Qubada regional medianın inkişafına dair müzakirələr aparılıb - FOTO 

Qubada regional medianın inkişafına dair müzakirələr aparılıb - FOTO 

Hazırda oxunan: Qubada regional medianın inkişafına dair müzakirələr aparılıb - FOTO 

102890

Medianın İnkişafı Agentliyi (MEDİA) Mətbuat Şurası və Audiovizual Şura ilə birgə Qubada "Regional mətbuatın inkişafı" mövzusunda tədbir keçirib.

Bizim.Media-nın Şimal bürosunun məlumatına görə, tədbirdə Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Mətbuat Şurasının sədri Rəşad Məcid, Audiovizual Şuranın üzvü Mübariz Əsgərov və digər mətbuat nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyevin Quba şəhərindəki abidəsini ziyarət edib, abidə önünə güllər düzüblər.

Sonra Quba şəhərindəki "Media şəhidləri" parkı və "Əkinçi"nin banisi H.Zərdabinin adını daşıyan qəsəbədəki büstü ziyarət edilib. Tədbir iştirakçıları Quba şəhərindəki Azərbaycan-Türkiyə qardaşlıq parkına da baş çəkiblər.
Tədbir Qubanın məşhur istirahət mərkəzlərindən birində davam edib. Azərbaycanın Dövlət Himni səslənib, ölkəmizin müstəqilliyi uğrunda həlak olan igid şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

MEDİA-nın şöbə müdiri Natiq Məmmədli açılış nitqi ilə çıxış edib.

Media-nın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov bölgə mətbuatının inkişafına həsr olunan ilk tədbirin Qubada keçirilməsindən məmnunluq duyduğunu deyib.

Mətbuat Şurasının sədri Rəşad Məcid də Quba səfərində müsbət notlara söykəndiyini bildirərək, Zəfər bayramımız ərəfəsində bölgədə yazıb-yaradan mətbuat nümayəndələrini dinləməkdə maraqlı olduğunu söyləyib.

Quba İcra Hakimiyyəti başçısının müavini Səidə Abbasova çıxışında rayonda bütün sahələrdə olduğu kimi, media ilə bağlı görülən işlərdən bəhs edib.

Rəsmilər jurnalistləri açıq və səmimi dialoqa dəvət edib.

Tədbirdə Bizim.Media-nın əməkdaşı Aytəkin Alxaslı görüş üçün MEDİA, Mətbuat Şurası və Audiovizual Şura rəhbərliyinə təşəkkür edərək özünün jurnalist fəaliyyətindən danışıb.

O, MEDİA-nın bölgədə nümayəndəliyinin açılmasını, eləcə də regionda yaşayan jurnalistlərin də işğaldan azad olunmuş rayonlara səfərinin təşkil edilməsini təklif edib.
Tədbirdə həmçinin, İctimai televiziyanın müxbiri Ramiz Ramazanov, “ARB.Günəş”in rəhbəri Məhsim Məhsimov, Qubada nəşr olunan "Şəfəq" qəzetinin baş redaktoru Qəhrəman Qasımov, "7 times" saytının təsisçisi Cəlal Fərzəliyev onları narahat edən məsələ və mövzuları diqqətə çatdırıblar.

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov səslənən bütün təkliflərə həssaslıqla yanaşılaraq nəzərə alınacağını bildirib.

Qeyd edək ki, MEDİA-nın region mətbuatının inkişafı ilə bağlı növbəti tədbirləri cənub bölgəsində və Qarabağda keçiriləcək.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO