İğdırdan Naxçıvana uzanan qardaşlıq əli, Qafqazın yeni enerji həlqəsi... – İlham Şabanın ŞƏRHİ

Hazırda oxunan: İğdırdan Naxçıvana uzanan qardaşlıq əli, Qafqazın yeni enerji həlqəsi... – İlham Şabanın ŞƏRHİ

157698

Ölkədə, eləcə də dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında

Bu həftə Azərbaycanın daxili bazarında baş vermiş enerji hadisələri onun sərhədlərini aşacaq xarakter daşıyırdı. Özü də bu amil təkcə regional səviyyədə başa düşülməməlidir. Çünki bu layihələr gerçəkləşəcəyi təqdirdə, uzaq ölkələrlə belə Azərbaycanın əlaqələrinin genişlənməsində yeni səhifə açmış olacaq. 

İğdır-Naxçıvan qaz kəməri... 

Sentyabrın 25-də İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimi keçirildi. Tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutdu. 

Qeyd edək ki, İğdır-Naxçıvan qaz kəməri Naxçıvanın qaz təchizatının şaxələndirilməsinə imkan verməklə onun bir mənbədən asılılığını aradan qaldırmış olacaq. 2020-ci il dekabrın 15-də Ankarada Azərbaycan və Türkiyə arasında İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisinə dair anlaşma memorandumu imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il 10 fevral tarixli Sərəncamına əsasən isə İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisi üçün dövlət büdcəsindən vəsait ayrılıb.

Layihə bu il iyunun 5-də qəbul edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın prioritet layihələri sırasında yer alıb.
Boru kəmərinin İğdırdan Sədərək rayonuna qədər uzunluğu 97,5 kilometr təşkil edir. Kəmərin Azərbaycan hissəsinin uzunluğu 17,5 kilometr, Türkiyə hissəsinin uzunluğu isə 80 kilometrdir. Boru kəməri gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malikdir ki, bununla da Naxçıvanın qaza tələbatı tamamilə ödəniləcək. Gələcəkdə boru kəmərinin ötürücülük qabiliyyətini iki dəfədən çox artırmaq mümkündür.

Türkiyənin energetika və təbii ehtiyatlar naziri Alparslan Bayraktarın açıqlamasına görə, rəsmi Ankara İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisi layihəsinin ən qısa müddətdə tamamlanmasına ümid edir ki, 2024-cü ilin qışında Naxçıvan Muxtar Respublikasındakı istehlakçılar bu xətt ilə qazla təmin olunsun.

Onun sözlərinə görə, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TANAP boru kəmərləri layihələri həyata keçirildikdən sonra İğdır-Naxçıvan qaz kəməri iki qardaş ölkənin enerji əməkdaşlığında yeni səhifə açacaq bir layihə olacaq.

Qafqazı bürüyəcək enerji həlqəsi... 

Bəs, bu qaz kəmərinin inşaasına ehtiyac vardımı? O siyasi layihədir, yoxsa iqtisadi? Oxucuların nəzərinə çatdırım ki, Naxçıvan Muxtar Respublikasının qaz təminatı Sovet İttifaqı süqut edəndən dayandırılmışdı. Çünki Naxçıvana gedən qaz kəməri Ermənistan ərazisüindən keçirdi və erməni separatçılarının ölkəmizə qarşı iqtisadi təxribatının ən böyük zərbəsi elə burada vurulmuş, nəticədə 15 il ərzində Azərbaycanın ondan ayrı düşmüş bir parçasını enerji böhranında yaşamağa məcbur olmuşdu. 

Azərbaycan rəhbərliyi bu problemdən çıxış yolları arayır və İlham Əliyev nəhayət 2004-cü ildə İran İslam Respublikası ilə Naxçıvana qaz ötürülməsinə dair razılığa gəlir. Amma nə İrandan Naxçıvana qaz kəməri mövcud deyildi, nə də uzun müddət lazımi kapital qoyuluşu həyata keçirilmədiyindən Hacıqabul-Astara qaz kəməri üzərindəki infrastruktur obyektləri İrana stabil mavi yanacağın verilməsinə hazır deyildi.

Ona görə də iki ölkənin müvafiq qurumları bu məsələlərin texniki təminatından başladılar. Nəticədə 2005-ci ilin noyabrından SOCAR-ın hasil etdiyi ilk qaz həcmləri Astarada İrana təhvil verilməklə və Culfada İrandan alınmaqla “swap” (dəyiş-düyüş) müqaviləsi nəticəsində Naxçıvan istehlakçılarına əlçatan oldu.
Amma İran tərəfi bu əməliyyatlara görə Azərbaycandan yüksək xidmət haqqı alırdı. Çünki Azərbaycanın alternativinin olmadığını görür və öz tələblərini diqtə etməli olurdu. Rəsmi Bakı İran tərəfinin şərtlərinə razı oldu, çünki ortada Naxçıvan Muxtar Respublikasının təkcə enerji təhlükəsizliyi deyil, həm də Azərbaycanın əsas hissəsindən ondan sılı olmayan səbəblər üzündən ayrı düşmüş bir parçasının siyasi-iqtisadi təhlükəsizliyinin təmin edilməsi dururdu.

Sonrakı illərdə Azərbaycan-İran hökumətlərarası münasibətlərdə rəsmi Bakı bir neçə dəfə Naxçıvana qaz ötürülməsi şərtlərinin yumşaldılması ilə bağlı məsələ qaldırsa da, rəsmi Tehran müəyyən bəhanələrlə bundan yan keçmişdi. 

Və 2020-ci ildə Azərbaycanın hərbi Zəfərindən sonra yeni reallıq yarandı. Rəsmi Bakı Ankarada İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisinə dair hökümətlərarası anlaşma memorandumu imzalamaqla Naxçıvan Muxtar Respublikasının enerji təminatının yaxşılaşdırılması ilə bağlı mesaj vermiş oldu.

İğdır-Naxçıvan qaz boru kəməri gələn il istismara verilməklə Naxçıvan Muxtar Respublikasının qaz təminatı məsələsinin şaxələndirilməsinə nail olunacaq, enerji təhlükəsizliyi məsələləri kifayət qədər artacaq və ən asası, artıq Azərbaycanın bu blgəsinin bir təminatçıdan asılılığına son qoyulacaq.  

Bu layihənin gələcəyə tuşlanmış həfədləri də var. Yəni sadəcə Naxçıvanın qaz təminatının şaxələndirilməsi ilə bitmir. Yəqin diqqətli oxucuların yadındadır:

Azərbaycan Prezidenti İlham Əliyev Zəngəzur dəhlizindən danışarkən bunun sadəcə avromobil və dəmir yolu nəqlindən ibarət olmayacağını söyləmiş və həmçinin enrji dəhlizinə çevriləcəyini də vurğulamışdı. Söhbət Azərbaycanın əsas hissəsi ilə Zəngəzur dəhlizindən keçərək yüksək gərginlikli elektrik xətləri, həmçinin qaz infrastrukturunun yaradılmasından gedir. 

Hazırda Azərbaycanın ixrac etdiyi elektrik enerjisinin əsas alıcısı rolunda Türkiyə çıxış edir. Türkiyəyə elektrik enerjisi əsasən qonşu Gürcüstan üzərindən çatdırılır. Bizim qazımız da Türkiyəyə Gürcüstan ərazisində yaratdığımız infrastrukturla nəql edilir. 

Demək, İğdır-Naxçıvan qaz kəməri çəkiləndən sonra və Zəngəzur enerji fəaliyyətə başlayandan sonra Azərbaycan Şərqi Anadolu da daxil olmaqla Cənubi Qafqaz ölkələri ətrafında bir dairəvi ENERJİ infrastrukturu yaratmaqla, nəinki Naxçıvan Muxtar Respublikasının, o cümlədən region ölkələrinin davamlı inkişafının əsasını təşkil edəcək enerji təhlükəsizliyinin başlıca təminatçısına töhfə verə bilən ölkəyə çevrilə bilər.   

Azərbaycan-Türkiyə “yaşıl-enerji” əməkdaşlığı. 

Azərbaycan bu həftə sözügedən enerji həlqəsinin daha bir elementinin inkişafı ilə bağlı ciddi addımları müzakirə etdi.

Ssentyabrın 28-29-da Naxçıvan şəhərində Azərbaycan-Türkiyə III Enerji Forumu və ilk dəfə “Naxçıvan - Yaşıl Enerji Zonası” Beynəlxalq Konfransı keçirilildi.

Tədbirdə enerji səmərəliliyi, elektrik enerjisi bazarı, elektrik enerjisinin paylanması və ötürülməsi, enerji tənzimləmə, bərpa olunan enerjidən istifadə və mədənçilik istiqamətləri üzrə fəaliyyət göstərən birgə işçi qruplarının iclasları keçirildi. 

Xatırladım ki, Azərbaycan-Türkiyə Enerji Forumu iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində strateji enerji əməkdaşlığının daha da möhkəmləndirilməsi məqsədilə yaradılıb. İlk Forum 2021-ci il 21-22 dekabr tarixlərində Bakı şəhərində, ikinci Forum isə 2022-ci il 5-6 oktyabr tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilib.

Hazırkı tədbirin əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan-Türkiyə tandemi Zəngəzur enerji dəhlizinin gündəmə gəlməsi, Orta Dəhlizin inkişafı və Azərbaycan-Türkiyə-Avropa elektrik dəhlizinin yaradılması imkanlarının olduğu yeni reallıqlarda Naxçıvanın enerji resursları, kommunikasiya və logistika potensialından səmərəli istifadə üçün də strateji əhəmiyyət daşıyır.
Naxçıvanın enerji təhlükəsizliyini möhkəmləndirməyi və onu "yaşıl enerji" zonasına çevirməyi hədəfləyən bu yeni inkişaf mərhələsi Azərbaycan-Türkiyə enerji əməkdaşlığında yeni səhifədir.

Forumda diqqət çəkən məqamlara toxunan Azərbaycan energetika naziri Pərviz Şahbazov bəyan edib ki, 5000 MVt həcmində bərpa olunan enerji potensialına malik Naxçıvan Muxtar Respublikasında külək və günəş enerjisi üzrə təqribən 1500 MVt-lıq istehsal güclərinin xarici investisiya hesabına yaradılması və onun ən azı 1000 MVt-nın ixracı rəsmi Bakının strateji hədəfidir.Diqqət yetirin, söhbət məhz xarici investisiya hesabına yaradılan güclərdən gedir.

Nazirin sözlərinə görə, bu işlərin görülməsinə artıq başlanılıb və bu, Naxçıvanda "yaşıl enerji zonası"nın inkişafı üçün hazırlanan Konsepsiyada nəzərdə tutulub:

"Fransanın "TotalEnergies" və "Nobel Energy" şirkətləri ilə ümumi gücü 650 MVt olan günəş elektrik stansiyalarının inşası və istehsal ediləcək elektrik enerjisinin Türkiyəyə ixracı üzrə əməkdaşlıq edirik. 

"Nobel Energy" şirkəti ilkin mərhələdə 100 MVt gücündə günəş elektrik stansiyasını istifadəyə verməyi planlaşdırır. Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti ilə ilkin mərhələdə gücü 150 MVt olan günəş elektrik stansiyasının tikilməsi nəzərdə tutulur. Çexiyanın "Czech Engineering" şirkəti isə Sədərək rayonunun Türkiyə ilə sərhədində günəş elektrik stansiyalarının inşası, enerji ötürücülərinin tikilməsi və istifadəsi üzrə əməkdaşlıqda maraqlıdır. Həmçinin Almaniyanın "Notus" şirkəti Naxçıvanda "yaşıl enerji" layihələri reallaşdırmaq niyyətindədir".

Şahbazov əlavə edib ki, ilkin mərhələdə pilot layihə olaraq 70 MVt-lıq günəş elektrik stansiyası Naxçıvanın şimal-qərbində - Türkiyə ilə sərhəd xəttinə yaxın ərazidə nəzərdən keçirilir.
Göründüyü kimi Naxçıvanın "yaşıl enerji" potensialına, xüsusilə bu enerjinin Türkiyə istiqamətində ixracına böyük maraq var. Qarşıda yeni generasiya güclərinin Naxçıvanın enerji sisteminə inteqrasiyası ilə yanaşı, elektrik enerjisinin Türkiyə və Avropaya ötürülməsi məqsədilə yeni enerji infrastrukturlarının yaradılması, ötürücü sistem operatorları arasında əməkdaşlığın qurulması, tezlik tənzimlənməsi, habelə enerji sisteminin "Elektrik Enerjisi üzrə Avropa Ötürücü Sistem Operatorları Şəbəkəsi"nə qoşulması ilə əlaqədar həlli vacib məsələlər dayanır. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO