“Azərbaycan heç bir cəbhədə yer almayacaq”

“Azərbaycan heç bir cəbhədə yer almayacaq”

Hazırda oxunan: “Azərbaycan heç bir cəbhədə yer almayacaq”

48497

Ukrayna hadisələri və ardınca Avrasiya İqtisadi Birliyinin elan olunması Azərbaycanın Qərb və Rusiya arasında qalması ilə bağlı fikirlərin yaranmasına səbəb olub. Bir sıra müşahidəçilərə görə, Rusiya Azərbaycan hakimiyyətinə AİB-ə qoşulması üçün müxtəlif yollarla təzyiq göstərir. Bu prosesdə Dağlıq Qarabağ probleminin həlli məsələsinin təhrikedici vasitə kimi gündəmdə olduğu iddia olunur. Eyni zamanda Qərb də Azərbaycana diqqətini artırıb, Avropa Birliyi və ABŞ Rusiya ilə qarşıdurmada Azərbaycanı qarşı cəbhədə görmək istəmir. 


Yeri gəlmişkən, bugünlərdə məlum olub ki, iyunun 28-də Bakıda keçiriləcək ATƏT-in illik toplantısında Rusiya əleyhinə qətnamə hazırlanır. Qətnaməni amerikalı senator hazırlayıb. Rəsmi Moskva isə ATƏT-in hazırladığı layihədən narahatlığını büruzə verib artıq. Moskvanı ATƏT-də təmsil edən səfir Vasili Lixaçov hazırlanan qətnamə layihəsini “yalançı və qeyri-obyektiv”  adlandırıb. Ancaq müşahidəçilərə görə, qətnamənin Bakıda qəbul olunması Azərbaycanla Rusiya arasında münasibətlərdə soyuqluq yarada bilər. 
Azərbaycanın Rusiya və Qərb arasında davam edən qarşıdurmada getdikcə daha çox sıxıldığı və tərəf tutmağa məcbur qalması ilə bağlı iddialara baxmayaraq Bakı hələ ki çox arxayın görünür. 

Doğrudanmı, hazırkı situasiya Azərbaycan hakimiyyəti üçün narahatlıq yaratmır? Milli Məclisin deputatı Zahid Oruc deyir ki, əksinə, Ukrayna proseslərindən sonra Azərbaycana təzyiq imkanları azalıb və Bakı artıq regionda marağı olan dövlətlər üçün əhəmiyyətini artırıb: “Real vətəndaşlar üçün təhlükə, çıxılmazlıq, labirint kimi görünən situasiya böyük siyasi quruluş və sistemlər üçün resurs, siyasi imkanlar kimi də dəyərləndirilə bilir. Bu gün hamı Rusiya və Ukrayna arasında konfrantasiyanın bölgədəki qüvvələr nisbətini dəyişdiyini və hamının seçim qarşısında qaldığını iddia edirkən, əvəzində bu şəraiti özünün maraqlarını gerçəkləşdirilməsi məkanına və prosesinə çevirənlər də var. Mən iddia etmirəm ki, biz Ukrayna xalqının faciəsi üzərindən bazarıq qurmalıyıq. Lakin onu vurğulamağa dəyər ki, hər bir halda yaranmış şəraitdə Azərbaycanın mövqeyinin daha da gücləndiyini görməkdəyik. Bölgədəki situasiyanın qiymətləndirilməsində Qərb də, Rusiya da yeni imkanlarla çalışmağa başlayıb. 

Bunu təsdiqləyən daha bir məqam yüksək çinli Avropa, Rusiya məmurlarının, diplomatların Bakıya səfər siyahısıdır. Biri-birinin ardınca Lavrov, Raqozin və sair yüksək səviyyəli səfərlər onu deməyə əsas verir ki, İlham Əliyevin qabaqlayıcı strateji baxışlar sistemi, onun rəyinin alınması indi müxtəlif qitələr və bu bölgədə maraqları olan dövlətlər üçün daha çox önəm kəsb eləməyə başlayıb”. 

Qərb-Rusiya rəqabətinin davam edəcəyini qeyd edən Z.Oruca görə, hazırda Bakı üçün əsas məsələ neytrallığı qoruyub saxlamaqdır: “Belə olan təqdirdə biz düşünməliyik ki, əlbəttə, Qərb və Rusiya arasında konfrontasiya davam edəcək, bu Ukrayna məsələlərindən öncə də vardı, sadəcə, baş verənlər onu daha da intensivləşdirdi. Ancaq başqa tərəfdən, biz onu bilməliyik ki, bu gün Azərbaycan prezidenti Ukrayna və Rusiya arasında bəlli münaqişənin çözümü üçün tam vasitəçilik missiyası olmasa da, söz sahibi kimi proseslərə təsir edə bilir. Həmçinin inqilabi dalğada hakimiyyətə gəlmiş yeni qüvvələr də bizdən hansısa məsələlərdə rəy istəyirlər. Ukrayna hakimiyyəti tam açıq və gizli vasitələrlə müxtəlif tədbirlərdə bizim mövqeyimizin necə olacağı ilə çox sıx şəkildə maraqlanırlar. Buna həmin məlumatlara bir az bələd olan şəxs kimi zəmanət verə bilərəm. O cümlədən də Rusiya. Belə olan təqdirdə biz nə etməliyik? Təbii ki, bizim üçün ən önəmli məsələ bölgədə tam neytrallığı qoruyaraq, eyni zamanda hamı ilə bərabər münasibətlər sürdürməkdir. Mənə görə, hazırkı dönəmdə əsas məsələ hədəfimizin dəqiq müəyyən olunmasıdır. Rusiya kimi ölkə ilə konfliktləri dərinləşdirmək olmaz, eyni zamanda Qərbin də siyasəti üçün platsdarm olmaq da çox təhlükəlidir. Belə olan təqdirdə Azərbaycan üçün indiki mərhələdə öz maraqlarını irəli aparmaqla yanaşı, ayrı-ayrı konfliktlərə qoşulmamaq da məqsədəuyğun olardı”.  

Zahid Orucun fikrincə, Bakını Rusiyaya qarşı qoymaq məqsədilə cəhdlər olsa da, Azərbaycan hökuməti ehtiyatlı davranaraq hər iki qütblə məsafəni qoruyub saxlamağa çalışır. Deputatın fikrincə, Azərbaycanın xarici siyasət kursu belə davam edəcək: “Baxın, NATO Parlament Assambleyasının Bakıda keçirilən son tədbirini anti-Rusiya aksiyasına çevirmək cəhdi vardı. Ancaq bu, baş vermədi. Biz düşündük ki, bölgənin məsələləri açılsın. 

Təhrik mümkündür, bu yöndə planlar hə, zaman olub, bu, siyasətin tələbləridir. Digər tərəfdən, ATƏT-in tədbirini Rusiyaya qarşı çevirməklə Azərbaycan özünü bloka qoşmuş olardı. Bu da Avropanın bütün resurslarının Qarabağ münaqişəsində əleyhimizə işləməsi kimi risk yaradır. Azərbaycanın dövlət rəhbərliyi buna qətiyyən getməz. Bu məsələnin başqa tərəfi təbliğatla bağlıdır. Gəlin baxaq, assosiativ sazişin imzalanması Ukrayna üçün nə qədər faydalı oldu ki, indi bizim hökumət Rusiya əleyhinə bəyanatlara qol çəksin. Biz o sənədə imza atmayacağıq. Eyni zamanda MDB kimi daha böyük bir qurumun olduğu halda AİB kimi qurumlara qoşulmağın heç bir mənası yoxdur. Azərbaycan dövlətinin xarici siyasət kursu kifayət qədər aydındır. Ermənistandan da fərqli olaraq daha aydın bir şəkildə mövqelərimizi ortaya qoymuşuq. Biz bütün ölkələrlə bərabərhüquqlu tərəfdaşlığın tərəfindəyik. Düşünürəm ki, yaranmış bu məsələləri çözmək üçün Azərbaycan dövlətinin dəqiq bəlli bir strategiyası var". 
Musavat.com

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO