İranın informasiya panikası – “AzTV” niyə hədəfdədir?

İranın informasiya panikası – “AzTV” niyə hədəfdədir?

Hazırda oxunan: İranın informasiya panikası – “AzTV” niyə hədəfdədir?

632072

İran parlamenti avqustun 16-da “düşmən media” ilə müsahibə və digər əlaqələri cinayət əməli sayan qanun layihəsinin ümumi müddəalarını qəbul edib.

Sənədə əsasən, İranın “düşmən” elan etdiyi media qurumlarına müsahibə vermək, onların verilişlərinə qatılmaq və ya onlarla informasiya əməkdaşlığı aparmaq altı aydan iki ilədək həbs cəzası ilə nəticələnə bilər. Digər xarici media ilə əlaqə barədə isə əvvəlcədən İranın Kəşfiyyat Nazirliyinə məlumat verilməsi tələb olunur.
 

Xarici səfirliklər, beynəlxalq təşkilatlar və qeyri-İran qurumları ilə yazılı icazə olmadan əlaqə saxlayan şəxslər üçün cərimə və müəyyən ictimai hüquqlardan məhrumetmə də nəzərdə tutulur. Xarici xüsusi xidmətlərin tapşırığı ilə İranın təhlükəsizliyinə zərər vuran fəaliyyətlərə görə cəza 30 ilədək artırıla bilər. Belə işlərə İnqilab məhkəmələrinin baxması planlaşdırılır.


Tehran artıq Azərbaycanın dövlət televiziyası AzTV-ni “düşmən media təşkilatları” siyahısına daxil etdiyindən, layihə qüvvəyə minərsə, bu telekanala müsahibə verən İran vətəndaşları, o cümlədən məmurlar cinayət məsuliyyətinə cəlb oluna bilərlər.

Medianın İnkişafı Agentliyindən sərt reaksiya

Təsadüfi deyil ki, AzTV-nin “düşmən media qurumları” siyahısına daxil etdikdən sonra Media İnkişafı Agentliyi məsələ ilə bağlı bəyanat verib. Bəyanatda deyilir ki, İran İslam Respublikasının Kəşfiyyat Nazirliyi tərəfindən bəzi xarici media subyektləri, o cümlədən Azərbaycan Respublikasının dövlət televiziya kanalı olan AzTV-nin “düşmən media qurumları” siyahısına daxil edilməsi və həmin qurumlarla əməkdaşlıq edən şəxslərin cinayət məsuliyyəti ilə hədələnməsi təəccüb doğurur:

"Heç şübhəsiz ki, Azərbaycan Respublikası jurnalistlərin peşə fəaliyyətinin müdafiəsinə sadiq olmaqla yanaşı, qarşılıqlılıq prinsipinin tətbiqini də təmin edir. Belə ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 11.4-cü maddəsinə əsasən, Media Reyestrinə daxil edilmiş jurnalistlərin peşə fəaliyyətinin həyata keçirilməsinə digər dövlətlər tərəfindən xüsusi məhdudiyyətlər qoyulduqda həmin məhdudiyyətləri tətbiq etmiş dövlətin jurnalistlərinə Azərbaycan Respublikasında da eyni məhdudiyyətlər qoyula bilər”.

İran bütün vətəndaşlarını “xarici agent” sifətində görür?

Görünən odur ki, rəsmi Tehran yalnız Azərbaycan mediasını hədəfə almır, İran vətəndaşlarına da həmin media ilə danışmağın riskli olduğu mesajını verir. Bu, faktiki olaraq informasiya karantini tətbiqidir.
 

Axı, mediaya müsahibə vermək, fikir bildirmək və jurnalistin sualını cavablandırmaq normal informasiya mübadiləsinin elementləridir. Lakin dövlət strukturlarının və ya təhlükəsizlik orqanlarının buna görə insanları cinayət məsuliyyəti ilə hədələməsi artıq senzura deməkdir.


Əgər bir iranlı ekspert, alim, siyasətçi, jurnalist və ya digər ictimai şəxs AzTV-yə müsahibə verməyə görə təhdid edilirsə, deməli, söhbət artıq konkret televiziya kanalından getmir. Söhbət İran hakimiyyətinin öz vətəndaşlarının hansı informasiya platformasında danışa biləcəyinə nəzarət etmək istəyindən gedir.

Paradoksal yanaşma

Əgər AzTV-nin yaydığı informasiya İran hakimiyyəti üçün həqiqətən əhəmiyyətsizdirsə, onda onunla müsahibəyə niyə bu qədər sərt reaksiya verilir?

Cavab aydındır. Deməli AzTV-nin yaydığı informasiya İranda kifayət qədər təsir gücünə malikdir.
 

Üstəlik, AzTV-nin yayımladığı məlumatlar hakimiyyət üçün nə qədər arzuolunmazdırsa, sadə vətəndaşlar üçün bir o qədər əhəmiyyətli və zəruridir. Bu da o deməkdir ki, AzTV İranla bağlı həqiqətləri deyir və göstərir.


Belə vəziyyətdə İran hakimiyyəti həqiqəti göstərən güzgünü qadağan etməkdənsə, öz qüsurlarını düzəltməlidir. Əks təqdirdə digər aynalar da AzTV kimi İran həqiqətlərinə güzgü tutacaq.

“Düşmən media” etiketi əslində nəyi göstərir?

“Düşmən media” anlayışının tətbiqi media qurumunu jurnalistika subyekti kimi deyil, təhlükəsizlik təhdidi kimi təqdim edir. Bu isə iki məqsədə xidmət edir.

Birincisi, İran daxilində həmin media ilə əməkdaşlıq edən şəxsləri çəkindirmək.

İkincisi, İran cəmiyyətinin xarici informasiya mənbələrinə çıxışını məhdudlaşdırmaq.

Nəzərə alaq ki, AzTV-nin fəaliyyəti təkcə televiziya yayımı ilə məhdudlaşmır. Onun xəbər, beynəlxalq radio və müxtəlif rəqəmsal platformaları da fəaliyyət göstərir.  Deməli, müasir informasiya mühitində bir televiziya kanalını “qadağan etmək” əvvəlki dövrlərdəki kimi sadə məsələ deyil. Xəbər artıq efirdən əlavə sosial şəbəkələr, videoplatformalar və digər rəqəmsal kanallar vasitəsilə yayılır.

Azərbaycan-İran münasibətlərində son illərdə təhlükəsizlik, regional geosiyasət və informasiya məsələləri bir-birindən ayrılmaz hala gəlib. Cənubi Qafqazdakı yeni geosiyasi reallıqlar, Azərbaycanın artan regional rolu və Bakı ilə Tehran arasında fikir ayrılıqları informasiya müstəvisində də özünü göstərir.

Bu şəraitdə AzTV-nin İran daxilindəki hadisələrə, xüsusilə də Azərbaycanla bağlı məsələlərə yer verməsi dövlət telekanalımızı rəsmi Tehran üçün arzuolunmaz informasiya kanalına çevrir.
 

Lakin İran hakimiyyəti bir reallığı unudur ki, AzTV ilə mübarizə aparmaqla informasiyanın özünü aradan qaldıra bilməz. Üstəlik, hansısa media qurumuna qarşı sərt qadağalar həmin quruma əlavə diqqət gətirə bilir. Çünki istənilən qadağa auditoriyanın daha çox marağına səbəb olur. Bu da o deməkdir ki, rəsmi Tehranın əsas hədəfi AzTV yox, azad informasiyanın dövriyyəsidir.


Yəni iranlıların AzTV-yə müsahibə verməsinin təhdid predmetinə çevrilməsi məsələnin ən ciddi tərəfidir.

Eyni zamanda, bir jurnalistin sual verməsi ilə bir ekspertin cavab verməsi arasında dövlətin təhlükəsizlik məsələsinin görülməsi informasiya azadlığının sərhədlərinin nə qədər daraldığını göstərir.

Bununla da rejim açıq şəkildə İran cəmiyyətinə mesaj verir ki, “Nə danışdığınıza və kiminlə danışdığınıza diqqət edin.”

Belə yanaşma yalnız Azərbaycan mediasına münasibəti deyil, İran daxilində informasiya azadlığının vəziyyətini də xarakterizə edir.

AzTV üçün isə bu başqa bir anlama gəlir.

Bu hadisə ilk növbədə Azərbaycan mediasının regional informasiya məkanında artan rolunu da göstərir.

Bu qadağalar onu sübut edir ki, AzTV-nin İranda milyonlarla izləyicisi var. Həmin izləyicilər kanalın İranla bağlı fikirlərinə inanır və güvənir.
 

İran hakimiyyətini də narahat edən məhz bu inamdır. Ona görə də məsələ bir televiziya kanalına münasibətdən daha böyükdür. Rəsmi Tehran AzTV-nin özündən çox, AzTV vasitəsilə İran cəmiyyətinə daxil ola biləcək alternativ informasiya axınından narahatdır.


Bu isə Azərbaycan mediası üçün mühüm mesajdır. Yəni informasiya artıq yalnız dövlətlərarası münasibətlərin müşayiətçisi deyil, həmin münasibətlərin özünün mühüm cəbhələrindən biridir.

İranın AzTV-yə qarşı atdığı addım bir də bunu göstərir ki, silahla, diplomatiya ilə və iqtisadiyyatla yanaşı, informasiya da regionda geosiyasi güc faktoruna çevrilib. Bu məsələdə Azərbaycan mediası da Azərbaycan dövləti kimi qətiyyətli və məğlubedilməzdir.

Bizim.Media-nın analitik qrupu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO