Qərb geri çəkildi və Türkiyədə nə BAŞ VERİR? 

Hazırda oxunan: Qərb geri çəkildi və Türkiyədə nə BAŞ VERİR? 

43284

Son dönəmlərdə Türkiyə və Qərb arasındakı münasibətlərdə sular durulmaq bilmir. Belə ki, rəsmi Ankaranın müstəqil siyasət yürütməsinin doğurduğu narahatlıq Qərbin Ərdoğan hökumətinə qarşı manevrlərində özünü aydın şəkildə büruzə verir. Lakin Türkiyə tərəfi də baş verən hadisələrə səssiz qalmayaraq adekvat cavab tədbirləri görməkdən çəkinmir.

Belə ki, oktyabrın 23-də Əskişəhərdəki çıxışı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 10 ölkənin səfirinin “persona non grata” elan edilməsi göstərişini verdiyini açıqlayıb.

Buna səbəb kimi isə Türkiyə lideri aşağıdakı fikirləri səsləndirib:

“Bura Türkiyədir, zənn etdiyiniz qəbilə dövləti deyil. Lazım olan təlimatı xarici işlər nazirimizə verdim. Millətimizə yan baxanla cüzi dostluğumuz belə ola bilməz”.
 

MÖVZU İLƏ BAĞLI:

Ərdoğanın Füzuli səfəri ilə bağlı Ankaradan rəsmi AÇIQLAMA


Qeyd edək ki, bu hadisə Türkiyədə 2013-cü ildə baş verən Gəzi Parkı hadisələrinə görə və 2016-cı ilin 15 iyulunda dövlət çevrilişinə cəhddə ittiham edilərək həbs olunan iş adamı Osman Kavalanın azadlığa buraxılması üçün ABŞ, Fransa, Almaniya, Hollandiya, İsveç, Norveç, Finlandiya, Danimarka, Kanada və Yeni Zelandiya səfirləri bir həftə öncə ortaq bəyanat imzalamasından sonra baş verib.

Lakin rəsmi Ankaranın Qərbə qarşı sərt ritorika izləməsinin tək səbəbi bu deyil. Digər önəmli məqam isə, rəsmi Vaşinqtonun Türkiyəyə qarşı “F 35” qırıcılarının satışı zamanı yol verdiyi aldatmadır. Belə ki, rəsmi Ankara 1,5 milyard dollar ödənişi etdiyi halda Ağ Ev satış şərtlərini müxtəlif bəhanələrlə pozmağa cəhd edib. Ələxsus da, Türkiyənin Rusiyadan ixrac etdiyi “S 400” HHM-ləri məsələsi Qərbin Ankaraya qarşı yeritdiyi ikili siyasətə bəhanə kimi önə sürülüb.
 

Reallıqda isə NATO-nun bölgədəki əsas gücü olan Türkiyənin, təşkilatın bir nömrəli rəqibi olan Rusiya ilə əməkdaşlığı Qərbi qorxuya salmaya bilməzdi.


Təbii ki, üçüncü vacib nüansı da yaddan çıxarmaq olmaz. Bu da rəsmi Ankaranın müstəqil siyasət yürütməsinin Qərbin regiondan sıxışdırılmasına verdiyi önəmli təkandan qaynaqlanır. Xüsusilə də, Sorosun hakimiyyətə gətirdiyi Nikol Paşinyan hökumətinin Qarabağda Azərbaycana qarşı böyük məğlubiyyətindən sonra Rusiya ilə birlikdə Türkiyə bölgədəki proseslərdə iki əsas söz sahibindən birinə çevrilib (xatırladaq ki, Osman Kavalanın da məhz həmin Sorosun sponsorluğu ilə hərəkət etməsi haqqında yetərli sayda iddialar mövcuddur).

Qərblə rəqabətdə Türkiyəni nə gözləyir?

Ərdoğanın 10 dövlətə qarşı səsləndirdiyi bəyanatın ilk effekti isə məhz ölkənin pul vahidində görüldü. Belə ki, təkcə bu açıqlama belə son dönəmlər böyük dalğalanmaların müşahidə olunduğu lirənin kursunda dollar qarşısında 1,38% dəyər itkisinə gətirib çıxardı. Bu istiqamətdən yola çıxdıqda isə, Qərblə rəqabətin ilk növbədə Türkiyə iqtisadiyyatına zərər vuracağı irəli sürülən ehtimallar arasındadır.
 

Lakin Qərbin bu kimi təzyiqlərinin Ərdoğan hökumətinin müstəqil xarici siyasət kursunda xüsusi dəyişikliklər yaradacağı heç də inandırıcı görünmür.


Ümumilikdə isə, 10 ölkənin Türkiyəyə qarşı ortaq bəyanatının sırf rəsmi Ankaranın nəbzini yoxlamaq üçün edilən cəhd olaraq qiymətləndirilməsi daha doğru olardı. Xüsusilə də, bu variantın reallığı özünü həmin ölkələrdən əsas ikisinin – ABŞ və Kanada səfirliklərinin məsələ ilə bağlı “geri addım atması”nın nümayiş olunduğu bəyanatından sonra daha aydın şəkildə büruzə verdi. Belə ki, səfirliklərin tvitter hesabından edilən paylaşımda rəsmi Ankaranın qanun və qaydalarına hörmət etmək, onun daxili işlərinə qarışmamaq niyyətləri açıqlanıb.

İndiki situasiyada, Ərdoğanın sərt bəyanatının Qərbi rəsmi Ankaraya qarşı siyasətində müəyyən kompromisə getməyə məcbur edə biləcəyini proqnozlaşdıra bilərik.

Çünki Qərb də yaxşı başa düşür ki, Türkiyə ilə münasibətlərin bu cür sürətlə korlanması, onlar üçün heç də sərfəli variant deyil. Belə ki, Türkiyə kimi güclü NATO ölkəsinə qarşı bu cür mövqe sərgiləməyin rəsmi Ankaranı Qərbdən daha da uzaqlaşdıracağı aydın şəkildə nümayiş olundu. 
Belə olan halda isə, ABŞ-ın timsalında Qərbin Türkiyəyə qarşı siyasətini dəyişməkdən başqa seçim alternativi qalmadığını asanlıqla söyləyə bilərik.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO