki, Makovelski 1920-ci ildə Kazan Universitetindən Bakıya ezam olunaraq ömrünün sonunadək Azərbaycanda elmi-pedaqoji fəaliyyətlə məşğul olub.

O, müxtəlif ali məktəblərdə ictimai-siyasi təlimlər tarixi, məntiq, psixologiya, etika, estetika və pedaqogika kimi fənlərdən mühazirələr oxuyub, yerli fəlsəfə kadrlarının yetişməsində mühüm rol oynayıb.
 

Makovelski Qərb fəlsəfə tarixi ilə yanaşı, Şərq fəlsəfi fikri, zərdüştilik, XI-XII əsr Azərbaycan fəlsəfəsi, Əbülhəsən Bəhmənyarın fəlsəfi görüşləri və Nizami Gəncəvi yaradıcılığına dair tədqiqatlar da aparıb. Eyni zamanda onun Mirzə Şəfi Vazeh və Mirzə Fətəli Axundzadə haqqında xüsusi tədqiqat əsərləri də mövcuddur.


Kitabda vurğulanır ki, Makovelskinin əsas elmi istiqaməti antik yunan fəlsəfəsində Sokrataqədərki dövrün tədqiqi olub. Onun “Sokrataqədərkilər” trilogiyası, eləcə də “Sofistlər” və “Qədim yunan atomistləri” əsərləri Sovet məkanında antik fəlsəfənin öyrənilməsində mühüm elmi hadisələrdən hesab edilir.

Makovelskinin qədim yunan və latın dillərini mükəmməl bilməsi, ilkin mənbələr üzərində işləməsi və fəlsəfi mətnlərə hermenevtik yanaşması onun tədqiqatlarının bu gün də aktuallığını qoruyub saxlamasına səbəb olub.
 

Kitabda qeyd edilir ki, Makovelskinin Bakı dövründə qələmə aldığı əsərlər təkcə fəlsəfə elminin deyil, ümumilikdə Azərbaycan mədəniyyətinin Sovet məkanında tanıdılması baxımından da mühüm əhəmiyyət daşıyıb.


Qeyd edək ki, “Bəxtiyar-4” nəşriyyatında çap olunan 480 səhifəlik kitabın elmi redaktorları professor, fəlsəfə elmləri doktoru İlham Məmmədzadə və dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Radif Mustafayevdir. Nəşrin rəyçiləri isə professor, fəlsəfə elmləri doktorları Əli Abasov və Əbülhəsən Abbasovdur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO