Qusarda rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı qeyd olunub.
Bizim.Media xəbər verir ki, əvvəlcə rayon rəhbərliyi və rabitə işçiləri Ulu öndər Heydər Əliyevin Qusar şəhərindəki abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.
Qusar rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov bu gün münasibətilə rayon telekommunikasiya qovşağında olub. Qusar rabitəçilərini 143 illik tarixi olan peşə bayramı münasibəti ilə təbrik edən icra başçısı onların qayğı və problemləri ilə maraqlanıb, hər birinə uğurlar arzulayıb.
Qusar rayon telekommunikasiya qovşağının rəisi Fərhad Pirmətov məlumat verib ki, rayonda 87 yaşayış məntəqəsində, bir nümayəndəlik istisna olmaqla, müasir GPON xidməti tətbiq olunub.
Onun sözlərinə görə, rayonun Quturğan, Qənərçay və Sudur kəndlərinin daxil olduğu Sudur icra nümayəndəliyinin ərazisinə GPON xəttinin çəkilməsi isə 2025-ci ildə planlaşdırılır.
Daha sonra Sahir Məmmədxanov xidmətdə fərqlənən bir qrup əməkdaşa İcra Hakimiyyətinin Fəxri Fərmanını təqdim edib.
Məlumat üçün bildirək ki, Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı 2 dekabr 2006-cı ildən bəri qeyd olunur.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu