31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi xa0Günü və Yeni il münasibəti ilə rayona səfərimiz zamanı aprel döyüşlərində şəhid olan hərbçimiz MAXE Dəmirli Hüseyn Zeynal oğlunun ailəsinə baş çəkdik. Şəhidimizin atası bir ay öncədən bizimlə telefon əlaqəsi saxlayaraq, rayona gəldiyimiz zaman onunla xa0görüşməyimizi xahiş etmişdi. İkinci dəfə idi ki, şəhidimizin ailəsində qonaq olurduq. xa0Xatırladaq ki, ailənin əkiz övladları olan Hüseyn və Kamran 1993-cü ildə anadan olublar. Ailədə bir bacı və dörd qardaşdırlar. Hüseyn aprel döyüşlərində şəhid olub, Kamran isə Azərbaycan Dövlət Neft Sənaye Universitetində təhsil alıb. 2017-ci ildə Kamranın təhsil haqqının bağışlanması üçün birbaşa vasitəçi olduq və o, beş illik təhsil haqqından rektor Mustafa Babanlı tərəfindən azad edildi. Hazırda, Kamran Biləsuvar sərhəd-keçid məntəqəsində işləyir.xa0
Şəhid ailəsinin evinə aprel döyüşlərində Hüseynlə birlikdə döyüşərək yaralanan Baş-gizir Elşən Əzimov və qardaşım Tural Əlihüseynovla getdik. xa0Bizi şəhidimizin atası Zeynal bəy və anası Təranə xanım qarşıladı. Şəhid anası bayram günündə onlara baş çəkdiyimiz üçün minnətdarlıq etdi:
xa0
xa0“Oğlum, xoş gəlmişsiniz. Sizin Kamranın təhsil haqqı məsələsindəki köməyinizi heç vaxt unuda bilmərik. Həmişə Kamrana deyirəm ki, zəng vurub sizi bizə qonaq çağırsın”.xa0
Şəhid anası biləndə ki, Elşən aprel döyüşlərində oğlu Hüseynlə birlikdə yaralanıb, gözləri doldu:xa0
“Elşən, heç Hüseynin son nəfəsdə nəsə dediyini eşitmədinmi?”xa0
Elşən bildirdi ki, onlar ayrı-ayrı ərazilərdə eyni vaxtda yaralanıblar:xa0
“Təranə xanım, yarım saat öncə Lələ təpədə Hüseyngil şəhid oldular və sonra mən yaralandım. Ondan sonra heç nə xatırlamıram. Bir də gözlərimi açanda gördüm ki, hospitaldayam”.
xa0Şəhid anası deyir ki, artıq bayramlarda heç nə bişirmir: “Hüseyn həmişə bayramlarda zəng vurub evə nə lazım olduğunu soruşurdu. Nə lazım olurdusa, hər şeyi alıb göndərirdi. Gəlinim yoxdu deyə, evdə olanda mənə kömək edirdi. Ondan sonra hər şey yarımçıqdı”.
xa0Şəhidimizin atası Zeynal kişi də oğlundan sonra yaşamağa çalışdığını bildirdi:xa0
“Nə etsəm, yadımdan çıxmır. Ən şirin məqamlarda belə Hüseyn yadıma düşür, fikirli oluram. 2016-cı il aprel döyüşləri zamanı xəbər tutdum ki, Hüseyn döyüşdədir. Kürəkənim də zabitdir və o da döyüşürdü. Oğlum Rəsul da Tovuzda hərbi xidmətdə idi. Nəsə olacağını sanki hiss etmişdim. Aprelin 3-də özümü yaxşı hiss etmirdim, narahat idim. Aprelin 4-də xəbər gəldi ki, Hüseyn şəhid olub. Hazırda oğlum Rəsul da hərbi xidmətdə əsgərdir. Allah şəhid ailələrimizə səbr versin”.xa0
Xatırladaq ki, aprel döyüşləri zamanı Biləsuvar rayonundan üç hərbçimiz MAXE Murad Məmmədov, MAXE Hüseyn Dəmirli və əsgər Fərahim Novruzov şəhid olub. Hər üç hərbçimiz ölkə başçısı tərəfindən “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medalı ilə təltif olunublar.xa0
Sonda şəhidimizin ailəsinə başsağlığı verib, getmək üçün izn istədik. Allah cəmi şəhidlərimizə rəhmət eləsin!xa0
Vasif Əlihüseyn






































































































