
- A-
- A
- A+
Erməni rəqqas Bakıya gəldi: "Qardaşım və bacım burada yaşayır" - Foto
Tanınmış erməni rəqqas Arsen Aqamalyan Bakıya gəlib.
Bizim.Media xəbər verir ki, Arsen bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Arsen Aqamalyan həyat yoldaşı Oksana Vasilyeva ilə birlikdə Bakıda iki rəqs nömrəsi – “Karmen” və “Besov”u təqdim edəcəklərini bildirib.
Erməni rəqqas Bakıya səfərinin onun üçün xüsusi məna daşıdığını vurğulayıb. O qeyd edib ki, Bakı valideynlərinin tanış olub evləndiyi və gənclik illərini birgə yaşadığı şəhərdir. Həmçinin özü və bacısı Rena da bu şəhərdə dünyaya gəliblər.
“Mən – erməni, dünya çempionatına bir ay qalmış Azərbaycana gəlirəm ki, göstərim: biz rəqs, incəsənət vasitəsilə ünsiyyət qura bilərik”, – deyə o yazıb.
“Atam Qarabağdan, anam Bakıdandır”
Arsen Aqamalyan bildirib ki, 2 yaşına qədər Bakıda yaşayıb. Daha sonra ailəsi ilə birlikdə Qarabağın mərkəzinə - Xankəndiyə köçüb.
Onun sözlərinə görə, ailənin Bakıdan köçməsi sonradan baş verən münaqişə ilə əlaqəli olmayıb.
“Valideynlərim idman fakültəsində təhsil alıblar. Atam futbolçu idi, Qarabağın Ağdərə şəhərindən olan erməni idi və anam isə Bakıdan olan rus idi, idman gimnastikası ilə məşğul olurdu.
Mən 2 yaşıma qədər Bakıda yaşadım. Sonra Qarabağa köçdük. Bu köç sonradan baş verən hadisələrlə bağlı deyildi. Daha sonra münaqişə, eskalasiya başladı və 1992-ci il gəldi. Həmin vaxt Ermənistana, Rusiyaya gedən yol açıldı və valideynlərim bizi oradan çıxardılar.
Hamımızı yox. Mənim 1 yaşlı kiçik qardaşım orada vəfat etdi. Bu, anam üçün həlledici oldu. Getmək və bir daha geri qayıtmamaq qərarı verdi. Amma bütün bunlar sonralar baş verdi...
O vaxta qədər isə hər yay bizi Bakıya, ulu nənəmiz Polinanın və nənəmiz Tayinin yanına aparırdılar. Nənəngilin Bakıdakı həyətini xatırlayıram. Dumanlı şəkildə yadımdadır, deyəsən, Sabunçu idi. Orada uşaqlarla necə qaçıb oynadığımı xatırlayıram. Deyirlər, həmin uşaqlardan bəziləri hələ də orada yaşayır”, – deyə Aqamalyan qeyd edib.
37 ildən sonra qardaş və bacısı ilə görüşəcək
Rəqqas Bakıya səfəri zamanı 37 ildir görmədiyi qardaşı və bacısı, eləcə də onların indiyədək heç vaxt görmədiyi övladları ilə bir araya gələcəyini bildirib.
O, uşaqlıqda eyni həyətdə oynadığı insanlarla da görüşmək niyyətindədir.
“37 ildir görmədiyim qardaşım və bacımla görüşəcəyəm. İnların uşaqları ilə tanış olacağam. Uşaqlıqda həyətdə birlikdə qaçıb oynadığım insanları görəcəyəm. Anam rusdur və onun tərəfdən olan qohumlarımız Bakıda qalıb”, – deyə o yazıb.
A.Aqamalyanın sözlərinə görə, beş il ərzində ona “Azerbaijan Dance Festival 2026” tədbirində iştirak etmək üçün dəvət göndərilsə də, hər dəfə bundan imtina edib. Təxminən altı ay əvvəl dəvət yenidən gəlib və o, ilk dəfə bu təklifi nəzərdən keçirəcəyini bildirib.
Rəqqas qərar verməzdən əvvəl Xankəndidə altıncı sinfə qədər birlikdə oxuduğu sinif yoldaşlarının da fikrini öyrənib.
“Onların hər biri öz fikrini bildirdi. Hamısının razılaşdığı yeganə məqam mənim üçün narahat olmaları, mənə görə nigaran qalmaları idi. Buna görə onları çox sevirəm. Amma birdən anladım ki, özüm də gəlmək istəyirəm. Daxilimdə bu arzunun olduğunu hiss etdim. Gəlmək və rəqs etmək istəyirəm”, – deyə o vurğulayıb.
“Mənim müharibə apara biləcəyim vasitə rəqsdir”
Arsen Aqamalyan incəsənətin və rəqsin insanları birləşdirmək gücündən danışıb. Onun fikrincə, istedad və sənət qarşısında insanın milliyyətinin əhəmiyyəti olmamalıdır.
“Rəqs mənim müharibə apara biləcəyim vasitədir. Onunla qalib gələ bilərəm. Eyni zamanda onun qarşısında məğlub olmağa da hazıram. Çünki incəsənət insanı qeyri-adi dərəcədə istedadlı edəndə onun hansı millətdən olmasının mənim üçün heç bir əhəmiyyəti yoxdur. Mən onun qarşısında təslim oluram.
Mənə elə gəlir ki, biz yalnız belə mübarizə aparmalıyıq – bir-birimizi istedadımız və bəxş etdiyimiz sənətlə fəth edərək”, – deyə rəqqas bildirib.
O, Qarabağ, doğulduğu və yaşadığı şəhərlə bağlı düşüncələrinin dəyişməz qaldığını da qeyd edib. Bununla belə, mübahisə etməyin, razılığa gəlməməyin, ünsiyyətdən qaçmağın və davamlı olaraq nəyisə sübut etməyə çalışmağın çıxış yolu olmadığını vurğulayıb.
Arsen humanist ideyaların qəti tərəfdarı olduğunu bildirib:
“Mən humanist ideyaların qəti tərəfdarıyam. Yəqin ki, insanların bir-birinin yanında yaşaya, ünsiyyət qura və sevə biləcəyini düşünmək sadəlövhlükdür. Amma bütün ailəm, ailəmin bioqrafiyası bunun mümkünlüyünə nümunədir”.
Bakıda Rüstəm İsmayılovla da görüşəcək
Arsen Aqamalyan səfəri zamanı Bakıda Rüstəm İsmayılovla görüşəcəyini də bildirib. Onun sözlərinə görə, İsmayılovla bütün bu məsələlər ətrafında söhbət edəcəklər.
“Görək necə olacaq, nə baş verəcək... Qarşıda Rüstəm İsmayılovla görüş var. Əminəm ki, onunla bütün bu mövzular barədə danışacağıq”, – deyə o qeyd edib.
Daha sonra Bakıya çatan rəqqas Azərbaycan paytaxtından şəkil paylaşıb.
Qeyd edək ki, Arsen Aqamalyan bal rəqsləri üzrə ikiqat dünya çempionu və üçqat Avropa çempionudur. O, oktyabrın 30-da Oksana ilə birlikdə “Azerbaijan Dance Festival 2026” çərçivəsində Bakıda iki rəqs nömrəsi ilə çıxış edəcək. (Modern.az)
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































