Dövlət satınalmaları ilə bağlı QAYDALAR DƏYİŞİR

Dövlət satınalmaları ilə bağlı QAYDALAR DƏYİŞİR

Hazırda oxunan: Dövlət satınalmaları ilə bağlı QAYDALAR DƏYİŞİR

637154

Bəzi hüquqi şəxslər tərəfindən müəyyən maliyyə mənbələri istisna olmaqla digər maliyyə vəsaiti hesabına həyata keçirilən satınalmaları “Dövlət satınalmaları haqqında” Qanunun tətbiq dairəsindən çıxarılır.

Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Dövlət satınalmaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, yeni (3.2.8-1) maddə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun), həmin qurumun idarəetməsinə verilmiş dövlət müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin satınalmalarını əhatə edir.

 

İstisna, həmçinin onların təsisçisi və iştirakçısı olduqları hüquqi şəxslərin iştirak payına uyğun satınalmalarına şamil olunur. Qanunun tətbiq edilməməsi həmin satınalmaların digər maliyyə vəsaiti hesabına həyata keçirilməsi ilə şərtləndirilir.


Satınalmalar Azərbaycan Respublikasının dövlət büdcəsinin və Naxçıvan Muxtar Respublikası büdcəsinin vəsaitləri, o cümlədən məqsədli büdcə fondlarının vəsaitləri, büdcə ssudaları, subsidiyalar, dövlət zəmanəti ilə alınmış kreditlər, dövlət qrantları, yardımları və büdcədənkənar dövlət fondlarının vəsaitləri hesabına həyata keçirildikdə bu istisna tətbiq olunmur.

Qanunun 3.2.8-ci maddəsinə edilən dəyişikliklə 3.2.8-1-ci maddədə nəzərdə tutulan hüquqi şəxslərin 3.2.8-ci maddənin əhatəsindən istisna edilməsi və onların ayrıca kateqoriya kimi müəyyənləşdirilməsi nəzərdə tutulur. Yeni 3.10-1-ci maddəyə əsasən, həmin hüquqi şəxslər tərəfindən malların, işlərin və ya xidmətlərin satın alınması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq ediləcək.

 

Bununla yanaşı, 3.2.8-1-ci maddədə nəzərdə tutulan satınalmalar üzrə müqavilələrin bağlanılması və göndərilməsi informasiya sistemi vasitəsilə elektron qaydada həyata keçirilməlidir. Qalib təchizatçının qeyri-rezident olduğu hallar və Qanunun 15.3-cü maddəsində göstərilən satınalmalar bu elektronlaşdırma tələbindən istisna edilir.

 

Beləliklə, layihə müəyyən hüquqi şəxslərin digər maliyyə vəsaiti hesabına həyata keçirdiyi satınalmalar üçün ayrıca tənzimləmə qaydasının müəyyən edilməsini, eyni zamanda həmin satınalmalar üzrə müqavilələrin elektron formada (təchizatçı qeyri-rezident olduğu halda istisna edilir) rəsmiləşdirilməsini nəzərdə tutur.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO