Bir sıra ölkələrdə olduğu kimi, Azərbaycanda da erkən nikah cəmiyyətin əsas problemlərindəndir. Erkən nikahın qarşısının alınması məqsədilə maarifləndirmə işləri aparılsa da, bu, kifayət qədər effektli olmur.
İstər bölgələrdə, istərsə də paytaxtda 18 yaşından aşağı şəxslər rahat şəkildə şadlıq saraylarında toy məclislərini keçirə bilirlər. Şadlıq sarayları isə bununla bağlı sənəd tələb etmirlər.
MÖVZU İLƏ BAĞLI:
35-ə yaxın şadlıq sarayı cərimələndi - RƏSMİ
Nəticə etibarilə həm erkən, həm də qeyri-rəsmi nikahların sayı artır.
Maraqlıdır, şadlıq saraylarının evlənən cütlükdən rəsmi nikah kitabçası tələb etməsi barədə qanun layihəsi hazırlana bilərmi?
Millət vəkili Fazil Mustafa Bizim.Media-ya bildirib ki, bununla bağlı qanuna ehtiyac yoxdur, lakin qanundankənar hal baş verirsə, aidiyyatı qurumlara xəbər edilməlidir:
“Nikah yaşına çatmayan şəxslərin evliliyi qanunda məsuliyyət yaradır. Buna görə də, həm evlənən şəxslər, həm onların ailələri, həm də şadlıq sarayı rəhbərliyinin də məsuliyyəti yaranır. Əlbəttə ki, şadlıq sarayları nikah kitabçası tələb etsələr, öz işlərini zəmanət altına almış olarlar. Vaxtında sözügedən sənədlər tələb olunmalıdır. Bunun üçün xüsusi qanun çıxarmağa ehtiyac yoxdur”.
Nuranə Daxilqızı, Bizim.Media