Prezident və birinci xanım Şamaxıda “Nəsimi Bağları”kompleksində - FOTO

Prezident və birinci xanım Şamaxıda “Nəsimi Bağları”kompleksində - FOTO

Hazırda oxunan: Prezident və birinci xanım Şamaxıda “Nəsimi Bağları”kompleksində - FOTO

637200

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olublar.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma kompleksdə yaradılmış şərait barədə məlumat verdi.

“Nəsimi Bağları” kompleksi Şamaxı rayonunda yeni istifadəyə verilən, sakinlərin və qonaqların asudə vaxtlarını səmərəli keçirilmələri üçün yaradılmış növbəti bir məkandır.

 

Kompleks Şamaxı rayonunda turizmin inkişafına töhfə vermək, bölgənin turizm potensialını artırmaq, ərazinin təbii xüsusiyyətlərini qorumaq, həmçinin ailəvi istirahətin və asudə vaxtın səmərəli təşkili üçün rahat mühit yaratmaq prinsipləri əsasında qurulub.

 

Çoxfunksiyalı turizm, mədəniyyət və rekreasiya layihəsi kimi fəaliyyət göstərən “Nəsimi Bağları” kompleksinin ərazisində müxtəlif istirahət obyektləri, ailəvi əyləncə infrastrukturu, fərqli mövzularda incəsənət nümunələri, iaşə obyektləri yerləşir.

Ərazidəki üçmərtəbəli əsas bina kompleksin informasiya və turizm mərkəzi funksiyasını yerinə yetirir. Burada ziyarətçilərə “Nəsimi Bağları”ndakı məkanlar, turist marşrutları və xidmətlər barədə məlumat verilir.

Binanın daxilində ziyarətçilərin rahat və səmərəli vaxt keçirmələri üçün “Capybara Cafe” və suvenir mağazası var.

Dördmərtəbəli digər korpusda Şamaxının gədim və müasir tarixini, mədəni irsini əks etdirən zəngin ekspozisiyaya malik muzey yaradılıb. Bu binada, həmçinin əsas restoran zalı, tədbirlərin keçirilməsi üçün zal və geniş terras var.

 

Kompleks ərazisindəki “Magic Village” hobbit evləri üslubunda inşa edilən tematik evlər, əsasən uşaqların maraqla qarşılayacağı “Honey Nest” kafesi, geniş uşaq oyun meydançası və hündürlüyü 9 metr olan baxış qülləsindən ibarətdir. Buradakı evlər tam yaşayış şəraiti ilə təmin edilib və turistlərin ilboyu qalması üçün nəzərdə tutulub.


Qeyd edək ki, burada Azərbaycanda ilk və yeganə ixtisaslaşmış kapibara ferması -“Capybara Land” var. Fermada heyvanları yaxından görmək, toxunmaq və yemləmək mümkündür.

Kompleks ərazisində Azərbaycan, eləcə də xarici rəssam və heykəltaraşların yaratdığı 100-dən çox əsər və instalyasiya nümayiş etdirilir. Burada Azərbaycanın görkəmli şairi İmadəddin Nəsiminin müasir üslubda hazırlanmış abidəsinin instalyasiyası da var.

Hündürlüyü 21 metr olan instalyasiya nəhəngliyi ilə diqqət çəkir və Şamaxının bir çox yerindən görünür.

“Nəsimi Bağları” kompleksində 20 kottec, qeydiyyat binası və çimərlik hovuzundan ibarət şəhərcik də salınıb.

Kompleksdə, eyni zamanda, məscid də fəaliyyət göstərir.

Ərazidə şam ağacları, üzüm bağları, müxtəlif dekorativ bitkilər, həmçinin dünyada ən sürətlə böyüyən ağac növlərindən hesab edilən pavlovniya da daxil olmaqla 150 mindən çox ağac və bitki əkilib.
















































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO