
- A-
- A
- A+
Adi qaşıntıdan həyati təhlükəyə... - Balıq allergiyası niyə sonradan yaranır?
Elmi cəhətdən sübutu olmasa da, xalq arasında adında “r” hərfi olan aylar balıq ziyafətlərin təşkil olunduğu aylardır. Ona görə də çoxlarının gözlədiyi balıq mövsümü artıq başlayıb. Hər nə qədər balıq zülal, omeqa yağları və digər faydalı maddələrlə zəngin olsa da, bəzi insanlarda ciddi allergik reaksiyalara səbəb olur.
Bəs balıq niyə bəzi insanlara “düşmən” kəsilib?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan allerqoloq Səbinə Quliyeva bildirdi ki, allergiyanın yaranma səbəbi əslində elmə tam məlum deyil.
Bəzən irsi meyillilik, digər dermotoloji xəstəliklər, astma kimi hallar qida allergiyasının yaranmasına səbəb ola bilər. Üstəlik bunun həm uşaqlıqda, həm də yetkin yaşlarda başladığı olur.
“Bəzən isə yetkin yaşlarına qədər heç bir allergik reaksiyası olmayan insanlarda qəfil allergiya yaranır. Müayinə zamanı bütün əlamətlər histamin səviyyəsinin artıdığını göstərir, buna uyğun müalicələr, pəhrizlər yazılır. Lakin dəqiq səbəblərini müəyyənləşdirmək olmur. Yalnız əsas ehtimallar var. Məsələn, yaş atrdıqca immun səviyyəsinin, maddələr mübadiləsinin dəyişməsi allergik reaksiyaların əsas səbəblərindəndir. Dünənə qədər balığı tanıyan, qəbul edən orqanizm, indi onu yad və təhlükəli hesab edib kəskin reaksiya göstərir”.
Həkim əlavə etdi ki, daha bir səbəb bədəndə nə vaxtsa baş vermiş histamin zəhərlənməsidir.
“Məsələ birbaşa balıqla əlaqəli olmaya bilər. Bəzən düzgün qidalanmama, xüsusilə ziyafətlərdə, məclislərdə qida qəbulu ardıcıllığına əhəmiyyət vermədikdə allergiyanı yaradan histamin səviyyəsi artır. Belə məqamda balıq kimi güclü qidanın da əlavə olaraq qəbulu bədəndə əks reaksiya yaradır. Həmçinin, sırf balıq zəhərlənməsi də orqanizmin bu qidaya qarşı dözümsüzlüyünə gətirib çıxara bilər”.
Amerika Allergiya və İmmunologiya Kollecinin məlumatında isə bildirilir ki, balıq allergiyası yetkinlik yaşına çatana qədər özünü büruzə verməyə bilər. Aparılan tədqiqatlardan birində məlum olub ki, balıq allergiyası olduğunu bildirən insanların təxminən 40 faizində yetkinlik yaşına çatana qədər balıqla bağlı heç bir problem olmayıb.
Balığa allergiyası olanlar nələri bilməlidir?
Lakin burada bir fərqə diqqət yetirmək lazımdır: məsələn, tuna, belluqa, qızılbalıq kimi balıqlara allergiyanın olması, dəniz məhsullarına (krevet, xərçəng və ya omar) da allergiya olduğu anlamına gəlmir.
Bəzi allerqoloqlar allergiyası olan şəxslərə hər ehtimala qarşı bütün növ balıqları yeməkdən çəkinməyi tövsiyə etsələr də, əslində müəyyən bir balıq növünə allergiyası olan bir şəxsin digər növ balıqları təhlükəsiz şəkildə yeməsi mümkündür. Amma digər balıq növlərini özbaşına sınaqdan keçirmək təhlükəlidir. Bunu ancaq allerqoloqun iştirakı və xüsusi allergik test vasitəsi ilə hansı balıq növünə allergiya olmasını yoxlamaq olar.
Məlumat üçün bildirək ki, balıq allergiyası təkcə dərinin qızarması və qaşınması ilə bitmir. Ağır hallarda boğazın şişməsi və nəfəs darlığına da keçə və daha təhlükəlisi – anafilaktik şok yarada bilər. Balıq yedikdən sonra nəfəs almaqda çətinlik, boğazda şişmə və ya huşun itirilməsi baş verərsə, dərhal təcili tibbi yardım çağırılmalıdır.
Şəfiqə Şəfa, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































