Prezidentdən Azərbaycan Din Xadimləri Forumunun iştirakçılarına MÜRACİƏT

Prezidentdən Azərbaycan Din Xadimləri Forumunun iştirakçılarına MÜRACİƏT

Hazırda oxunan: Prezidentdən Azərbaycan Din Xadimləri Forumunun iştirakçılarına MÜRACİƏT
226527
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Prezident İlham Əliyev “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb.

Bizim.Media  xəbər verir ki, müraciətdə deyilir:

"Hörmətli Forum iştirakçıları!

Sizi – “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda keçirilən Forumun iştirakçılarını salamlayıram.

Ayrı-ayrı dini etiqad və inanclara mənsub icmaların əmin-amanlıq şəraitində yaşadığı Azərbaycanda tarixən qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni münasibətlər sistemi formalaşmışdır.

Yüz illərlə nümunəvi tolerantlıq ənənələrinin mövcud olduğu ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməmişdir. Təsadüfi deyil ki, dünya dini liderlərinin mötəbər beynəlxalq tədbirlərinə uğurla ev sahibliyi edən Azərbaycan bu gün mədəniyyətlərarası əməkdaşlıq və dialoq məkanına çevrilmişdir.

Cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin qorunub saxlanılması, zəngin multikulturalizm dəyərlərinin təbliği və təşviqi dövlət siyasətimizin başlıca istiqamətlərindən biridir. Ölkəmizdə din siyasəti demokratik, hüquqi, dünyəvi dövlətçilik prinsiplərinə və beynəlxalq normalara uyğun həyata keçirilir. Biz bu təcrübəni ictimai-siyasi sabitliyin və həmrəyliyin vacib amili kimi qiymətləndiririk.

Hazırda dünyada cərəyan edən mürəkkəb proseslər, dinin siyasi məqsədlər üçün vasitəyə çevrilməsi, ksenofobiya, ekstremizm, məzhəbçilik kimi mənfi təzahürlər beynəlxalq sülhə və əmin-amanlığa ciddi təhdidlər yaratmaqdadır.

Belə təhlükəli amillərin vaxtında qarşısının alınması üçün dinin cəmiyyət həyatında yerinin və rolunun düzgün qiymətləndirilməsi, mənəvi-əxlaqi tərbiyə işinin təkmilləşdirilməsi, dini təhsil və maarifləndirmə istiqamətində fəaliyyətin gücləndirilməsi günümüzün zəruri məsələlərindəndir. Bu sahədə din xadimlərinin üzərinə böyük vəzifələr düşür.

Azərbaycanda müxtəlif konfessiyaları təmsil edən din adamlarının, ilahiyyatçıların, alim və mütəxəssislərin aktual problemlərin müzakirəsi ilə bağlı bir araya gəlməsini təqdirəlayiq hesab edirəm.

Əminəm ki, toplantınız konstruktiv müzakirələr şəraitində keçəcək, ölkəmizdə dini maarifləndirmənin müasir tələblərə uyğun təşkilinə və mənəvi-əxlaqi dəyərlərin təbliğinə layiqli töhfə verəcəkdir.

Bir daha sizə ən xoş diləklərimi yetirir, Forumun işinə uğurlar arzulayıram".


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO