Rusiya Ukrayna-Polşa sərhədində qatarı nə üçün atəşə tutub? - Forbes səbəbini açıqladı

Rusiya Ukrayna-Polşa sərhədində qatarı nə üçün atəşə tutub? - Forbes səbəbini açıqladı

Hazırda oxunan: Rusiya Ukrayna-Polşa sərhədində qatarı nə üçün atəşə tutub? - Forbes səbəbini açıqladı

637177

Xəbər verdiyimiz kimi, Rusiya pilotsuz uçuş aparatı Ukrayna və Polşa sərhədindəki dəmir yolu xəttinə hücum edib. Bu hadisə Moskvanın Britaniyanı Ukraynaya verdiyi hərbi yardımlara görə hədələməsindən qısa müddət sonra baş verib.

Bizim.Media xəbər verir ki, "Forbes" nəşri yazır ki, zərbə zamanı ərazidə Böyük Britaniyanın sabiq baş naziri Boris Consonun və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş direktoru David Petreusun olduğu qatarlar olub.

Ukrayna rəsmilərinin sözlərinə görə, təkmilləşdirilmiş Rusiya PUA-sı Boris Consonun qatarının ardınca hərəkət edən sərnişin qatarına dəyib. Lakin zərbənin birbaşa Qərb siyasətçilərindən birinin hədəfə alınıb-alınmaması hələlik dəqiq məlum deyil.

Atlantika Şurasının Rusiya-Ukrayna münaqişəsi üzrə eksperti Piter Dikinson ehtimal edir ki, Moskvanın məqsədi Qərb siyasətçilərini və Ukraynaya gələn digər yüksək rütbəli qonaqları qorxutmaq olub:

"Boris Conson məhz həmin vaxt bu dəmir yolu xətti ilə Ukraynadan çıxan doqquzlarla yüksək rütbəli rəsmidən biri idi". Onun sözlərinə görə, bu, sui-qəsd cəhdi deyil, əcnəbi məmurları qorxutmağa və onları Ukraynaya səfərlərin təhlükəli olduğuna inandırmağa hesablanmış "xəbərdarlıq atəşi"dir.

Ekspert əlavə edib ki, bu, Putinə məxsus klassik qanqster taktikasıdır.

"Ukrzaliznits" məlumat yayıb ki, toqquşmadan qısa müddət əvvəl Ukrayna-Polşa sərhədindəki Yaqodin stansiyasında diplomatik qatar olub. "Bortunda bir neçə Aİ ölkəsinin təhlükəsizlik üzrə müşavirləri və keçmiş avropalı liderlər, o cümlədən Böyük Britaniyanın sabiq baş naziri Boris Conson olub", – deyə məlumatda bildirilir. Digər qatarda isə MKİ-nin keçmiş direktoru David Petreus olub.

Ukrayna rəsmiləri qeyd ediblər ki, reaktiv PUA əvvəlcədən aşkarlanıb və evakuasiya siqnalı toqquşmadan təxminən 15 dəqiqə əvvəl verilib.

"Rusiya PUA-sının hədəfinin real vaxt rejimində cədvəldə edilən dəyişikliklər səbəbindən stansiyanı vaxtından əvvəl tərk edən diplomatik qatar olması tamamilə mümkündür", – deyə rəsmilər bildiriblər. Onlar izah ediblər ki, dəmiryolçular qatarların eyni marşrutla dəqiq müəyyən edilmiş vaxtlarda hərəkət etməsinin qarşısını almaq üçün qrafiki daim dəyişirlər.

Hadisədən sonra Boris Conson Kremli tənqid edərək zərbənin dinc sakinlərə və diplomatlara yönəldiyini bildirib.

"Mən bilmirəm Putini bu səhər Polşa sərhədindəki hərəkətsiz Ukrayna lokomotivini partlatmağa vadar edən hansı təhrif olunmuş məntiqdir", – deyə Conson yazıb və Ukraynaya dərhal lazım olan hava hücumundan müdafiə sistemlərinin verilməsinə çağırıb. O, həmçinin dondurulmuş Rusiya aktivlərinin müsadirə olunaraq Ukraynaya verilməsini tələb edib.

Hücum Rusiyanın Britaniyanın Ukraynaya hərbi dəstəyi fonunda ünvanladığı hədəflərdən bir neçə həftə sonra baş verib. Rusiya diplomatiyası bəyan etmişdi ki, Ukraynanın Britaniya PUA-larından istifadə etməsi qəsdən eskalasiyaya hesablanıb və London bunun üçün yüksək "qiymət" ödəyəcək.

Piter Dikinson hesab edir ki, bu təhdidlər Rusiyanın Avropadakı müttəfiqlərə qarşı apardığı genişmiqyaslı hibrid müharibənin bir hissəsidir.

Onun fikrincə, Qərbin reaksiya verməməsi Moskvanı daha da şirnikləndirə və yeni eskalasiyalara sövq edə bilər.

Kreml sözçüsü Dmitri Peskov isə hücumdan sonra Rusiya hərbçilərinin Ukraynanın bütün ərazisində əməliyyatlar keçirdiyini və bunu davam etdirəcəklərini bəyan edib. Ukraynanın xarici işlər naziri Andriy Sibiqa isə Qərb ölkələrini Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə və hərbi yardımı artırmağa çağırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO