Plüralizmi şərtləndirən 3 ƏSAS AMİL – Fikir, söz və mətbuat AZADLIĞI

Hazırda oxunan: Plüralizmi şərtləndirən 3 ƏSAS AMİL – Fikir, söz və mətbuat AZADLIĞI

29460

Tolerantlıq plüralizmin bir şərtidir, yəni tolerant olmayan plüralizm yalançı, saxta plüralizmdir. Bunların arasında fərq ondan ibarətdir ki, tolerantlıq dəyərlərə hörmət edir, plüralizm isə fərqli dəyərlərin mövcudluğunu təsdiq edir. Çünki plüralizm fərqlərin və müxtəlif mövqelərin şəxsləri, siyasətləri və cəmiyyətləri zənginləşdirən dəyərlər kimi qiymətləndirir.

Sadalanan məqamları sezəndə Azərbaycandakı mövcud vəziyyət göz önünə gəlir. Çünki dünyanın ən demokratik ölkələri tolerantlıq və plüralizmin mərkəzi sayılsalar da, əslində orada vəziyyət tam başqadır. Yəni ABŞ və Avropa belə müsbət meyarların təbliğatçıları olsalar da, Azərbaycana qiptə edirlər. 
 

MÖVZU İLƏ BAĞLI:

Erməni cinayətlərini dağıdan HADRUT YUMRUĞU – 44 günlük savaş barədə 44 cümlə...


Çünki...

Çünki Azərbaycanda milliyyət, din və irqindən, siyasi baxış bucağından asılı olmayaraq bütün vətəndaşlar bərabər hüquqlara malikdir. Hətta demək olar ki, milli, dini və irqi azlıqlar dövlət tərəfindən daha çox mühafizə olunur ki, onlar da özünü tam azərbaycanlı saysın və dövlətin inkişafında iştirakda fəal olsunlar. Əbəs yerə deyil ki, Azərbaycanda hətta məmur adlarında qarışıq soyadlara rast gəlmək olur, ciddi idarələrdə müxtəlif millətdən olan vətəndaşlar çalışırlar. Bir şey ki, ölkədə qaradərililər yerli əhalisi olmasa da, sırf təhsil, iş üçün Azərbaycana gəlsələr də, onları teleaparıcı, aktyor, futbolçu, menecer, tərcüməçi və s. vəzifələrdə görmək mümkündür. Bu özəlliklərə monqoloid irqinə mənsub olanlar da daxildir.
 

Vaxt var idi, Azərbaycanda azad bazar pluslarına görə ətir, üzqırxan kimi ucuz ləvazimat satan koreyalılar, çinlilər indi bahalı obyekt sahibləridir və dövlətin sahibkaralara, biznesin inkişafına dəstəyindən azərbaycanlılar qədər yararlanırlar. 


Güzgünün tərs yanı da var...

Azərbaycan kimi aynaya baxıb özlərini xöşbəxt görənlər artıq Amerika arzusuna inanmırlar. Çünki həmin Birləşmiş Ştatlarda zəncilərə müxtəlif təzyiqlər göstərilir, ağdərili polislər günahsız yerə neqroid irqinin nümayəndələrinə xəsarət yetirir, onları qətlə yetirirlər. Ağ Ev hindu adlandırdıqları köklü amerikanlara da aman vermir. Onların adlarını silahlara versələr də, özlərini elə həmin sursatlarla soyqırıma məruz qoyurlar. Bir hindu adlanan soylu amerikanlının vəzifəyə gətirildiyini kimsə eşitməyib. Sadəcə, Vaşinqton Barak Obama ilə özlərinə irqi ayrı-seçkilik olmadığının xallarını qazandırmağa çalışıblar. Əslində isə çox adam onun hakimiyyətində Klinton-Buş təsirini görə bilirdi. Bununla yanaşı, ABŞ siyasi arenası öz aralarında da plüralizmdən uzaqdır. Nümunə kimi Donald Trampın hətta sosial şəbəkə fəaliyyətlərinin məhdudlaşdırılmasını göstərmək olar. 

Demokratiya ilə öyünməyən bəzi güclü dövlətlər də milli və dini ayrı-seçkiliklərə görə digər xalqları qırğına sürükləyir. Çinin uyğur məsələsi buna sübutdur. 

Güzgünün o biri tərs yanı da Avropadadır. Demokratiya və tolerantlıqla öyünənlər Almaniyanın timsalında yəhudilərə qan uddurublar. Musəvi qırğınından sonra faşizmi qınayanlar indi də müsəlmanları sıxma-boğmaya salıblar.
 

Avropadakı niqab qadağaları, Makronun islamafob bəyanatları, anti-müsəlman siyasəti Fransanın “tolerantlıq maska”sını yırtan səbəblərdəndir. 


“Azərbaycan güclü demokratik təsisatlara malik olan ölkədir”

Həqiqətən də, Prezident İlham Əliyevin bu sözlərini tam dərinliyi ilə anlamaq üçün yuxarıda sadalanan dəlillərə və başqa nümunələrə nəzər yetirmək kifayətdir.

Ölkə başçısı demişkən, bizim ən böyük nailiyyətlərimizdən biri medianın və mətbuatın azadlığıdır:

“Bütövlükdə, söz və informasiya azadlığı hər bir ölkə üçün, ölkənin inkişafı üçün ən vacib olan məsələlərdən biridir. Söz və informasiya azadlığı, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması Azərbaycanda çox vacib olan məsələlərdir. Mən hesab edirəm ki, bu sahədə ölkəmiz çox böyük və uğurlu yol keçmişdir.”

Əlbəttə ki, tolerantlıq və plüralizm kimi dəyərlərin yaranması və qorunması üçün fikir, söz və məlumat azadlığının əhəmiyyəti böyükdür. Bu səbəbdən də, Azərbaycan qanunvericiliyində söz və mətbuat azadlığı elə mükəmməl əksini tapıb ki, KİV haqqında qanun nəinki MDB məkanında, hətta Avropada ən yaxşı qanunlardan biri sayılır. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsində “Məlumat azadlığı” bölümündə göstərilir ki, hər kəsin istədiyi məlumatı qanuni yolla əldə etmək, ötürmək, yaymaq azadlığı vardır.
 

Kütləvi informasiya vasitələrinin azadlığına təminat verilir, kütləvi informasiya vasitələrində, o cümlədən, mətbuatda dövlət senzurası qadağandır. 


Bu da mətbuat sahəsində köklü islahatlara başlamağa imkan verirdi.

Ulu Öndərin “Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” 1998-ci il 6 avqust tarixli Fərmanı cəmiyyətdə güclü reaksiya doğurdu. Heydər Əliyev keçid dövrünün doğura biləcəyi problemləri əvvəlcədən görürdü. Müşavirələrin birində ümumilli lider məmurlara dedi: “Görürsünüz, məndən də yazırlar. Amma mən heç kimi məhkəməyə vermirəm”.  İki il sonra Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi. 2002-ci ildə “Kütləvi informasiya vasitələri haqqında” Qanuna bir sıra dəyişikliklər və əlavələr olundu. Bununla da mətbu nəşrlərin dövlət qeydiyyatı ilə bağlı icazə aradan qaldırıldı. Artıq qəzet buraxmaq üçün bir ərizə kifayət edirdi.

Medianın İnkişafı Agentliyinə gedən yol...

2003-cü ildə Azərbaycan Jurnalistlərinin birinci qurultayında Mətbuat Şurasının yaradılması ilə mətbuatın özünütənzimləmə metoduna başlanıldı. 2003-cü ildən başlayaraq Azərbaycanı dinamik inkişaf mərhələsinə çıxaran Prezident İlham Əliyev söz və mətbuat azadlığının genişləndirilməsi istiqamətində analoqu olmayan addımlar atır. Dünyanın heç bir yerində dövlət mətbuata birbaşa yardım etmir, yaxud hansısa qəzetin nəşriyyata borcunu ödəmir.
 

Bunu bəlkə də ilk dəfə Azərbaycan dövləti etdi. Prezidentin 2006-cı ilin fevralında imzaladığı Sərəncama əsasən, qəzetlərin nəşriyyata yaranmış borclarının ödənməsini dövlət öz üzərinə götürdü.


Sonrakı illərdə Prezident İlham Əliyev KİV-ə birdəfəlik maddi yardım göstərilməsinə qərar verdi, medianın inkişafında dövlət dəstəyi konsepsiyası müəyyənləşdirildi.

2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradıldı. 2021-ci il yanvarın 12-də Azərbaycandakı söz, fikir və mətbuat azadlığı daha bir tarixi hadisə ilə qarşılaşdı. Belə ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi” təsdiq edilib.
 

Yarımillik fəaliyyəti ərzində Medianın İnkişafı Agentliyi jurnalistlərin rəğbətini qazanmağı bacardı.


Buna səbəb, müxtəlif mətbuat orqanlarına maliyyə yardımından əlavə, vaxtaşırı keçirilən yazı müsabiqələri və konkursların obyektiv qiymətləndirilməsidir. Hər halda innovativ bütün layihələr Azərbaycanın müasir jurnalistikasının qlobal media ilə rəqabətinə stimul verən şərtlərdən biridir.

Onu da yaddan çıxartmayaq ki, jurnalistləri mənzillə təmin edən yeganə ölkə Azərbaycandır. 

Anar Rəhimov, Bizim.Media 

Qeyd: Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO