Əmək Məcəlləsinə görə, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizə ilə xəbərdar etməklə əmək müqaviləsinə xitam verə bilər. Ərizə verildiyi gündən bir ay keçdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Lakin bu, heç də bütün hallara şamil olunmur.
Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, seksual qısnamaya məruz qaldıqda ərizəsində göstərdiyi gün əmək müqaviləsinə xitam verilə bilər.
Bundan başqa, işçinin digər işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı razılıq olduqda da ərizəsində göstərdiyi gün əmək müqaviləsinə xitam verilə bilər.
Eyni zamanda, işdən çıxmaqla bağlı ərizə vermiş şəxs ərazəsini geri götürə bilər. Belə ki, əmək müqaviləsinə xitam vermək barədə ərizə vermiş və ərizəsində xitam verilmə gününü göstərməyən işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsinə xitam verilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun.
Burada onu vurğulamaq lazımdır ki, əmək müqaviləsinə bu qaydada xitam verildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətinin hüquqi qüvvəsi yoxdur. Öz növbəsində işçi ərizəsində müqaviləni dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək əmək müqaviləsinə xitam verilməsinə yol verilmir.
Qanunvericiliyə görə, işçi ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinə xitam verilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək əmək müqaviləsinə xitam verilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı müraciət də edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir.
Qanunvericiliyə görə, işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçini əmək müqaviləsinə xitam verməyə məcbur etmək qadağandır.
Bizim.Media





































































































