Ali Sovetin keçmiş sədri, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, professor Yaqub MəmmədovModerator.az-a müsahibə verib, onun ikinci hissəsini təqdim edirik:
Əvvəli bu linkdə---moderator.az/?xeber=70941
-Ayaz Mütəllibovun bir açıqlaması olmuşdu ki, məni ikinci dəfə hakimiyyətdə qalmağa cəbhəçilər imkan versəydilər mayın sonunadək Şuşanı qaytarmağın razılığın almışdım...
-Onu mənə dedi.
-Dedi ki, kiminlə danışmışam, necə alacam?
-Mən onu qəbul edəndə dedi ki, artıq danışmışam, Şuşanı da qaytaracam, digər əraziləri də, ölkənin digər problemlərini də həll edəcəm.
-Konkret demədi ki, hansı yolla həll edəcəm?
-Soruşdum, dedi ki, indi demək istəmirəm, mənə lazımi dəstək veriləcək, özünüz də görəcəksiniz ki, bu problemləri qısa müddətdə həll edəcəm. Onu da dedi ki, yadında saxla ki, mənim qayıtmağımın bu ölkəyə ancaq xeyri olacaq, heç bir ziyandan söhbət gedə bilməz. Bildirdi ki, bütün Azərbaycan mənim qayıtmağımı istəyir. Doğrudan da sessiya başladı və hamı ayaq üstə onun gəlişini alqışladı, canfəşanlıqla da səs verdilər. Həmin dövrləri öz gözlərinizlə görmüsünüz deyə təkrarçılıq etmək istəmirəm.
-Deyirsiniz ki, Heydər Əliyev dediyinin üstündə durdu və heç vaxt sizi bağışlamadı. Amma vaxtilə müsahibələrinizin birində demişdiniz ki, Heydər Əliyev sizə yüksək vəzifə vermək istəyirmiş, kimsə buna mane olub.
-Mən Ali Sovetin rəhbərliyindən gedəndən də sonra Heydər Əliyevlə bir neçə dəfə təkbətək görüşmüşük. Onun 70 illik yubileyi oldu, ona telefon açdım təbrik etdim və teleqram da göndərdim. Amma onun yanına getməyimi bəzi yoldaşlar məsləhət görmədi. Konkret olaraq Əli Nağıyev istəyirdi ki, mən gedib Naxçıvana onunla görüşəm, amma Fərəməz Maqsudov bizə gəldi və dedi ki, Heydər Əliyev sizin burdakı fəaliyyətinizdən xəbərdardır və ora getməyınizə ehtiyac yoxdur. İndiki rəhbərliyin də sizə münasibəti bəllidir, əlavə problem yaratmaq lazım deyil. Sonralar Heydər Əliyev Bakıya gələn kimi iyun ayının 9-da onun öz təşəbbüsü ilə görüşmüşük. Çox səmimi və isti görüşümüz olub, mənə deyib ki, xətrini qardaşım qədər istəyirəm və fəaliyyətini də bilirəm, qiymətləndirirəm. Aramızda çox gözəl söhbətlər olub.
-Elə isə qardaşı qədər xətrini istədiyi adama heç bir vəzifə vermədi?
-Mən o suala nə cavab verə bilərəm? Vermədi, vermədi. İyunun 15-də də onun seçilməsində çox böyük dəstəyim oldu. Seçiləndən sonra da təşəkkür etdi və bir telefon verdi ki, bu telefon vasitəsilə əlaqə saxlayarsan, səni çağıracam. Amma mən onunla heç cür əlaqə yarada bilmədim. Taryel Ağayevə də dedim, dedi ki, məruzə etmişəm, deyib başım açılan kimi çağıracam. Amma kimlərsə mane oldu deyə bu görüş baş tutmadı. Bir dəfə də Rəsul Quliyev mənə dedi ki, aramızda onunla söhbət olub və bu günlərdə özü sizi dəvət edəcək. Amma alınmadı.
-Xocalı soyqırımının daha bir ildönümünə ağı deyirik. Müşahidələriniz necədir, aradan keçən 23 il ərzində Xocalı həqiqətlərini dünyaya çatdıra bilmişikmi?
-Bilirsiniz, bəlkə kimlərsə bu sözlərimi düzgün anlamayacaqlar, amma biləsiniz ki, bizim ən böyük səhvimiz bu məsələni dünyaya çatdırmaq oldu. Qarabağ məsələsini özümüz həll etməliydik. İndi sizdən soruşuram, bu həqiqətləri dünyaya çatdırmaqla dünya bizə nə verdi və 50 ildən sonra nə verəcək? Heç nə. Yoxsa şəhidlərimizi, itkilərimizi geri qaytaracaq? Boş söhbətlərdir. Bu bir təsəllidən başqa bir şey deyil. Bu məsələni özümüz həll etməliydik, alınmadı. Amma yenə də enində-sonunda özümüzdən başqa kimsə bunu həll edəsi deyil. Gərək heç biz bu münaqişənin beynəlxalq status almasına imkan verməyəydik. Axı biz bir ovuc əsli-nəsli olmayan erməni dığalarının öhdəsindən gələ bilərdik. İndi də gec deyil. Ölkədə gerçək milli birlik və vətəndaş həmrəyliyi bərqərar etmək mümkün olsa, indi də bu erməni məsələsini özümüz həll edə bilərik. Təbii ki, o vaxtlar bunu həll etmək indikindən daha asan idi. Amma indi beynəlxalq oyunçuları da bu prosesə qoşmuşuq, hərənin də öz marağı var. İndi Azərbaycan öz problermini həll etmək üçün beynəlxalq təşkilatlara minnətçi düşüb. Amma özümüz də bilirik ki, həmin qurumlar bizə Qarabağ qaytaran deyil, amma yenə də onlardan nəsə umuruq. Təbii ki, əlimizi əlimizin üstünə qoyub oturmamalıyıq və işğala məruz qalan bir ölkə olduğumuzu hər addımda dünyaya çatdırmalıyıq. Amma yenə deyirəm, bu sadəcə təsəllidən başqa bizə heç nə verən deyil.
-Yaqub müəllim, o dövrün əlverişsiz şərtlərini bilirik ki, nə ordu vardı, nə silahla təminat. Rusların nizami ordusuyla üz-üzəydik. İndi vəziyyət tamam dəyişib. Bu günki şərtlər daxilində yenə də prezident səlahiyyətlərinin icraçısı olsaydınız hərbi əməliyyatlara əl atardınızmı? Torpaqlarımızı hansı yolla azad etməyi tərcih edərdiniz?
-O dövrdə məsələni hərbi yolla həll etmək indikindən asan idi. İndi hər iki tərəf beynəlxalq güclər tərəfindən öhdəlik götürüb ki, müharibə olmasın. Dünyanın 3 böyük dövləti də vasitəçilik missiyası üzərinə götürüb ki, guya münaqişəni sülh yoluyla həll edəcək. Amma açıqca deyirlər ki, özünüz razılığa gəlin, sonrasına biz zəmanət verək. İşğalçıyla bu dildə danışanda o heç güzəştə gedərmi? Amma yenə də birmənalı olaraq silahlı qüvvələrimizin gücünə arxalanıb indi müharibəyə başlamaq da riskli addımdır. Elə etməliyik ki, bizi buna görə cəzalandırmasınlar. Ən azı hərbi yola əl atanda Rusiyanın neytral mövqedə qalmasına nail olmalıyıq. Heç kimə sirr deyil ki, bu məsələdə Rusiya həlledici söz sahibidir və o əlini ermənilərin üstündən çəksə bir həftəyə onları gəldikləri yerə qədər qovmaq olar.
-Rusiyanın da ermənilərdən əlini çəkəcəyini gözləmək sadəlöhvlük olardı...
-Haqlısınız. Tarix boyu ruslar ermənilərdən bir silah, bir alət kimi istifadə ediblər. İnanmıram ki, onlar nə zamansa bu imperiya alətindən imtina etsinlər.
-Yaqub müəllim, nə qədər maaş alırsınız?
-Bu gün Tibb Universitetindən 800 manat alıram.
-Əməkdar elm xadimi, professor, əməkdar həkim kimi hamısı bir yerdə cəmisi bu qədər?
-Həm dövlət büdcəsindən aldığımız vəsait, həm də pullu təhsillə bağlı universitetin daxili imkanlarıyla verilən pulun hamısı bir yerdə bu qədər edir.
-Siz bu qədər titullarla 800 manat alırsınız, bəs heç bir titulu olmayan professorlar nə qədər alır?
-Onlar çox az alır. Mən özüm maraqlandım və mühasibatlıqdan soruşdum ki, mənə dövlət büdcəsindən nə qədər pul verildiyini bilmək istəyirəm. Bəlli oldu ki, büdcədən çox az vəsait verilir. Əslində tutullara və universitetin öz yardımına görə 800-ə çıxır. Dövlət büdcəsindən verilən pul heç onun yarısı da deyil.
-800 manat sizə çatırmı?
-Necə çata bilər? 800 manat heç 10 günə çatmır. Heç uzağa getməyək, o pulun ən azı yarısı elə kommunal xərclərə gedir. Dərmanlar da indi çox bahadır, dərmanlara çox pul gedir. Yaşa dolduqca insanın dərmana da ehtiyacı artır. Yaxşı ki, AMEA-nın üzvüyəm və ordan da 700 manat alıram. Yəni birtəhər yola veririk.
-1500 manatın ayda heç olmasa 300-400 manatını banklara qoymursunuz?
-Heç bir qəpik də. Çatır ki, artığını banklara da qoyaq? Mənim banklarda bir qəpiyim də yoxdur.
-Ailə üzvlərinizdən də heç kimin pulu yoxdur bankda?
-Heç kəsin.
-Heç dostlarınızdan, tanışlarınızdan soruşmusunuz, yaxud özləri deyiblər ki, filan qədər ziyana düşdük?
-Zamanında mənim də bankda xeyli pulum vardı. O boyda puldan mənə cəmisi 20 min manat pul düşdü. Mən neçə illər çox yüksək maaş almışdım, o pulların yarısını həmişə banka qoyurdum. Tək mənim öz adıma olan puldan 15 min manat pul düşdü.
-Son vaxtlar əmanətlərin qaytarılmasını nəzərdə tutursunuz də?
-Bəli. Qalan pullarımın hamısı batdı getdi. Pulların bir qismi 1991-ci ildə Qorbaçovun vaxtındakı dəyişiklik zamanı batıb getmişdi. İndiki devalvasiyadan sonra da yəqin ki, aldığım 1500 manatın yarısı inflyasiya yeminə çevriləcək.
-Son devalvasiyadan sizə gileylənənlər olubmu?
-Hamı narazıdır. Evdən çıxıb bura universitetə gəlincə kim qarşına çıxırsa hamı şikayətlənir. Hamı yaxınlaşıb soruşur ki, Yaqub müəllim, bu nə iş idi başımıza gəldi? Vallah cavab verməyə də adam çətinlik çəkir ki, axı niyə belə etdilər? Doğrusu, prezidentin Mingəçevirdəki son çıxışınadək məndə belə bir inam vardı ki, ola bilsin prezidentin bu məsələdən təfsilatlı məlumatı olmayıb və Mərkəzi Banka, hökumətə tənzimləyici tapşırıqlar verəcək. Amma mənə bəlli oldu ki, prezidenti bu dəyişikliklərə inandırıblar.
-Bu il parlament seçkiləri ilidir. Yaqub Məmmədovu da namizədlər arasında görə biləcəyikmi?
-O haqda fikirləşmirəm. Bunun üçün tam şəffaf və demokratik seçki mühiti olmalıdır. Amma gedən proseslər göstərir ki, belə bir seçkiyə ümid bağlamağa da dəyməz.
-Bayaq dediniz ki, gerçək milli barışıq olsa Qarabağı azad etmək asanlaşar. İqtidarla müxalifətin bir masa arxasında oturması axır ki, reallaşdı. İzləyirsinizmi bu prosesi də?
-Mən həmişə milli birliyin tərəfdarı olmuşam və son addımları da müsbət qiymətləndirirəm. Amma həqiqi müxalifətlə aparılan dialoqla milli birliyə nail olmaq mümkündür.
-Həqiqi müxalifət dedikdə hansı qüvvələri nəzərdə tutursunuz?
-Ad çəkməyə nə ehtiyac var? Hamı bilir və görür ki, müxalifət kimdi, oyun oynayan kim. Əslinə qalsa etiraf edilməlidir ki, ya zəlzələdən, ya vəlvələdən müxalifət sıradan çıxarılıb və heç həqiqi müxalifətin də sərhədlərini müəyyənləşdirmək asan deyil.
Amma bilirik ki, həmin görüşə qatılan partiyaların çoxunun heç bir sosial bazası yoxdur. Arxasınca öz qohum-əqrəbasından başqa kimsə gəlmir. Bu cür adamlarla dialoq aparmağın mənası nədir? Xalqın gözü tərəzidir, elə etmək lazımdır ki, o görüşləri məsxərəyə qoymasınlar, hamı görsün ki, doğrudan da hakimiyyət cəmiyyətdə dialoq istəyir. Həmin dialoqda iştirak edənlərin bir çoxu deputatdır. Yəqin ki, onlardan daha bir neçəsi də bu ilki seçkilərdə deputat olacaq. Amma onlar bu ölkədə gedən prosesləri təhlil etmək imkanında deyillər.
-Azərbaycanın inkişafına əngəl olan amillərdən hansılları deyə bilərsiniz?
-Doğrudan da Azərbaycan son illər xeyli inkişaf etdi. Böyük infrastruktur layihələri icra olunur, abadlıq-quruculuq işləri hər tərəfdə hiss olunur. Amma korrupsiya kimi bir bəla hələ də ölkədə aktuallığını saxlayır. Bu bəlanın kökünü kəsmək üçün çox ciddi islahatlara ehtiyac var. Birinci növbədə güclü kadr islahatı aparılmalıdır. Milyardlar üstündə oturanların hamısı vəzifədən getməlidir. Amma onlara da şərait yaratmaq lazımdır ki,yığdıqları sərvəti ölkənin inkişafına xərcləsinlər.
-Yəni maliyyə amnistiyasını nəzərdə tutrsunuz?
-Bəli. Aparıb əcnəbilərə yedirdincə gətirib ölkə iqtisadiyyatına qoyub həm özlərini, həm də on minlərlə işçini yaxşı qazancla təmin etsinlər. Mən repressiyanın əleyhinəyəm. Repressiya da korrupsiya kimi hər zaman ümummilli bəlamız olub. Amma yenə deyirəm, ciddi kadr islahatı aparılmasa heç nə dəyişən deyil. Axı bir adam 15-20 il bir vəzifədə ola bilərmi? Bu nə anormallıqdır belə?
-Sabah rektor gileylənəcək ki, məni də nəzərdə tutmusunuz...
-Tək rektorlardan söhbət getmir ki. Baxın da, neçə illərdi vəzifələrdə eyni adamlardı, hətta icra başçılarını da dəyişdirmirlər, rotasiya qaydasında bu rayondan o biri rayona dəyişirlər, eləcə də prokurorları və polis rəislərini də elə al-dəyiş edirlər. Başa düşə bilmirəm, onlardan başqa bu postlara layiq adam yoxdumu bu ölkədə? Bu nə yanaşma, nə idarəçilik məntiqidir? Yenilık gətirmək və həmin adamların da qarşısına yeni tələblər qoyulmaldır ki, korrupsiya və rüşvət bir bəla kimi aradan qalxsın.
-Korrupsiya təkcə kadrların seçimindən asılı deyil axı.
-Hər şeyi insan həll edir. Yəni korrupsiyanı aradan qaldırmağın çox asan yolu var və bunun nədən ibarət olduğunu Saakaşvili də göstərdi. Mən də rektor işləmişəm, digər yüksək vəzifələrdə də olmuşam. Bilirəm ki, birinci şəxs təmiz olsa, almasa, rüşvətə və korrupsiyaya şərait yaratmasa, təmizlik yaratmaq da olar.


































































































