Əksər ailə quranlar niyə nikah müqaviləsi BAĞLAMIR? – Yeni trend, mentalitet, yoxsa...

Əksər ailə quranlar niyə nikah müqaviləsi BAĞLAMIR? – Yeni trend, mentalitet, yoxsa...

Hazırda oxunan: Əksər ailə quranlar niyə nikah müqaviləsi BAĞLAMIR? – Yeni trend, mentalitet, yoxsa...

166960

Azərbaycanda nikaha girənlər arasında nikah müqaviləsi bağlayanların sayı çox azdır. 

Bunu deputat Sədaqət Vəliyeva Milli Məclisdəki çıxışı zamanı deyib. O, nikah müqaviləsinin mütləq bağlanmalı olduğunu bildirib:

"Mən keçən il özüm araşdırma apardım və gördüm ki, cəmi iki gənc arasında nikah müqaviləsi bağlanmışdı. Onlar da xaricdə təhsil alıb gəlmiş gənclər idi. Bizdə deyirlər ki, bu məcburi deyil. Əvvəllər nikah üçün tibbi yoxlanışa getmək deyilsəydi, heç kim razı olmazdı. Amma qanunvericiliklə icbari ediləndən sonra hər kəs gedir. İndi nikah müqaviləsi bağlanmasını da məcburi edək? Axı dünyanın heç bir yerində bu, məcburi deyil".

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, ötən il ölkədə 61939 nikah qeydə alınıb. Boşanmaların sayı isə 15983 olub. Boşananların sayı 2021-ci illə müqayisədə azalsa da ümumilikdə son 10 ildə artmaqdadır.
 

MÖVZU İLƏ BAĞLI:

Evlənənlər nə üçün NİKAH MÜQAVİLƏSİ bağlamalıdırlar? – Hüquqi İZAH


Maraqlıdır, nikaha girənlərin nikah müqaviləsindən imtina etmələrinin səbəbi nədir? Son illər artan boşanma sayı insanları nikah müqaviləsindən çəkindirə bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya hüquqşünas Əsabəli Mustafayev danışıb. O, bunun əsas səbəbini mentaliletdə görür:

“Azərbaycanda və digər şərq ölkələrində nikah müqaviləsinin inkişaf eləməməsi, evlənənlər arasında bağlanmaması milli mentalitetlə bağlıdır. İnsanlar evlənmədən öncə tanış olurlar, sonra görüşürlər, bir-birlərini sevirlər və fikirləşirlər ki, belə bir müqavilənin bağlanması onların sevgisinə, gələcək həyatına şübhə yaradır. Amma bu müqavilə mütləq lazımdır.

Hüquqşünas müqavilənin, xüsusilə, qadınlar üçün vacib olduğunu vurğulayıb:

“Çox sayda boşanmalar və bundan sonra başlanan konfliktlər, məhkəmə çəkişmələri, prosesin uzanması, ciddi narazılıqlar, tərəflərin az qala düşmən səviyyəsinə gəlməsi göstərir ki, tərəflərin nikah müqaviləsi bağlanmasına ehtiyac var. Xanımların bunda marağı daha çox olmalıdır.

Təcrübə göstərir ki, boşanmadan sonra ən çox əziyyət çəkən xanımlardır. Belə ki, xanımlar gəlin köçdükləri evlərdə boğulurlar. Çünki məlum olur ki, ev bəyin anasına, atasına aiddir və ya bəy bunu evlənmədən öncə alıb. Orada artıq gəlinin mülkiyyət hüququ olmur. Məhkəmə yalnız gəlin özü üçün hansısa yaşayış yeri, kirayə mənzil tapana qədər qısa müddətli istifadə hüququnu tanıyır. 

Bundan başqa, digər əmlak davaları olur. Yeni tikilmiş evlərdən ipoteka ilə mənzil alıb, ödəniş edirlər. Sonradan bu ipotekanın taleyi qaranlıq qalır. Aliment məsələsində problem yaranır, qanunvericilikdə aliment məbləği formalaşsa da ancaq həyat göstərir ki, bu, uşağın baxımına, təhsilinə və sağlamlığına kifayət eləmir. Bəy bundan yayınır, məhkəmələr də məbləği artırmaq üçün hüquqi əsas tapmırlar. Bütün bu məsələlər nikah müqaviləsi ilə həll oluna bilər”.

Müsahibimiz nikah müqaviləsində sonradan tərəflərin yaşayış hüquqlarının da öz əksini tapa biləcəyini deyib:

“Müqavilədə gəlinin köçdüyü evin kimə məxsus olmasından asılı olmayaraq boşanma halı olduqda belə 5 il və müyyən müddətə ondan istifadə etmək hüququ və ya boşandıqdan sonra gəlini eyni şəraitli mənzillə təmin etmək bəyin borcu kimi göstərilə bilər. Kirayə haqqını oğlan ödəməklə kirayə mənzil də ola bilər. Aliment və uşağın kimin yanında qalması da müqavilədə qeyd oluna bilər”.

Əsabəli Mustafayev hesab edir ki, nikah müqaviləsinin tərtib olunması və geniş yayılması kişiləri bəzən boşanmadan çəkindirə bilər:

“İndi tərəflər ciddi əsas olmadan, boş bir şeyin üstündə boşanırlar. Təcrübədə buna rast gəlirik. Nikah müqaviləsi olanda və orada vəzifələr təsbit olunanda tərəflər boşanmaya müraciət etməmişdən qabaq oturub bunun önlar üçün nəylə qurtaracağını fikirləşməli olurlar. Hətta tərəflər yenidən ailə quranda evliliyə gedən insanlar baxacaq ki, mənim evlənəcəyim qadın və kişinin əvvəlki nikahda olan nikah müqaviləsi ilə müəyyən öhdəlikləri var. Onun həmin öhdəlikləri həyata keçirməsi mənim yaşayışıma pis təsir edə bilər. Ona görə də qərarını oturub fikirləşəcək”.

O, müqavilənin məcburi bağlana biləcəyi məsələsinə münasibət bildirərək deyib ki,tərəflər bir-birlərini buna məcbur etməlidirlər:

“Hüquqşünasların əksəriyyəti, sosial işçilər, ailə problemləri sahəsində çalışanların çoxu nikah müqavilsinin daha geniş  tətbiqinin tərəfdarıdırlar. Müqavilə könüllüdür, dövlət tərəfindən məcburiyyət tətbiq oluna bilməz. Bunu ancaq bir tərəf digər tərəfi nikah müqaviləsi bağlamağa məcbur etməlidir. Bundan ötrü maarifləndirmə işi aprılmalıdır. İnsanlar başa düşməlidirlər ki, artıq müasir dövrdəyik, o vaxt kişilər söz verirdilər və o sözün ağası olurdular. İndi isə həyat ayrı cürdür”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO