Qusarda ər-arvadın qanlı davası - TƏFƏRRÜAT

Hazırda oxunan: Qusarda ər-arvadın qanlı davası - TƏFƏRRÜAT

105037

Qusar rayonunda 1977-ci il təvəllüdlü Hətəm Babayev şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı arvadı Xumarı (adlar şərtidir) bıçaqlayıb. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə, hadisə 18 fevral 2022-ci ildə Qusar rayonunun Kuzun kəndində baş verib. 

Hətəm həmin gün sərxoş vəziyyətdə yaşadığı evə gələrək qızı Aynurə ilə mübahisə edib və onu döyüb. O, səs-küyə gələn arvadı Xumar ilə buna görə mübahisə edib. Sonra Hətəm Xumarı evin həyətindəki yardımçı tikilidə çörək bişirən zaman bıçaqlayıb. 

İstintaq orqanı tərəfindən Hətəmin  barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Aynur Rzayevanın sədrliyi ilə araşdırılıb. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Hətəm ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, hadisə vaxtı içkili vəziyyətdə olub, baş verənlərin necə olduğunu özü də bilməyib. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edib. 

Hətəm istintaq zamanı verdiyi ifadəsində göstərib ki, təxminən 10 il əvvəl Cinayət Məcəlləsinin 177.2.1 və177.2.4-cü (oğurluq) maddələri ilə məhkum olunub. 

Təqsirləndirilən şəxsin sözlərinə görə, fevralın 18-də yaşadığı kənddə küçədə xatırlamadığı həmkəndliləri ilə spirtli içki qəbul edib: 

“Sonra yaşadığım evə qayıtdım. Həmin vaxt evə daxil oldum və yatmaq istədim. Evdə qızım Aynurə, gəlinim Ləman, eləcə də oğlum Şirvan evin ikinci mərtəbəsində yatmışdılar. Çay içmək istədiyim üçün qızımdan arvadımın harada olduğunu soruşdum. Lakin Aynurə anasının harada olduğunu bilmədiyini dedi. Aynurəyə dedim ki, anasına zəng etsin. Bu zaman Aynurə mənə fikir vermədən ikinci mərtəbəyə qalxdı. Buna görə də onu gerə çağırdım və sərxoş olduğum üçün şillə ilə bir neçə dəfə onun sifətinə vurdum”. 

Hətəm qeyd edib ki, həmin vaxt gəlini Ləman da orada olub: 

“Aynurə qışqırdığı üçün arvadım Xumar evə gəldi. Aynurə isə evdən getdi. Bundan sonra Xumar dayım Nadirə zəng edərək oraya çağırdı. Bir neçə dəqiqə sonra Nadir bizə gəldi. Həmin vaxt yardımçı tikilidə çörək bişirməyə davam edən arvadımı əl zərbəsi ilə vurdum. O da məni itələdi. Evə getdim və otağımdakı cib bıçağını götürdüm. Yenidən xərək evinə qayıtdım. Həmin vaxt Nadir də sakit olmağımı tövsiyyə etdi”.

Hətəmin sözlərinə görə, daha sonra gəlini Ləmanı xərək evindən çölə çıxarıb: 

“Sonra qapını örtdüm və cibimdəki bıçağı çıxararaq arvadımın kürək nahiyəsinə bir dəfə zərbə endirdim. Bu zaman Nadir içəri daxil oldu və məni həyətə çıxartdı. Həmin vaxt arvadım həyətə qaçdı. Mən isə əl-üzümü yudum və paltarımı dəyişdim. Çünki polis əməkdaşlarının məni aparmağa gələcəklərini bildim. Sonra polis əməkdaşları gəldi. Polis əməkdaşlarına təslim oldum”.

Məhkəmənin hökmü ilə Hətəm 2 il müddətinə azadlıqdan məhrum edilib. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO