
- A-
- A
- A+
Ukraynadan Rusiyaya qaçan sabiq deputat İsveç sərhədində saxlanıldı
Ukraynada 12 il müddətinə azadlıqdan məhrum edilmiş sabiq deputat Dmitri Svyataş Rusiyadan İsveçə gəldikdən sonra saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə İsveçin “Expressen” nəşri məlumat yayıb.
Xatırladaq ki, Rusiyaya qaçan 55 yaşlı Dmitri Svyataş Ukraynanın ən varlı şəxslərindən biri olub. Hazırda o, İsveç Miqrasiya Şurasının nəzarəti altında saxlanılır.
KİV-in məlumatına görə, Svyataş İsveçə amerikalı musiqiçi Stivi Uanderin konsertinə qatılmaq üçün Rusiyadan gəlib.
Qeyd olunur ki, keçmiş siyasətçi pasport nəzarəti zamanı sərhəd polisi tərəfindən saxlanılıb. Svyataşın həm Rusiya, həm də Ukrayna vətəndaşlığı var. Jurnalistlərin məlumatına görə, o, sərhəd nəzarətində Ukrayna pasportunu təqdim edib.
Svyataşın vəkilinin sözlərinə görə, ölkəyə girişin qadağan edilməsinin rəsmi səbəbi Polşanın 2026-cı ilin sentyabrında qəbul etdiyi təkrar giriş qadağası ilə bağlı qərardır. Həmin qərar Şengen zonasına daxil olan ölkələrin ümumi məlumat bazasına daxil edilib. Müdafiəçi isə bu qərarın siyasi motivli olduğunu hesab edir.
UNİAN-ın məlumatına görə, Ukrayna Ali Radasının IV–VIII çağırışlarının deputatı olmuş Dmitri Svyataş 2024-cü ildə Ukraynanın sərhədlərinin dəyişdirilməsinə çağırışlar, əmlakın leqallaşdırılması və 2,2 milyard qrivna məbləğində dələduzluq ittihamları üzrə əmlakı müsadirə olunmaqla 12 il müddətinə azadlıqdan məhrum edilib.
İstintaqın məlumatına görə, “Regionlar Partiyası” fraksiyasının üzvü olmuş Svyataş Rusiya tərəfindən Xarkov vilayətinin mümkün “qubernatoru” kimi nəzərdən keçirilib. Bundan başqa, onun Rusiyanın silahlı təcavüzünə haqq qazandırdığı bildirilib.
Təqsirləndirilən şəxsin iştirakı olmadan, lakin müqavilə əsasında təyin edilmiş müdafiəçinin iştirakı ilə keçirilən məhkəmə prosesində prokuror sübut edib ki, 2019-cu ildən Rusiyada yaşayan Svyataş 2022-ci il ərzində “Facebook” səhifəsində Ukraynaya qarşı silahlı təcavüzün olmadığını iddia edən, ölkə ərazilərinin işğalını qanuni göstərən paylaşımlar edib.
O, həmçinin müvəqqəti işğal altında olan ərazilərin sakinlərini kollaborasionist fəaliyyətlə məşğul olmağa və Rusiya bankları ilə əməkdaşlıq etməyə çağırıb.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































