Azərbaycanda FİLM kimi OLAY - Ana oğlunun məzarına ata adının yazılmasına İMKAN VERMİR

Azərbaycanda FİLM kimi OLAY - Ana oğlunun məzarına ata adının yazılmasına İMKAN VERMİR

Hazırda oxunan: Azərbaycanda FİLM kimi OLAY - Ana oğlunun məzarına ata adının yazılmasına İMKAN VERMİR

168013

Şərur rayonunun Yengicə kənd sakini Sadiq Bağırov şəhid olan oğlunun məzar daşına adının həkk olunmamasından gileylənir.

Bununla bağlı Bizim.Media-ya müraciət edən ata bu yalnışlığın düzəldilməsini, oğlunun məzar daşına adının və soyadının yazılmasını tələb edir. 

Şəhidin məzarına nə ata adı, nə də soyadı qeyd olunub

Sadiq Bağırovun dediyinə görə o, həyat yoldaşından illər öncə boşanıb. Boşanmasına baxmayaraq iki övladının qayğısına qalıb. 2023-ci ildə isə oğlu Elçin Bağırov sentyabr ayındakı antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalıb. İşin qəribə tərəfi isə odur ki, şəhidin məzar daşına nə atanın adı, nə də soyadı qeyd olunub:

“15 ildir ki, ailəmdən ayrı yaşayıram. Yoldaşımla yola getmədik, boşandım. Əslində boşanmağımdan da xəbərim olmayıb. Heç məhkəmədə də iştirak etməmişəm. Bir gün evə gəldim ki, yoldaşım uşaqları da götürüb çıxıb. Bir müddət sonra isə məhkəmədən gələn sənədə imza atdım. Beləliklə boşandıq. İki övladım var.
Evliliyimin 12 ili onlara mən baxmışam. Oğlum Elçin Bağırov Heydər Əliyev adına Hərbi liseyi, ondan sonra isə Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasını bitirib. 44 günlük Vətən müharibəsində iştirak edib və orada yaralanıb. Müharibədən sonrakı antiterror əməliyyatlarında da iştirak edib. Sentyabrın 19-20-də Qarabağda aparılan "antiterror əməliyyatlarında isə şəhid olub”.

“Get anası ilə razılaş…”

Atanın sözlərinə görə oğlunun məzar daşı hazırlananda keçmiş həyat yoldaşının müdaxiləsi ilə adının ora yazılmayacağı barədə xəbər tutub. Elə o ərəfədə də Şərur Rayon İcra Hakimiyyətinə yaxınlaşıb və vəziyyəti izah edib. Qurumdan isə ona bildirilib ki, məsələni keçmiş həyat yoldaşı ilə həll etməlidir:

”İcra hakimiyyətindən Kamal müəllim mənə “get anası ilə razılaş” dedi. Mənim anası ilə heç bir əlaqəm olmadığı üçün onunla danışa bilmədim və hesab edirdim ki, belə bir addım atılmaz. Məzar daşı hazır olanda isə dünya başıma uçdu. Oğlumun məzarında sadəcə “Baş leytenant Elçin İbrahimli” qeyd olunub. Nəyin intiqamını almaq istəyir, bu qədər nifrət, kin-küdirət haradandı, anlamıram. Övladlarımı da mənə qarşı yönəldib. Axı, istənilən məzar daşı hazırlananda ora ata adı yazılır. Mən Elçinin bioloji atasıyam. Bütün sənədlərində mənim adım keçir. Oğlum evlənəndə anasının müdaxiləsi ilə ana soyadına keçib. O vaxt da buna mane ola bilmədim”. 

“Oğlumun məzarını ziyarət etməyə imkan vermirlər…”

Sadiq Bağırov yaşadığı kənddə rahatlığının pozulduğundan da şikayətlənib. O, deyib ki, keçmiş həyat yoldaşımın tərəfi ona gün verir, işıq vermir:

“Onların tərəfi çox imkanlıdır. Əlləri hər yerə yetir. Rahatlığım pozulub. Bir növ kənddə təklənmişəm. Oğlumun məzarını belə ziyarət etməyə imkan vermirlər. Hər məsələdə hüquqlarım tapdanır. İstəyim sadəcə adımın şəhid oğlumun məzarının üzərinə yazılmasıdır”, - deyə ata əlavə edib. 

Hüquq pozuntusu?

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən Yengicə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin rəsmisi Şahin Əhmədov sözügedən məsələni hüquq pozuntusu kimi dəyərləndirib:

“O ailəni tanıyıram. Onlar illər əvvəl boşanıblar. Bildiyim qədər, ana istəmir ki, ata adı məzarın üzərində qeyd olunsun. Bu, hüquq pozuntusudur. Faktiki atanın adı başdaşında qeyd olunmalıdır. Amma bununla bağlı bizə müraciət edən olmayıb”.

“Məzarına atasının adının yazılmaması son istəyi olub”

Sadiq Bağırovun keçmiş həyat yoldaşı Aynur ibrahimli də məsələ ilə bağlı saytımıza danışıb. O, deyib ki, oğlunun məzarının üzərində ata adı və soyadının yazılmaması şəhidin son istəyi olub:

“Mən müdaxilə etməmişəm. Uşaqlarla maraqlanmayıb. Biz ondan heç nə tələb etməmişik. İçki düşkünü olub. Oğlum Elçinin öz sözü və istəyi olub ki, ona nəsə olsa, atasının adını ondan uzaq tutaq.
Hətta Akademiyanın sonuncu kursunda öz iradəsi ilə soyadını da dəyişdirib İbrahimli (mənim) soyadına keçib. Bacısı da eynilə…Hər iki övladım ondan heç bir atalıq görmədikərinə görə “öldü” hesab ediblər. O, uşaqlarda travma yaradıb. İndi hansı atalıqdan danışır? Ortada uşaq gedib, nə adın davasını edir? Məzarın üzərində yazılanlara hər hansı dəyişiklik olmayacaq” , - deyə əlavə edib. 

Alçina Amilqızı, Bizim.Media  

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO