Azərbaycanda qapalı kanalizasiya sistemi olan YEGANƏ KƏND – REPORTAJ/FOTO 

Azərbaycanda qapalı kanalizasiya sistemi olan YEGANƏ KƏND – REPORTAJ/FOTO 

Hazırda oxunan: Azərbaycanda qapalı kanalizasiya sistemi olan YEGANƏ KƏND – REPORTAJ/FOTO 

163723

Azərbaycanın ən ucqar dağ kəndinin turizm infrastrukturu hazırlanır. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qaxın Sarıbaş kəndi yaxın illərdə Basqal, Xınalıq kimi yerli və xarici turistlərin üzünə açıq olacaq.

Qax rayonu turizmin inkişafı üçün geniş imkanlara malik olan bölgələrimizdən biridir. Sözügedən rayon fauna və florası, eləcə də əlverişli iqlim şəraiti ilə seçilir.

Qədim tarixə və mədəniyyətə malik bu diyarın hər bir guşəsi turistlər üçün əsl istirahət məkanıdır. Rayonda elə ucqar məkanlar var ki, hələ də çoxsaylı turistlər üçün əlçatan deyil. 


Məsələn, dağlar qoynunda yerləşən, bir çox xüsusiyyətləri ilə fərqlənən Sarıbaş kəndi. 

Bir neçə il bundan əvvələ kimi Sarıbaş kəndi ancaq çobanların yaylaq məkanı kimi xarakterizə edirdilərsə, bu gün artıq reallıq dəyişib. Çünki bu yaşayış məskəni ölkənin üç ən ucqar kəndlərindən biri olmaqla yanaşı, həm də geniş turizm imkanlarına malikdir. Dörd tərəfi dağlarla əhatə olunan Sarıbaşda hər məhəllənin, hər dalanın bir adı, türksoylu deyimi var. 

Kəndlə bizi tanış edən Şahid Hafizov bildirir ki, burada Hun beli deyilən aşırım, Tatarkeçməz dərəsi, Dədə Qorqud dastanlarında adı keçən Qarşı dağ adları heç də təsadüfi deyil. 

Kəndi gəzə-gəzə Şahid müəlimin baba yurduna gəldik. Bir zamanlar bu yurdu tərk edənlər indi geri dönmək haqqında fikirləşirlər. 


Müsahibimiz söhbət əsnasında maraqlı bir məqamı da diqqətimizə çatdırdı:

“Sarıbaş kəndi yeganə kənddir ki, burada qapalı kanalizasiya qovşağı var. Yəni bu kəndin tarixi üçün bir nümunədir”.

Sarıbaşın tarixini əks etdirən məkanlardan biri də kəndin mərkəzindəki məsciddir. 14-16-cı əsrlərdə inşa edilən bu müqəddəs məkan sonradan yerli sakinlərin səyi ilə əsaslı bərpa edilib. 

Kəndi gəzdikcə hiss edirsən ki, evlər nə qədər uçulub dağılmış olsa belə, insanlar onu qorumağa çalışır. Elə sultanlar dövründə inşa edilən və Hacı Xəlil bəyin evi kimi. Bu tarixi binanın sonuncu sakinləri Sarıbaşlı Hacı Xəlil bəyin nəvələri olub. Hazırda isə buranı onun nəticə və kötücələri ziyarət edir. Yerli memarlıq üslubunda inşa edilən bu tarixi binanın ciddi bərpa və restavrasiyaya ehtiyacı var. 


Ötən reportajımızda Sarıbaşın yol məsələsi ilə bağlı sakinlərə ümidverici xəbəri çatdırmışdıq. 

Bəs Dövlət Turizm Agentliyi bu qədim kəndin turizm infrasturukturu, eləcə də tarix-mədəniyyət abidələri ilə bağlı nə düşünür?

Dövlət Turizm Agentliyindən bildirildi ki, artıq bu istiqamətdə fəal iş aparılır. Agentliyin mütəxəssisləri yaz-yay aylarında bu qədim kənddə olub, turizmlə bağlı bütün detallar araşdırılıb.

Hazırda mütəxəssislər Sarıbaşın turizmlə bağlı hansı istiqamətdə inkişaf etdirilməsi və hansı töhfələr verə biləcəyi ilə bağlı araşdırmalar aparır, layihələr hazırlanır. Yaxın aylarda layihələr müvafiq qurumlara təqdim ediləcək. 


Kənd sakinləri ilə söhbətdən belə qənaətə gəlmək olar ki, onlar yaz aylarından öz kəndlərində olur və gələn-gedən qonaqlarını qarşılayır. Hər kəsin ümidi var ki, Sarıbaşın turizm imkanları araşdırılacaq və Xınalıq, Basqal kimi bərpa və restavrasiya olunaraq yerli və xarici turistlərin ixtiyarına veriləcək. 












Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO