Günümüzdə fiziki şəxslərdən tutmuş, şirkətlərarası əməkdaşlıqlara qədər bir sıra münasibətlər müqavilələrlə tənzimlənir. Rəsmi şəkildə bağlanmış müqavilələr bir qayda olaraq hüquqi sənəd hesab edilir.
Bəs bütün müqavilələrin notarial qaydada təsqiq olunmalıdrmı?
Məsələyə aydınlıq gətirən hüquqşünas Ruslan Mustafayev Bizim.Media-ya bildirib ki, qanunvericiliyin tələbinə əsasən müəyyən müqavilələr var ki, onlar mütləq şəkildə yazılı formada bağlanmalıdır:
“Yazılı formada olan müqavilələrin müəyyən hissəsi də notarial qaydada bağlanmalıdır. Nəzərə alaq ki, notarial qaydada bağlanan müqavilələr üzrə mübahisələr daha az olur. Bu səbəbdən də notarial qaydada bağlanan müqavilələr daha etibarlı və mötəbər sayılır.
Qanunvericiliyin tələbinə görə müəyyən məbləğdən yuxarı olan borc müqavilələri yazılı formada bağlanmalıdır.
Həmin müqavilələrin notarial qaydada bağlanmasıyla bağlı qanunvericilikdə hər hansı bir tələb yoxdur. Amma müqavilənin daha mötəbər olması üçün tərəflər notarial qaydada təsdiq olmasına maraq göstərirlər.
Bununla belə bəzi müqavilələrin notarial qaydada bağlanması vacibdir. Məsələn mənzilin bağışlanma müqaviləsi hökmən notarial qaydada bağlanmalıdır. Yalnız belə müqavilələr Dövlət Reyestri tərəfindən tanınır və mənzilin bağışlandığı şəxsin adına yeni çıxarış verilir”.
Surxay Atakişiyev, Bizim.Media































































































