Fazil Mustafadan qalmaqallı açıqlama - “Məktəb qalıb direktorun ümidinə...”

Fazil Mustafadan qalmaqallı açıqlama - “Məktəb qalıb direktorun ümidinə...”

Hazırda oxunan: Fazil Mustafadan qalmaqallı açıqlama - “Məktəb qalıb direktorun ümidinə...”
644972
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bəzən bir şəxsin, bir şagirdin faciəsi belə cəmiyyətin güzgüsünə çevrilə bilir. O güzgüdə yalnız baş verən faciəni deyil, bizi narahat etməli olan daha böyük bir mənzərəni görürük. Böyüyən uşaqlarımızın davranışlarını, seçdikləri qəhrəmanları, heyran olduqları həyat tərzini... Ən ağrılısı isə budur ki, bəzən güc anlayışı dəyişir, hörmət qorxu ilə, cəsarət aqressiya ilə, qəhrəmanlıq isə başqasını əzməklə qarışdırılır.

Ötən gün Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə şagirdin həyatını itirməsi ilə nəticələnən faciə baş verib. Hadisəni işıqlandırmaq üçün məktəbə gedən “Real TV” və “Space TV” əməkdaşları fiziki təzyiqlə üzləşiblər. Bir şagirdin həyatını itirdiyi faciənin ardınca təhsil ocağının həyətində jurnalistlərə qarşı zorakılıq da cəmiyyətdə ciddi suallar doğurub. Əlbəttə, hadisənin bütün təfərrüatları, zorakılıqda iştirak edən şəxslərin kimliyi və onların şagird olub-olmamasının araşdırılması aidiyyəti qurumların üzrəinə düşən məsələdir. Ancaq bu və bu kimi hadisələr gənclərin zorakılığa meyil etməsini gündəmə gətirir.
 

Bir vaxtlar uşaqların qəhrəmanları böyük dəyərlər uğrunda mübarizə aparanlar idi. İndi isə kriminal aləmin simvollarını, danışıq tərzini və davranışlarını özünə imic seçən gənclər az deyil. Ən təhlükəlisi qanunsuzluğun ayıb deyil, nüfuz, zorakılığın qüsur deyil, “kişilik” kimi təqdim edilməsidir. Bu məsələdə ailənin də, məktəbin də, bütün bunları təşkil edən cəmiyyətin də rolu böyükdür. Məktəb uşağın şəxsiyyət kimi formalaşdığı, dostluq, mərhəmət, məsuliyyət kimi dəyərləri öyrəndiyi məkandır. Müəllim, psixoloq və valideyn bir-birindən xəbərsiz deyil, əməkdaşlıq şəraitində fəaliyyət göstərməlidir.


Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa deyib ki, bu məsələdə hansısa bir tövsiyə vermək yersizdir. Onun sözlərinə görə, sistemli bir siyasət həyata keçirilməlidir:

“Orta məktəbdə təkcə təhsil yox, təhsil onsuz da arzulanan səviyyədə deyil, repetitor fəaliyyəti məktəb təhsilini tam sıradan çıxarıb. Tərbiyə məsələsi də yalnız məktəblə bağlı deyil. Valideyn-məktəb əlaqəsi pozulub və valideynin məktəbə baş çəkməyə bəzən imkanı olmur. Məktəbin sabit bir pedaqoji kollektiv kimi formalaşması mümkün olmur. Üç- beş ildən bir direktor dəyişir, yaxud da müəllimlərin yerləri dəyişir, bu dəyişikliklər hansısa formada sabit bir pedaqoji sistem qurmağa da imkan vermir. Məktəbdənkənar informasiya axını da çox güclüdür. Bu, yəni müəllimlə, məktəblə bağlı deyil. Bu informasiyadan da qorunma təcrübəli adam üçün mümkün ola bilir. Amma bir məktəbli üçün təbii ki, siqaret, bəzən narkotik, kriminal aləm cəlbedici olacaq”.

Deputatın fikrincə belə bir vəziyyətdə bu uşaqları mütaliəyə, oxumağa cəlb etmək mümkün deyil və məktəbdə məşğuliyyət imkanlarını genişləndirəcək infrastruktur yoxdur:

“Məsələn, məktəbdə hərbi təlimlər, əmək hazırlığı, hansısa peşə hazırlığına yönələn fəaliyyətlər olmalıdır, onları oxumağa, mütaliəyə təşviq eləyən mexanizm qurulmalıdır. Bunların heç biri yoxdur. Yoxdursa, başqa bir şey uma bilmərik. Belə də gedəcəkdir, ona görə də boşuna hansısa bir təklif verməyin bir mənası yoxdur. Açığı məktəb sistemi, idarəetmə fəlsəfəsi tamamilə başqadır”.

Milli Məclisin üzvü qeyd edib ki, ağıllı cəmiyyətlərdə pul başqa sahələrdən qazanılır:

“Məktəb varlanma mənbəyinə çevriləndə onu sonradan dəyişmək mümkün olmur. Universitet də, kollec də belədir. Yəni biz təhsilin hədəfinə uyğun təhsil vermirik. Ona görə də bunun üzərində düşünməliyik və cəmiyyət bu barədə müzakirə aparmalıdır. Ən acınacaqlısı odur ki, bunun müzakirəsini aparmaq üçün də mühitimiz yoxdur. Məktəb qalıb bir direktorun ümidinə. Əgər o vicdanlıdırsa, məktəbdə yaxşı mənada müəyyən şeyləri dəyişəcək. Əgər vicdansızdırsa, başını qatacaq, ya kiminsə hesabına gəlib orada oturubsa, vəzifə tutubsa, bu da bir məktəbin, müəyyən dərəcədə bir nəslin sıradan çıxmasına səbəb olur”.

O, əlavə edib ki, acınacaqlı məqam jurnalistlərin döyülməsinin də məhz həmin aqressiyanın, həmin mühitin təsiri olmasıdır.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO