Kosmosa gedən ilk türk Gezeravcıdır? – Siyahıda azərbaycanlı da var...

Kosmosa gedən ilk türk Gezeravcıdır? – Siyahıda azərbaycanlı da var...

Hazırda oxunan: Kosmosa gedən ilk türk Gezeravcıdır? – Siyahıda azərbaycanlı da var...

174129

Xəbər verdiyimiz kimi, kosmosa səyahət edən ilk türkiyəli astronavt Alper Gezeravcı öz missiyasına başlayıb. Astronavt yanvarın 19-u Türkiyə saatı ilə saat 00:49 kosmosa yola salınıb.

Bu hadisə Türkiyədə ölkənin kosmik tədqiqatlarında iradəsini göstərməsi ilə yanaşı, həm də milli qürurun ifadəsi kimi qiymətləndirilir.
 

MÖVZU İLƏ BAĞLI:

İlk türkiyəli astronavt kosmosa YOLA SALINDI - FOTO/VİDEO


Təbii ki, Türkiyə qardaş ölkə olduğu üçün uğurları, inkişafı bizi sevindirir. Amma sözügedən hadisə ilə bağlı adətən “ilk türk astronavt kosmosa uçdu” başlığı yazılır. 

Maraqlıdır, həqiqətən, Alper Gezeravcı kosmosa səyahət edən ilk türkdür?

Gəlin tarixə nəzər yetirək. 

Andriyan Nikolayev


Söhbət türk kökənindən gedirsə, çuvaş türkü Andriyan Nikolayevin adını ilk olaraq qeyd etməliyik. Nikolayev 1929-cu ildə Volqa çayı yaxınlığındakı Çuvaş kəndində anadan olub. O, 1962-ci ildə SSRİ-nin kosmosa gedən üçüncü kosmonavtı olub və 96 saat ərzində dünya ətrafında 64 dövrə edib. 

Kosmosda olduğu müddətdə “kosmos rekordu” qıran Nikolayev 1970-ci illərdə yeni bir missiya üçün yenidən kosmosa gedib. Nikolayevin çağırış nişanı çuvaş xalqının simvolu olan “şahin” idi.

O, Yuri Qaqarinin də daxil olduğu “Qızıl heyət”in üzvü olub. Bundan əlavə, Ayda bir kraterə Nikolayevin adı verilib və Lenin, “Qırmızı ulduz” ordenləri ilə təltif edilib. Kosmik missiyanı iki dəfə uğurla başa vuran Nikolayev iki dəfə Sovet İttifaqında ilin qəhrəmanı seçilib.

2004-cü ildə vəfat edən Andriyan Nikolayev bir çox ekspertlərin fikrincə, kosmosda “ilk türk əsilli astronavt” olaraq xatırlanmalıdır. 

Musa Manarov


Daha sonra Musa Manarovu qeyd etməliyik. O, kosmosda ən çox vaxt keçirən 16-cı insandır və azərbaycanlıdır – (365 gün, 22 saat, 38 dəqiqə).

Musa Xiraman oğlu Manarov 22 mart 1951-ci ildə Bakıda anadan olub. Dağıstan xalqlarından olan lak millətinə mənsubdur. M.Manarov 1974-cü ildə Moskva Aviasiya İnstitutunun uçan aparatların radioelektronikası fakültəsində ali təhsilini başa vurduqdan sonra “Enerji” Elmi İstehsalat Birliyində mühəndis kimi çalışıb. Kosmik aparatların sınaqlarında iştirak edib. 1978-ci ildə kosmonavtlar dəstəsinə daxil edilib, 1979-1982-ci illərdə isə məşhur ”Buran” kosmik proqramının hazırlanmasında iştirak edib. 

İlk uçuşunu 1987-ci il dekabrın 21-də kosmonavt V.Titovun komandirliyi ilə “Mir” orbitlərarası stansiyasının “Soyuz TM-4” gəmisində bort mühəndisi kimi həyata keçirən həmyerlimiz Yerə düz 1 il - 365 sutka 22 saat  38 dəqiqədən sonra qayıdaraq kosmosda o dövr üçün ən uzun müddət qalan iki planet sakinindən biri olub. 

Bu qəhrəmanlığına görə, ona Sovet İttifaqı Qəhrəmanı adı verilib. M.Manarov ikinci dəfə kosmosa 1990-cı ilin 21 dekabrından 1991-ci ilin 26 mayınadək səyahət edib. 175 sutka 2 saat ərzində o, “Mir” orbital kompleksinin “Soyuz-11” gəmisində bort mühəndisi kimi Yer ətrafında fırlanıb. İki uçuşu ərzində Musa 7 dəfə açıq kosmosa çıxıb və 34 saat 23 dəqiqə gəmidən kənar fəzada uçub.

Musa Manarov hazırda Moskvada yaşayır, iki övladı var. Manarovun oğlu Zaur və qızı Nahidə ali təhsilli mütəxəssislərdir. Manarov kosmonavt fəaliyyətinə görə “Lenin” ordeni alıb və Sovet İttifaqı Qəhrəmanı adıyla təltif edilib. 1990-1993-cü illərdə RSFSSR-in xalq deputatı olub, bir sıra yüksək vəzifələrdə çalışıb.

Toktar Aubakirov


Qazaxıstan türkü olan Toktar Aubakirov da kosmosa uçan ilk türk astronavtlardan biridir. Pilot və kosmonavt olan Aubakirov 27 iyul 1946-cı ildə Qazaxıstanın Qaraqandı şəhərində anadan olub. O, SSRİ-nin 72-ci və sonuncu kosmonavtıdır. 

Aubakirov Pilotluq fəaliyyətinə 1976-cı ildə başlayıb, 50-dən çox təyyarələrdə uçuşlar həyata keçirib, Miq-29 təyyarələrinin ilk uçuşlarını edib və bir çox uğurlar qazanıb. O, SSRİ, Almaniya və Avstriyanın əməkdaşlığı ilə 2 oktyabr 1991-ci ildə Baykonur kosmodromundan havaya qalxan “Soyuz TM-13” kosmik gəmisi ilə kosmosa çıxıb. Kosmosda tədqiqatlarda iştirak edib və təxminən 8 gün kosmosda qalıb. 

Qeyd edək ki, kosmik gəmi Baykonur kosmodromundan buraxılanda Qazaxıstan SSRİ-nin tərkibində idi, lakin kosmik gəmi bazaya enəndə Qazaxıstan müstəqil dövlət oldu.

Alper Gezeravcı


Sonda təbii ki, türkiyəli astronavt Alper Gezeravcıya da siyahıda yer verməliyik. O, 1979-cu ildə Türkiyənin Mersin vilayətinin Silifke rayonunda anadan olub. Hərbi Hava Qüvvələri üzrə mühəndislik təhsili alıb. Türkiyə Hərbi Hava Qüvvələrində döyüş pilotu kimi xidmət edən polkovnik Gezeravcının “F-16” da daxil olmaqla, bir çox təyyarədə 15 illik uçuş təcrübəsi var. O, həmçinin yeddi il “Türk Hava Yolları”nda kapitan pilot vəzifəsində çalışıb.

ABŞ-ın Florida ştatından Beynəlxalq Kosmik Stansiyaya yola düşən “Ax-3” heyətinə türk astronavtla yanaşı, missiyanın rəhbəri ispaniyalı astronavt Michael Lopez-Alegria, İtaliya Hərbi Hava Qüvvələrinin pilotu Valter Villadei və Avropa Kosmik Agentliyi adından isveçli kosmonavt Markus Vandt daxildir.

Xatırladaq ki, türk astronavt Beynəlxalq Kosmik Stansiyada 14 gün qalacaq və 13 fərqli elmi təcrübə aparacaq. 

Mikroqravitasiya və kosmik mühitlərdə aparılan bu araşdırmalar insan genetikası və sağlamlığı, biologiya, materialşünaslıq, istehsal texnologiyaları, fundamental elmlər sahələrini əhatə edəcək. Təcrübələrin inteqrasiyası və adaptasiya işləri Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK), “Axiom Kosmos” və NASA ilə koordinasiyalı şəkildə həyata keçiriləcək.

Məhərrəm Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO