
- A-
- A
- A+
65 illik infrastruktur yenilənir - 10 rayonun su təminatı yaxşılaşacaq – FOTO/VİDEO
Ölkənin mühüm suvarma infrastrukturu layihələrindən biri olan Şirvan suvarma kanalının yenidən qurulması layihəsi çərçivəsində genişmiqyaslı tikinti-quraşdırma işləri aparılır.
Bizim.Media xəbər verir ki, 2024-cü ildə başlanılan layihənin 2027-ci ildə tam başa çatdırılması nəzərdə tutulub.
1958-ci ildən istismarda olan Yuxarı Şirvan kanalı 65 ildən artıq müddət ərzində fasiləsiz fəaliyyət göstərib.
Lakin uzunillik istismar nəticəsində kanalın torpaq məcrasında baş verən dəyişikliklər və hidrotexniki qurğuların köhnəlməsi su itkilərinin kəskin artmasına səbəb olmuşdu. Bu problemlərin aradan qaldırılması, su resurslarından səmərəli istifadə olunması və əkin sahələrinin genişləndirilməsi məqsədilə kanalın müasir standartlara uyğun olaraq yenidən qurulmasına başlanılıb.
Yenidənqurma işləri nəticəsində kanalın ümumi uzunluğu 122 kilometrdən 204 kilometrə, maksimal sugötürmə qabiliyyəti isə saniyədə 78 kubmetrdən 180 kubmetrə çatdırılacaq.
Yenilənmiş suvarma kanalı 10 rayonu — Yevlax, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Ağsu, Zərdab, İsmayıllı, Şamaxı və Hacıqabul rayonlarını əhatə edəcək. Layihə sayəsində 105 950 hektar yeni torpaq sahəsi əkin dövriyyəsinə cəlb ediləcək, həmçinin yaşayış məntəqələrinin məişət suyu təminatı əhəmiyyətli dərəcədə yaxşılaşacaq.
Tikinti işləri hazırda 4 mərhələ üzrə paralel olaraq davam etdirilir.
Ümumilikdə, 204 km-lik kanalın 134 km-də qazıntı, 113 km-də isə beton üzlük işləri yekunlaşıb. Layihə çərçivəsində nəzərdə tutulan 171 hidrotexniki qurğudan 110-da tamamlama işləri həyata keçirilir.
Xatırladaq ki, ölkə başçısı İlham Əliyev 2024-cü il aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































