Astronomlar Günəş sistemindən kənarda — cəmi 7,5 işıq ili məsafəsində bol suya və Yerdəkinə bənzər hava şəraitinə malik kosmik obyekt aşkar ediblər.
Bizim.Media xəbər verir ki, BGR nəşrinin verdiyi məlumata görə, "James Webb" kosmik teleskopu "WISE 0855" adlı qəhvəyi cırtdanın atmosferində su buludlarını qeydə alıb.
Arizona Universitetinin Stüard rəsədxanasının komandası "James Webb" teleskopu vasitəsilə obyekti 11 saat ərzində hər 15 dəqiqədən bir spektral müşahidəyə cəlb edib. Müşahidələr göstərib ki, obyektin atmosferindəki su buludları sabit deyil, planetin fırlanması ilə Yerdəki hava şəraiti kimi daim dəyişir.
Həcmcə Yupiterə bənzəyən "WISE 0855" 2014-cü ildən alimlərə məlum olsa da, onun atmosferi ilk dəfə bu qədər dəqiqliklə öyrənilib. Bununla belə, qəhvəyi cırtdanlar tam hüquqlu planet hesab olunmur və bu obyektin həyat üçün yararsız olduğu bildirilir.
Mütəxəssislər əsas uğurun təkcə su buludlarının tapılmasında deyil, həm də onların qalınlığının dəyişməsini və atmosferin tərkibini izləmək imkanının əldə edilməsində olduğunu vurğulayırlar. Bu metod gələcəkdə uzaq kosmik obyektlərin xassələrini daha dəqiq təyin etməyə imkan verəcək.
Bizim.Media
































































































