Sel gəldi, körpülər dağıldı... - Şəkidə güclü yağışların törətdiyi fəsadlar - FOTO

Sel gəldi, körpülər dağıldı... - Şəkidə güclü yağışların törətdiyi fəsadlar - FOTO

Hazırda oxunan: Sel gəldi, körpülər dağıldı... - Şəkidə güclü yağışların törətdiyi fəsadlar - FOTO

615415

Havaların qeyri-sabit keçməsi və güclü leysan yağışları nəticəsində Şəki rayonundan keçən dağ çaylarında suyun səviyyəsi bir neçə dəfə artıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Daşağıl, Küngüt, Zəyzid, Quruçay, Kişçay və Şin çaylarının keçdiyi ərazilərdə güclü leysandan sonra lil qatı yaranıb, çayların daşması nəticəsində ciddi fəsadlar meydana gəlib.

Mütəxəssislər bildirir ki, son on ildə bu qədər güclü leysan yağışı və çaylarda belə lil qatı müşahidə edilməyib. Çayların hövzəsində sahilbərkitmə işlərinin aparılmasına baxmayaraq, coşqun sel suları bəzi torpaq bəndlərin yuyulmasına səbəb olub.

Sel rayonun infrastrukturuna ciddi ziyan vurub:

Baş Küngüt kəndi: Kəndin ortasından keçən çaya gələn sel körpünü yuyub aparıb.

Zəyzidçay ərazisi: Sel suları bu istiqamətdə 3 ötürücü körpünü dağıdıb.

Cunud və Baş Şabalıd kəndləri: Çayların daşması nəticəsində kəndlərin əsas yollarındakı keçid körpüləri tamamilə yararsız vəziyyətə düşüb.

Rayon mərkəzindən ucqarda yerləşən Cunud kəndinin yolu son bir həftədə artıq ikinci dəfədir ki, dağılaraq bağlanır. Sakinlər hər dəfə dağlara yağış yağan kimi eyni çıxılmaz vəziyyətlə qarşılaşdıqlarını bildirirlər.

Eyni acınacaqlı hal Baş Şabalıd kəndində də yaşanır. Dağlarla əhatə olunmuş kəndin qarşısından keçən Quruçay əsas yolu tamamilə sıradan çıxarıb. Bu səbəbdən sakinlərin qonşu kəndlərlə və rayon mərkəzi ilə əlaqəsi kəsilib.

Rayonun müvafiq idarə və təşkilatları hadisə yerindədirlər.

Güclü sel sularına görə hələlik yalnız ağır texnikalardan istifadə edilməklə sakinlərin müvəqqəti keçidi təmin olunur. Sel çəkildikdən və suyun səviyyəsi azaldıqdan sonra Baş Şabalıd kəndinə gedən yolun üzərindəki keçid körpüsünün bərpasına başlanılacaq.

Həyata keçirilən qabaqlayıcı tədbirlər sırasında ən vaciblərindən biri Şin çayı hövzəsində, xüsusən “Kilsəburun” deyilən ərazidə daşqınların qarşısının alınmasıdır. Bu ərazidə fəsadların yaranmaması üçün növbəli iş rejimi təşkil olunub, bir neçə ağır texnika çaylarda məcratənzimləmə işləri həyata keçirir.

Mütəxəssislərin sözlərinə görə, bu nöqtənin nəzarətdə saxlanılması Şəkinin beş yaşayış məntəqəsinin və yüzlərlə hektar əkin sahəsinin sel sularından mühafizəsi deməkdir.

Rayon Fövqəladə Hallar Komissiyasından verilən son məlumata görə, ötən günə nisbətən çaylarda suyun səviyyəsində azalma müşahidə edilir və bu da təhlükəni qismən azaldıb. Buna baxmayaraq, hava şəraiti nəzərə alınaraq çaylar tam nəzarətdə saxlanılır, fəsadların aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.


















Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO