Müharibənin yaralı tibb bacısı…

Hazırda oxunan: Müharibənin yaralı tibb bacısı…

4293

İndi onun şəfa verən əllərə ehtiyacı var. Bir də nə vaxt ayağa duracağına heç kim zəmanət verə bilmir. Özü isə o anı belə xatırlayır:

“Hər şey bir göz qırpımıda baş verdi. Hamı özünü çölə atanda bir də gördüm belimə nəsə dəydi. Tərpənə bilmədim. Sonra orada əməliyyat olundum. Vəziyyətim ağır olduğu üçün Bakıya ATU-nin Tibbi Cərahiyyə Kilinikasına göndərildim. Hazırda ATU-nin Cərrahiyyə şöbəsində müalicə alıram. Üç dəfə əməliyyat olunmuşam. Hələ ayağa qalxacağım haqda heç kim bir söz demir”.

II Qarabağ Savaşı zamanı güllə yarası alan iki tibb bacısından biridir Rəmziyyə Quliyeva. Qadın olmasına baxmayaraq heç zaman döyüşdən, mübarizədən qorxmayıb. Aprel döyüşləri zamanı da ön cəbhədə əsgərlərimizə yardım edib, hospitallarda ən çətin cərrahi əməliyyatlarda həkimlərə köməklik göstərib. Elə bəşəriyyətin görünməz düşməni olan COVİD-19-la da mübarizədə aylarla xəstəxanalarda qalıb, iki sevər balasının üzünü həftələrlə görməyib. 

“Düşmənin atdığı raket atəşləri zamanı Bərdə xəstəxanasında növbədəydim. Qəlpələr bədənimin müxtəlif yerlərinə doluşdu. Bir qəlpə onurğa sütunumu sıradan çıxarıb”

Xəstənin ümumi cərrahı professor Nuru Bayramov deyir ki, qəlpə parçaları xəstənin onikibağırsağını çox təhülkəli zədələmişdi:

“Belə xəstələrdə həyatların itirmək riski daha çox olur.  Xəstə Rəmziyyə Quliyevanın isə indi həyatı təhlükəsi  yoxdur. Bu da müsbət haldır”.

Nuru Bayramov əlavə edir ki, terror hadisəsi zamanı Rəmziyyə Quliyeva onurğa beyni və onurğa stünündan aldığı zədədən konservativ müalicə olunur:

“Hazırda 2 aylıq müalicə kursu almalıdır. Xəstənin aşağı ətrafı işləmir, onun ayağa durması üçün nə qədər vaxt tələb olunur, demək çətindir. Yerli mütəxəssislər  xəstənin sağalmasını daimi olaraq izləyirlər”.

Qəhrəman tibb bacısı Rəmziyyə Quliyeva ağrılı ağır anlarında da əsgərlərimizi düşünür. Deyir ki, heç özümü bağışlaya bilmirəm ki, belə tez yaralandım. Orda köməyə ehtiyacı olan neçə balamız vardı:

“Yaralı əsgərlərimiz çox idi. II Qarabağ savaşında ən ağır döyüşlər 27-29  sentyabrda oldu.  Əlimizdən nə kömək gəlirsə əsirgəmirdik. Vətənimiz sağ olsun. O oğulların sayəsində biz Qarabağımıza qovuşduq”.

Deyir, mənim də iki oğlum var, gözləri yollarda qalıb. Sağalmağa qeyrət edirəm, həkimlərimiz də sağ olsunlar, əllərindən gələni edirlər.

Qəhər onu boğduğu üçün söhbəti yarımçıq saxlamalı oluram. 

Burdan o tərəfini biz danışaq: 

Rəmziyyə Quliyeva Bərdə Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinin tibb bacısıdır. 1971-ci ildə Bərdə rayonun Kətəlparaq kəndində anadan olub. Mingəçevr Tibb Texnikomunu bitirib. 10 ilə yaxındır ki, tibb bacısı olaraq fəaliyyət göstərir.  Ailəlidir, iki oğul övladı var. İndi o uşaqların anasının nə vaxt bir də ayağa qalxıb onların qulluğunda duracağı haqda heç kim dəqiq söz deyə bilmir...

Xatırladaq ki, II Qarabağ savaşında  ilk xanım şəhid, hərbi tibb qulluqçusu Arəstə Baxışova olub. Rəmziyə Quliyeva isə hazırda sağlığına qovuşmaq üçün mübarizə aparır.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO