Qondarma Dağlıq Qarbağ Respublikasının bəzi ölkələrdə nümayəndəliyinin olduğu bəllidir.xa0
Son günlər işğalçı rejimin daha da azğınlaşması və həyasızcasına xarici dairələrdə havadar axtarışına çıxması, bu azmış kimi Bako Saakyanın ABŞ Konqresində də təmtəraqla qarşılanması bizim diplomatik sahədə ermənilərlə başqa savaş platformalarına baş vurmağımızı zəruri edir. Odur ki, ilk növbədə Dağlıq Qarabağın Azərbaycanlı İcmasının da xaricdə nümayəndəliklərinin yaradılması məsələsi aktuallaşıb.
Moderator.az-a açıqlama verən politoloq Tofiq Abbasov da belə bir addıma ehtiyac duyulduğunu deyir:
“Hesab edirəm ki, buna ehtiyac var. Çünki qondarma Ermənistanın və qondarma Dağlıq Qarabağ Respublikasının fəaliyyəti nəticəsində dünyada bəzi insanlarda belə bir təəssurat yaranır ki, guya Dağlıq Qarabağ yalnız ermənilərin adı ilə bağlıdır. Əgər hansısa danışıqda Qarabağın erməni icması nümayəndələri iştirak edirsə, o zaman azərbaycanlı icmasının da nümayəndələri iştirak etməlidir.xa0
Bu gün qondarma rejimin nümayəndələri xaricdə bir-iki otaqdan ibarət xırda ofislərdə oturub özfəaliyyətlə məşğuldurlar və özlərini səfirlik əməkdaşları kimi hiss edirlər. Onlar müxtəlif təşkilatların qapısını döyərək yalvarır, insanları öz yalanlarına inandırmağa çalışırlar. Onların bu fəaliyyətinin böyük siyasi əhəmiyyəti yoxdur. Ancaq xaricdə Dağlıq Qarabağın Azərbaycanlı İcmasının nümayəndəliklərinin yaradılması məqsədəuyğun olardı. Bu, beynəlxalq ictimaiyyəti Qarabağ həqiqətləri ilə bağlı daha ətraflı məlumatlandırmağa əlavə imkanlar yaradar”.
Seymur Əliyev




































































































