“Hökumət sahib çıxsaydı, qoca vaxtımda burda nə gəzirdim?”

“Hökumət sahib çıxsaydı, qoca vaxtımda burda nə gəzirdim?”

Hazırda oxunan: “Hökumət sahib çıxsaydı, qoca vaxtımda burda nə gəzirdim?”

44458

Moderator.az ötən həftəsonu Naxçıvandakı işsizliyin miqyasını göstərəcək bir yazıyla çıxış edərək Vasif Talıbovun yaxınlarına məxsus “Gəmiqaya Holdinq”ə məxsus çoxsaylı iş yerlərinin ixtisara düşdüyünü vurğulamışdı.

 Tanınmış jurnalist və bir müddət öncə bir layihə çərçivəsində Türkiyənin İqdır bölgəsindən ürəkgöynədən material hazırlayan Elman Abbasov ordakı naxçıvanlıların və Azərbaycanın digər bölgələrindən olan insanların bir parça çörək üçün baş götürüb milyardlar ölkəsindən qaçma səbəblərini xırdalamağa çalışmışdı. Həmin yazını Moderator.az-ın oxucularına təqdim edirik və əminik ki, hamınız çox böyük təəssüf və qəzəblə bu yazını oxuyub köks ötürəcəksiniz...

(Əvvəli saytın 12 aprel 11.24 bölümündə)...Səhər erkəndən məsçidin önündə yaşlı qadınlar sıraya düzülüb dilənirlər. Onlardan birinə - 60 yaşlarında görünən qadına yaxınlaşıram. Ovcuna pul qoyduqdan sonra danışdırmağa başlayıram...

 

Azərbaycanlıdır. Üstəlik, işğal olunmuş torpaqlarımızdan məcburi köçkün düşüb. Hazırda Gəncədə yaşayır. 13 yaşlı nəvəsilə vaxtaşırı buraya gəlib dilənirlər. Elə bununla da yaşamlarını sürdürürlər. Bir qədər söhbətdən sonra sorğu-sualımın səbəbini öyrənir və dərhal yaşmaqlanıb sifətini gizlədir, çıxıb getməyimi xahiş edir.

 

Digər qadına yaxınlaşıram. O daha yaşlı görünür. Çəliklə gəzir. Deyir ki, şuşalıdır, onun da taleyinə köçkünlük düşüb. Üç şəhid verib. Övladının birinin ayağı xəstədir, yeriyə bilmir, müalicəsi üçün pul lazımdır. Ona baxmaq üçün buraya gəlməyə, dilənməyə məcburdur. 5 ildir buraya gəlib-gedir.

 

"Yurdumuzdan, yuvamızdan didərgin düşmüşük. Bizimlə maraqlanan yoxdur. Nə etməliyəm? Hökumət sahib çıxsaydı qoca vaxtımda burada nə gəzirdim? " - yaşlı qadın sual edir.

 

Ən kasıb təbəqənin nümayəndələri İqdırda ağır əmək sayəsində bir qarın çörək pulu qazanmağa çalışsalar da, nisbətən imkanı yerində olanlar İstanbul və Türkiyənin digər şəhərlərinə üz tuturlar. Amma onların da həyatı çətinliklərlə doludur. Nahid Seyidov kimi. O, 1996-cı ilin əvvəlində siyasi təqiblər üzündən Muxtar Respublikanı tərk edib. İndi İstanbulda miqrant həyatı yaşayır.

 

"Aylarla pulsuzluq ucbatından parklarda skamyaların üstündə yatdım, Gölməçələrdən su içdim. Elə olub ki, bir sutka ərzində bir parça quru çörək tapıb yemişəm. Çox acılar çəkdim..."

 

Milyardlar ölkəsinin dilənçi övladlarından olan Seyidov deyir ki, sonradan dostlarının, tanışlarının köməkliyilə İstanbulda iş tapa bilib. Hətta kiçik biznes qurub, yaxşı da pul qazanıb. Geriyə qayıda bilmədiyi üçün ailəsindən uzun müddət ayrı düşməsi səbəbindən boşanıblar. Bir neçə il sonra orada miqrant həyatı yaşayan bir rumıniyalı qadınla evlənib və ikinci evlilikdən bir övladı olub. İndi onun 13 yaşı var. Hər ikisi miqrant olduğu üçün uşaq sənədsiz böyüyür və heç bir təhsil ala bilmir. 2010-cu ildə isə qeyri-qanuni miqrant kimi polisin əlinə keçir və onu Ukraynaya deportasiya edirlər. Bir neçə gündən sonra çətinliklə Azərbaycana qayıdır. Burada heç bir iş görə bilmir. 15 min manat xərc çəkərək sənədlərini düzəldir. Az müddət sonra yenidən Türkiyəyə qayıdır. Amma əvvəlki işini artıq qura bilmir və hazırda 40 min ABŞ dolları dəyərində borcu var.

 

İki övladı olan Yaşar Cəfərov isə işsizlik, ehtiyac, ailəsini dolandıra bilməməsi səbəbindən 1998-ci ildə Muxtar Respublikanı tərk edərək Türkiyəyə çörək dalınca gəlib. Müxalifətdə olan siyasi partiyalardan birinin üzvü olduğu üçün heç bir yerdə ona iş verməyiblər və təqib olunub. İllərlə işsiz qalıb. Hazırda İstanbulda miqrant həyatı yaşayır. Artıq bu şəhərə uyğunlaşıb. Çətinlikləri arxada qalıb. Ətrafdakı insanların etimadını qazanıb. Ticarətlə məşğul olur. Başlıca problemi ailəsindən uzaq düşməsidir.

 

"Vətən üçün darıxıram. Oğlum yanımdadır. Həyat yoldaşım və qızım Naxçıvanda qalıblar. İllərlə görüşə bilmirik. Burda qeyri-qanuni yaşadığım üçün sərhədi keçib Naxçıvana qayıtsam Türkiyə qanunlarına uyğun olaraq cərimə olunacam və bir neçə il bu ölkəyə girişimə qadağa qoyulacaq. Bu səbəbdən evə dönə bilmirəm. Ara-sıra ailəm yanıma gəlir. Onlardan ayrı düşməyim məni narahat edir, əzab verir..."

 

Qohumlarının çoxu Türkiyədə miqrant həyatı yaşayan Şərur rayon sakini, ali təhsilli Qulu İbrahimovsa deyir ki, 2000-ci ildən 2008-ci ilə qədər o, özü də Türkiyədə miqrant həyatı yaşayıb. Günlərin birində polisə yaxalanıb və deportasiya olunub. İndi üzərində cərimə və qadağa olduğu üçün Türkiyəyə gedə bilmir.

 

"Heç kim Türkiyəyə kefindən getmir. Ehtiyac məcbur edir. İnanmayanlar gedib İstanbulda, İqdırda, Türkiyənin başqa şəhərlərində qul bazarlarına baxa bilərlər. Orada milyonçu ölkənin minlərlə dilənçi balalarını görəcəklər".

 

Qulu İbrahimovun bibisi oğlu Qarabağ əlili olub. Bir neçə il əvvəl vəfat etdikdən sonra onun ailəsi imkansızlıq üzündən Türkiyəyə iş dalınca getməli olub: "Bir Qarabağ əlilinin həyat yoldaşı, oğlu, qızı gedib yad ölkədə nökərçilik edirsə, nə yazıq bu respublikanın başında duranlara!"

 

Türkiyədə yaşayan naxçıvanlı uşaqlar və gənclər təhsildən kənarda qalırlar. Səhər erkən valideynlər övladlarını məktəbə yox, işə göndərirlər. Şərur rayon sakini Nazim Mahmudov deyir ki, ailədə 2 qardaş 5 bacı olublar. İndi qardaşı və bacıları hamısı ailələri ilə birlikdə İstanbulda işləyirlər. O isə qoca anasını tək qoymamaq üçün respublikanı tərk edə bilməyib. İşsizdir. Türkiyədə olan bacı-qardaşlarının köməkliyilə xəstə anasına və ailəsinə çətinliklə baxa bilir. Təkcə onların ailəsindən 11 nəfər uşaq İstanbulda doğulub və onlar hamısı sənədsiz yaşayırlar. Məktəbə gedə bilmirlər. Yazıb oxumağı belə bacarmırlar.

 

Təkcə Mahmudovlar deyil, onların yaşadığı kənddən 200-300 ailə işsizlik, dolanışıq ucbatından Türkiyəyə köçüb. Onların çoxu zirzəmilərdə, ağır şəraitdə işləyirlər. Heç bir sosial haqları yoxdur. Xəstələnəndə həkimə gedə bilmirlər. Daima polisə yaxalanmaq və deportasiya olunmaq qorxusu ilə yaşayırlar.

Rəsmi dövlət mətubutında isə əksinə, Muxtar Respublikada yeni iş yerlərinin açılması, Naxçıvan şəhərində və rayonlarda yüzlərlə insanın işlə təmin olunması, bu il işləmək üçün xaricdən gələn miqrantların sayının artığı qeyd olunur.

Naxçıvam MR Ali Məclisin orqanı olan "Şərq qapısı" qəzetinin 16 avqust 2012-ci il tarixli sayında Naxçıvan MR Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq İdarəsinin rəisi Sevindik Vəliyevin açıqlamasına görə, bu il məşğulluq mərkəzləri tərəfindən 2004 nəfər iş axtaran qeydiyyata alındığı və onlardan 1553-nün özəl və dövlət strukturlarında daimi işlə təmin olunduğu bildirilir. Həmçinin qəzetin 17 avqust tarixli sayında isə 2003-cü il oktyabr ayının 1-dən 1-iyul 2012-ci il tarixədək Muxtar Respublikada 55 min 957 yeni iş yerinin yaradılması, bu iş yerlərindən 39 min769-nun daimi iş yeri olduğu haqda açıqlama verilib. O, cümlədən 2012-ci ilin ilk yarım ilində 6917 yeni iş yerinin açıldığı göstərilib.

Naxçıvan MR Ədliyə Nazirliyindən isə www.civil-forum.az saytının müxbirinə Türkiyə ərazisində doğulan uşaqlara sənəd verilməsi ilə bağlı müraciətlər olunduğu təsdiqlənsə də, onların sayı haqda məlumat verilməyib:

"Son vaxtlar bu cür müraciətlər olur. Uşaqların doğumu haqda xəstəxana arayışı olursa, biz onların sənəd almasına köməklik edirik", - deyə nazirlikdən bildirilib.

"Bu insanların vəziyyəti o qədər ağırdır ki, onlar özlərilə birgə azyaşlı övladlarını da işlətməyə məcburdurlar. Biz ən ağır işlərdə işləyə bilərik, təki uşaqlar təhsildən geri qalmasın. Bizim gəncliyimiz məhv olur. Bu gedişlə Naxçıvanda indən belə mirzə cəlillər, ordubadilər, cavidlər, kəngərlilər yetişməyəcək! Niyə bu acınacaqlı durum kimsəni narahat eləmir?!" - Qulu İbrahimov sual edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO