İtaliyada bir neçə gündür davam edən kütləvi iğtişaşlar və etiraz aksiyaları fonunda 200-ə yaxın şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Bizim.Media İtaliyanın Sky TG24 telekanalına istinadən xəbər verir ki, nümayişlər ölkənin bir sıra iri şəhərlərini əhatə edib.
Berqamo, Boloniya, Milan və Turin şəhərlərində baş verən toqquşmalarda 197 nəfər saxlanılıb. Onların arasında 12 azyaşlı və 6 xarici vətəndaş var. İğtişaşlar zamanı 141 polis əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıb.
Baş nazir Corcia Meloni hökumətinin siyasətinə qarşı etirazlar oktyabrın 16-da tələbə yürüşləri ilə başlayıb. Oktyabrın 17-dən gənclərə ölkənin ən böyük həmkarlar ittifaqı — Ümumitaliya Əmək Konfederasiyasının (CGIL) üzvləri də qoşulub. Milanda 5 min, Turində 3 min, Boloniyada 2 min nəfər küçələrə çıxıb.
Corcia Meloni dinc etiraz aksiyalarında iştirakın demokratiyanın əsası olduğunu və buna hörmətlə yanaşdığını bildirib, lakin iğtişaş törədənləri kəskin pisləyib.
O, xaos yaradan, təhlükəsizlik qüvvələrinə hücum edən və şəhərləri girov saxlayan xuliqanlara qarşı ölçü götürüləcəyini deyib.
Bizim.Media
































































































