Xətai sakinlərinə TERROR YERİ – Sahibsiz itlər, yellənən pilləkənlər – İcra Hakimiyyəti SÖZ VERDİ - FOTO/VİDEO

Xətai sakinlərinə TERROR YERİ – Sahibsiz itlər, yellənən pilləkənlər – İcra Hakimiyyəti SÖZ VERDİ - FOTO/VİDEO

Hazırda oxunan: Xətai sakinlərinə TERROR YERİ – Sahibsiz itlər, yellənən pilləkənlər – İcra Hakimiyyəti SÖZ VERDİ - FOTO/VİDEO

114568

Paytaxtın Xətai rayonunun Gəncə prospektində təhlükəli ərazi sakinləri narahat edir.

Bununla bağlı Bizim.Media-ya Gəncə prospekti 86 ünvanda yaşayan sakinlər müraciət edib.

Sakinlərin bildirdiyinə görə həmin ünvanda məhəllə və dayanacağı birləşdirən pilləkən acınacaqlı vəziyyətdədir. Hansı ki, sözügedən pilləkən bina sahiblərinin avtobus dayanacağına, orta məktəblərə, uşaq bağçası, körpələr evi, aptek  və iri marketlərə gediş-gəlişi üçün əsas yoldur.

Pilləkənin kənarındakı dəmir tutacaqlar isə əsl təhlükə mənbəyidir. Düşüb-qalxmaq üçün qorunmaq vasitəsi sayılan bu tutacaqlar yelləndiyindən onlardan istifadə etmək mümkün deyil.

Pilləkənin uçuq-sökük vəziyyətdə olan pillələləri düşüb-qalxmaq üçün yaşlı adamların əsl kabusuna çevrilib.

Sakinlərin dediyinə görə dəfələrlə həmin pilləkəndə azyaşlılar və yaşlılar yıxılaraq xəsarət alıb. Ətrafda gedən tikintinin qumu isə pilləkəndən istifadəni daha da çətinləşdirir. Yağışlı, qarlı havada palçığa bürünən pillələrdən düşüb-qalxmaq mümkünsüz olur. 

Sakinlər həm də bu ərazinin sahibsiz itlər oylağına çevrilməsindən və baxımsızlığından gileylənirlər. Dediklərinə görə sözügedən ərazi aidiyyəti qurumların nəzarətsizliyindən zibilliyə bürünüb. Nə uçuq-sökük pilləkən yenilənir, nə sahibsiz itlər, nə də əraziyə atılan məişət tullantıları yığışdırılır. Qaranlıq düşəndə isə ərazi qorxulu məkana çevrilir.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Xətai Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Pənah İmanov sözügedən ərazinin nəzarətlərində olduğunu bildirib:

“Həmin pilləkənlərin vəziyyəti elə durumda idi ki, ümumiyyətlə hərəkət etmək mümkün deyildi. Uçuq pillələrin bəzi hissələrini yoluna qoyduq. Sadəcə üzlük daşın qoyulması işləri qalıb. Həmin pilləkənin yanında tikinti gedir. O tikinti bitəndən sonra problem tam olaraq yoluna qoyulacaq.
Məlumat üçün bildirim ki, Xətai rayon İcra Hakimiyyətinin Təmir-tikinti idarəsi tərəfindən Gəncə prospektinin o başından başlayaraq Heydər Əliyev parkına qədər Sovet dövründə istismarı başa çatmış bütün pilləkanların hamısı təmir edilib. Qeyd etdiyiniz pilləkən da nəzarətdən kənar qala bilməz. Yenə də bu gün dediyiniz ərazidə olacağıq və məsələni yerində araşdırıb, yenidən məlumat verəcəyik”, - deyə qurum rəsmisi əlavə edib.

Mövzuya bir müddət sonra qayıdacağıq.
 


 

















Alçina Amilqızı, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO