“Müsavat Milli Şurada qalıb-qalmamaq məsələsinin müzakirəsini davam etdirir, amma son qərar verilməyib”. Partiya başqanının müavini, Milli Şuranın üzvü Gülağa Aslanlı “Media forum” saytına belə deyib.
O bildirib ki, məsələ ilk növbədə partiyanın Divanında müzakirə olunacaq. Gülağa Aslanlının sözlərinə görə, Divanın iclası dekabrın 9-da keçiriləcək: “Həmin iclasda qərar verilə, məsələ növbəti toplantıya saxlanıla, yaxud da Məclisdə baxılıb qərar verilməsi tövsiyə oluna bilər. Çox tələsməyə ehtiyac yoxdur. Məsələni tam müzakirə edib qərar verəcəyik”.
Gülağa Aslanlı deyib ki, şura fəaliyyətini davam etdirir, qurumda heç bir böhran yoxdur: “Güman edirəm ki, Milli Şura fəaliyyətini davam etdirəcək. Müsavat Partiyasının qurumda qalıb-qalmaması da kollektiv qərardan asılı olacaq”.
Gülağa Aslanlı onu da bildirib ki, dekabrın 5-də Milli Şuranın sədri Cəmil Həsənli ilə Müsavat başqanı İsa Qəmbər arasında görüş olub, amma bu, Müsavatın Milli Şura ilə bağlı müzakirə aparıb qərar verməsinin təxirə salınmasına səbəb olmayacaq: “Biz kollektiv qərar verəcəyik. Hesab edirəm ki, bu, düzgün yanaşmadır. Çünki Müsavat şuraya daxil olmaq üçün geniş müzakirə aparıb və kollektiv qərar verib. Buna bir şəxs qərar verməmişdi. Müsavatın şuradan çıxıb-çıxmamaq məsələsinə də kollektiv qərar verilməlidir”.


































































































