Avstriyanın "Yaşıllar" Partiyasından olan Avropa Parlamentinin deputatı Lena Şillinq (Lena Schilling) süni intellekt vasitəsilə icazəsiz hazırlanan lüt təsvirlərinin internetdə yayıldığını açıqlayıb.
Bizim.Media The Guardian nəşrinə istinadən xəbər verir ki, "Agora Digitale Transformation" analitik mərkəzinin hesabatında 50 Avropa Parlamenti deputatının (o cümlədən 46 qadının) bu cür dipfeyk (ingiliscə deepfake — deep learning / dərin öyrənmə və fake / saxta sözlərindən) süni intellekt və neyron şəbəkələri texnologiyalarından istifadə edərək mövcud foto, audio və video materialların saxtalaşdırılması üsuludur) hücumlarına məruz qaldığı bildirilir.
Lena Şillinq ilk mətbuat konfranslarından birində çəkilmiş fotolarının süni intellektlə geyimsiz hala gətirildiyini öyrənib.
O, bu cür hərəkətləri qadın siyasətçilərə qarşı mənəvi zorakılıq və onların ictimai fəaliyyətdən çəkindirilməsinə yönəlmiş rəqəmsal təzyiq kimi qiymətləndirib.
Mərkəzin tədqiqatına görə, bu cür pornoqrafik dipfeyklər Avropa siyasətindəki qadınlar üçün sistemli təhlükəyə çevrilib. Daha əvvəl keçirilən sorğular 22 Aİ ölkəsindən 138 qadın parlamentarinin oxşar hücumlara məruz qaldığını və qadınların kişilərlə müqayisədə 33 dəfə daha çox bu növ saxta materialların hədəfi olduğunu göstərib.
Dekabrın 2-də Avropa İttifaqı miqyasında süni intellektlə icazəsiz lüt şəkillər yaradan tətbiqlərin qadağan olunması qüvvəyə minəcək. Şillinq və digər 119 avrodeputat Aİ rəhbərliyinə məktub ünvanlayaraq təkcə qadağanın kifayət etmədiyini, bu xidmətlərin fəaliyyətini tam dayandıracaq sərt nəzarət və cəza mexanizmlərinin tətbiq olunmasını tələb ediblər.
Bizim.Media






























































































