Özünə məşuqə axtaran rəhbərlər – Zorakılıq FAKTLARI

Hazırda oxunan: Özünə məşuqə axtaran rəhbərlər – Zorakılıq FAKTLARI

18694

Ölkə gündəmini zəbt edən məlum videodan sonra katibə-müdir münasibətləri gündəmə gəlib. Xarici ekspertlərin apardıqları sorğunun nəticəsinə görə, dünya əhalisinin 50-60 % insanları (bura həm qadın, həm də kişilər daxildir) mütəmadi olaraq iş yerlərində qısnama və cinsi zorakılığa məruz qalır.

Azərbaycanda da bu vəziyyət ürəkaçan deyil, desək yanılmarıq. Son zamanlar iş elanlarına nəzər saldıqda, özümüz də bunun şahidi ola bilərik. 

Məsələnin aktuallığını nəzərə alaraq, bu barədə kiçik araşdırma apardıq. Bu zaman iş elanlarında xüsusi olaraq bir məqam nəzərimizi cəlb edir. Elanlara nəzər saldıqda çox sayda iş sahiblərinin məhz  katibə və ofis meneceri axtarışında olduğunun şahidi oluruq.


 

MÖVZU İLƏ BAĞLI:

Hüseynbala Mirələmovun görüntüsünü yayanı 3 il həbs gözləyir – VƏKİL


Sözsüz ki, burada qeyri-adi bir məsələ yoxdur. Lakin elanlarla yaxından tanış olub, lazım olan işçi kriteriyalarına fikir versək, şirkətlərin, iş adamlarının işçi deyil, sanki məşuqə axtardığı təəssüratı yaradır.

Qeyd edək ki, bu kriteriyalarda axtarılan insanların demək olar ki, əksəriyyəti  qadın və 30 yaşa qədər axtarılan işçilərdir. Adi satıcı axtaran şirkətlər əsasən lüks mağazalar belə 30 yaşa qədər qadınlara üstünlük verildiyini qeyd edir. Bundan başqa mütləq şəkildə qadının xarici görünüşünün də yaraşıqlı olması da elanda yazılır.

Bu kriteriyaları Azərbaycan iş bazarında niyə və kim tərəifdən müəyyən edilməsi hamı üçün maraqlıdır. 

Şirkətlərin birində İnsan qaynaqları üzrə menecer çalışan Aynur İlyasova bildirir ki, tələb olunan işçinin hansı göstəricilərə uyğun olması müdiriyyət tərəfindən müəyyən edilir. Bunun kadrlar şöbəsinə heç bir aidiyyatı yoxdur.  

Şöbə müduriyyətdən gələn tələblərə uyğun olaraq, müxtəif saytlarda iş elanı yerləşdirir.

Ölkə daxilində iş yerində zorakılığa məruz qalan qadınlar yetəri qədərdir. Bunlardan bəziləri iş tapmağın çətinliklərinə boyun əyərək, müdirin dediyi “qaydalara” razı olur, bəziləri isə hər şeyə xətt çəkərək iş yerindən ayrılmaq məcburiyyətində qalır. 

Elə bu problemlə üzləşən Gülər Sadıqovanın da başına gələnlər heç də bunlardan fərqli deyil:

“2007-ci ildə universiteti bitirib işə düzəlmişdim. Həyata yenicə başladığım üçün bu işlərdən nə xəbərim, nə də təcrübəm var idi. İlk 3 ay hər şey çox normal şəraitdə davam edirdi, mən yeni iş yerimə, verilən qrafikə adaptasiya olmaqla məşğul idim.

Yadımdadır, yeni il tətilində bir gün baş direktorum olan 55-60 yaşlı kişidən mənə təbrik mesajı gəldi, əvvəl bunu yaxşı işçi olduğum üçün atılan addım kimi qəbul etdim. Lakin gün keçdikcə mesajlar çoxaldıqca içimdə şübhələr yaranmağa başladı.  

Bir gün işdən sonra məni otağına dəvət edən müdir, utanmadan stolun üstündə ki, ətir qutusuna işarə edərək sənin üçün almışam, sənə görə 350 dollar xərcə düşdüm ki, səndən gözəl qoxu gəlsin. O anda hər şeyi anlayıb, ofisdən çıxdım və bir daha ora qayıtmadım”.

Xarici psixoloqların açıqlamasında da qeyd olunur ki, yaşlı kişilərin əksəriyyəti cavan qızlara özlərini isbat etmək üçün yaxınlaşır.
 

Yaş ötdükcə kişilik hisslərinin yavaş-yavaş itirdiklərini görən bu fərdlərdə psixoloji problemlər yaranır. Onlar özlərini hələ də cavan qadınlarının maraq dairəsində olduqlarını sübut etmək məcburiyyətində hiss edirlər. Əllərində səlahiyyətləri, imkanları olan kişilər isə ev, bahalı avtomobil və digər əşyalar almaqla qadınların qəlbində “taxt qururlar”.




Sənubər Alıyeva isə iş elanına görə zəng etdiyi vaxt elə telefon vasitəsi ilə seksual təklif aldığını deyir. 

Onun sözlərinə görə, gördüyü elanda axtarılan işçinin onun kriteriyalarına uyğun olduğu üçün, şirkət ilə əlaqə yaradıb. Əvvəl normal suallar verən kişi, birdən-birə “yoldaşınız sizə edilən bahalı hədiyyələrə görə sizdən açıqlama tələb edirmi?” sualı ilə qarşılaşıb. Göründüyü kimi xəttin o başındakı kişinin axtardığı ofis meneceri deyil, sadəcə məşuqə imiş.

Sözsüz ki, bu hadisələri saymaqla bitməz. Demək olar ki, çalışan xanımların müəyyən bir hissəsi bu problemlə gündəlik həyatında rastlaşır. Mentaliteti əsas gətirib, “qonşum nə deyər?” prinsipi ilə yaşayan bu qadınlar isə danışmaqdan, həmin şəxsləri ifşa etməkdənsə susmağı özləri üçün ömürlük yoldaş seçirlər.

Xatırladaq ki, iş yerində bir kəsə qarşı qısnama və cinsi zorakılıq edən şəxs cinayət və əmək məcəlləsinə görə məsuliyyət daşıyır.
 

Belə ki, seksual xarakterli sıxışdırmalara görə, işəgötürəndən və ya rəhbərdən şikayət edən işçilərə qaşı təzyiqin göstərilməsi və ya işçinin təhdid edilməsi vəzifəli şəxslərə 1500 manatdan 2000 manatadək cərimənin tətbiq edilməsi ilə cəzalandırılır. İşəgötürən seksual qısnamadan zərər çəkmiş işçilərə dəymiş zərəri ödəyir.


Bundan əlavə şəxsə Cinayət məcəlləsinin “seksual xarakterlərə məcbur etmə” maddəsi də iş yerində seksual qısnama hallarında tətbiq edilə bilər. Cinayət məcəlləsinə müvafiq olaraq, şantaj, əmlakının məhv edilməsi, zədələnməsi və ya əlindən alınması, zərərçəkmişin maddi və ya digər asılılığından istifadə yolları ilə onun cinsi əlaqəyə və ya digər seksual xarakterli hərəkətlərə məcbur edilməsi 500 manatdan 1000 manatadək cərimə, yaxud 2 ilədək islah işləri, yaxud 3 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO