Məşhur “Tarqovı” küçəsi Bakının bir hissəsi olsa da, əslində paytaxtın daxilində özünəməxsus mədəniyyəti olan ayrıca bir şəhərdir. Bahalı brend mağazaları, lüks restoranları olan bu ticarət küçəsi həm də təqdimat məkanıdır. Bakıda yaşayan, qonaq gələn, yeni geyimini, tərzini nümayiş etdirən, əylənən... hər kəs bu küçədədir. Başqa sözlə, “Tarqovı” açıq səma alttında, girişi sərbəst olan teatrdır: oynayan da, tamaşa edən də burdan keçir.

Rəsmi adı “Nizami” küçəsi olan bu ərazinin adı tarixən dəfələrlə dəyişib. Bu dəyişikliklərin bəziləri sənədlərdə, bəziləri isə dillərdə dolaşıb.
1860-cı ildə bura Kolyubakin meydanı adlanıb. Şəhər qubernatoru Kolyubakin qala divarlarından kənarda qalan ərazilərin abadlaşdırılması əmrini verəndən sonra meydanı onun şərəfinə adlandırıblar. Çünki ona qədər qala divarlarından kənardakı bu ərazi boş düzənlik idi.
1859-cu il Şamaxı zəlzələsindən sonra Bakıya axın başlayır.

Şəhər təcili genişləndirilməliydi. Elə meydanın planlaşdırılması da əslən Şamaxıdan olan memar Qasım bəy Hacıbababəyova tapşırılıb. Buna qədər Şamaxının da baş planını o hazırlamışdı. O, əslində meydanı “Günəşli” adlandırmaq istəmişdi. Onun planı üzrə meydan yarımdairəvi idi, yeni tikilən küçələr isə ondan müxtəlif istiqamətlərə ayrılaraq, yuxarıdan baxanda günəş şüalarını əmələ gətirirdi.
Amma qubernatorun əlaltıları buna inkan verməsələr də, memar 1900-cü ildə nəhayət seçdiyi adı meydana verdirə bilir. Meydan “Solneçnıy” (Günəşli) adlandırıldı, amma planına görə yox, sadəcə burada günəşdən gizlənməyə yer olmadığı üçün, çünki su probleminə görə ağac əkmək olmurdu. Lakin qısa müddətdən sonra o zamanın mətbuatında meydanı İmperator və ya Aleksandr bağı da adlandırılırdı.

1910-cu ildə Şollar su kəmərinin inşasından sonra burda bağ salındı.
Bura artıq şəhərin gözü idi. Bahalı mağazalar, restoranlar, topdansatış ticarət məntəqələri, fotoatelyelərə görə bura xalq arasında “Tarqovı” adlandırılmağa başladı.
1920-ci ildə, yəni inqilabdan sonra adı dəyişdirilərək Karl Marksın şərəfinə adlandırıldı. Artıq burada komsomol və pioner tədbirləri, teatrların açıq havada tamaşaları və siyasi çıxışlar təşkil olunurdu. Bu dəfə isə xalq arasında yeni ad formalaşdı, bakılılar bura “Meyvəsiz bağ” deyirdilər. Çar dövrünün bahalı atelyelər, mağazalar və bahalı restoranlar bağlandı və aşağı keyfiyyətli ucuz analoqları ilə əvəz olundu. Burada kobud görünüşlü sovet yeməkxanaları və pivəxanaları, bir də standart sovet geyimlərini təqdim edən Məişət Evi yarandı.

Yalnız 50-ci illərdə memar İvan Tixomirov meydanın geniş miqyaslı yenidən planlanmasına başladı. Bu dəfə meydanı fəvvarələr bəzədi. Bakının və qonaqlarının ən sevimli məkanına çevrildi. Ta yeni əsrə qədər... 2009-2010-cu illərdə meydan yenidən təmir olundu, fəvvarələr götürülüb, ərazi genişləndirildi. İndi küçə baş hissəsində heykəlinin ucaldığı dahi Nizami Gəncəvinin adını daşıyır, amma xalqın dilində elə “Tarqovı” olaraq da daşlaşaraq qalıb.

Şəfiqə Şəfa, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:00 / 18.04.2026
“Tarqovı”nı tikən şamaxılılar - Əmri kimdən almışdılar? – Bir küçənin HEKAYƏSİ – FOTO
Hazırda oxunan: “Tarqovı”nı tikən şamaxılılar - Əmri kimdən almışdılar? – Bir küçənin HEKAYƏSİ – FOTO
Hazırda oxunan: “Tarqovı”nı tikən şamaxılılar - Əmri kimdən almışdılar? – Bir küçənin HEKAYƏSİ – FOTO
607833
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































