Deyəsən Tramp adminstrasiyası artıq Ukrayna böhranını sülh yolu ilə aradan qaldırmağın asan başa gəlməyəcəyini anlamağa başlayıb.
ABŞ sülhdən əlini üzür...
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, əgər tərəflərdən biri danışıqlar prosesini çətinləşdirərsə, administrasiya Ukrayna böhranının sülh yolu ilə həlli cəhdlərindən imtina edəcək.
“Ola bilər ki, hansısa səbəbdən iki tərəfdən biri bunu çox çətinləşdirəcək – o zaman biz sadəcə deyəcəyik:
“Siz axmaqsınız, siz ağılsızsınız, siz dəhşətli insanlarsınız”. Biz sadəcə bundan imtina edəcəyik. Amma ümid edirəm ki, bunu etməyə ehtiyac olmayacaq”, - Tramp bildirib.
Trampın bu açıqlamasından bir gün öncə dövlət katibi Marko Rubio da anoloji açıqlama ilə çıxış edib. O da Vaşinqtonun vasitəçilikdən əl çəkə biləcəyinə işarə vurub.
Maraqlıdır ki, bu cür açıqlamalar Trampın vəzifəyə başlamasının 100 günü ərəfəsində gündəmə gətirilir. Qeyd edək ki, təxminən 10 gündən sonra Trampın hakimiyyətinin 100 günü tamam olur.
ABŞ-ın yüksəkvəzifəli rəsmilərinin dilindən səslənən bu açıqlamalar ya müharibə aparan tərəflərə təzyiq xarakterlidir, ya da Ağ Ev adminstrasiyası vasitəçilik missiyasının nəticə verəcəyindən şübhələnməyə başlayıb.
Uğursuz atəşkəs
Baş verənlər fonunda Putinin “Pasxa atəşkəsi” elan etməsi də diqqət çəkir. Belə ki, Rusiya lideri müqəddəs Pasxa bayramı ilə əlaqədar hərbi əməliyyatların 2 günlük dayandırıldığını elan edib. Lakin Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Pasxa ilə bağlı atəşkəsi min dəfələrlə pozduğunu açıqlayıb.
Bu amillər isə Ukraynada müharibənin nəinki səngiməyəcəyi, əksinə daha kəskin mərhələyə qədəm qoya biləcəyi ehtimalını istər-istəməz artırır.
“Trampın mövqeyi həlledici olacaq”
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən hərbi ekspert İbrahim Rüstəmlinin fikrincə, Rusiya Ukrayna müharibəsi indiki vəziyyətdə pik həddini yaşamaqdadır. Onun sözlərinə görə artıq müharibənin kulminasiya nöqtəsindəyik:
“Bu müharibənin arxasında Avropa və Qərb institutlarının kifayət qədər düşünülmüş böyük bir planı dayanır. Rusiya Ukrayna müharibəsinin başlanmasının əsas səbəbkarı başda Qərb olmaqla Avropa dövlətləridir. Onların da əsas məqsədi Rusiyanı iqtisadi cəhətdən iflas vəziyyətinə salmaqdır. Bu məqsədlərinə də çatıblar.
Müharibə indiki məqamda ən kəskin dövrünü yaşayır. Vəziyyət elə bir hala gəlib ki, ABŞ tərəflərin hər birilə istədiyi kimi oynayır. Vaşinqton Ukrayna xalqının taleyilə oynayır. Amma bu oyuna da inanmıram.
İndiki məqamda ABŞ Ukraynadan əlini çəkməyəcək. Çünki bu Rusiyanın qələbəsi anlamına gələcək. Bu əsasda isə yenidən özünə gəlib Rusiya keçmiş postsovet ölkələrini təhdid etməyə girişəcək. Ümumiyyətlə, Trampın məsələdə tutduğu mövqe münaqişədə həlledici rol oynayacaq”.
Rüfət Sultan, Bizim.Media