"Azərbaycan bataqlığa çevrilib, onu heç neft milyardlarıyla da təmizləmək mümkün deyil"

Hazırda oxunan: "Azərbaycan bataqlığa çevrilib, onu heç neft milyardlarıyla da təmizləmək mümkün deyil"
42260
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Moderator.az eks-spiker Rəsul Quliyevin eksklüziv müsahibəsini təqdim edir:

Siz bildiyimiz kimi Azərbaycana gələ bilmirsiniz. Bir video müsahibənizdə bildirmisiniz ki, seçkidən əvvəl Azərbaycana yaxın bir ölkəyə gəlib daha yaxın mübarizə aparacaqsınız. Hazırda belə bir fikriniz varmı?

Mənim Azərbaycana qayıtmağıma imkan vermirlər. Bu düzdür. 20 il bundan öncə vəzifədə olan və o vaxt mənim başçılıq etdiyim 1994-cü il oktyabr qiyamının və 1995-ci il mart dövlət çevrilişinin qarşısını alan əməliyatlarda  müəyyən bivec icraçı funksiyalarını yerinə yetirənlər bu gün də həmin yüksək vəzifələrində qalıb işləyirlər. Onların canından, qanından Rəsul Quliyev qorxusunu heç vaxt çıxarmaq mümkün olmayacaq. Çünki o vaxtla müqayisədə (o dövrdə təzə-təzə cücərməyə başlamış korrupsiya və rüşvətə qarşı mənim tərəfimdən  aparılan kompromissiz mübarizə bu adamlara qarşı yönəldilmişdi ) sonrakı 18 ildə bu insanların xalqa qarşı törətdikləri cinayətlərin sayı hesabı yoxdur. Yüngül beyinlərinin bir qədər də yüngülləşməsinə baxmayaraq korrupsiya və rüşvətə görə cibləri xeyli ağırlaşıb. Onlar üçün məni Azərbaycana buraxmamaq ölüm-qalım məsələsidir. Ona görə də mənim qonşu ölkələrə gəlməyimi belə faciə hesab edirlər. İstənilən rüşvətləri verir, istənilən kontraktlara qol çəkirlər, ancaq bir şərtlə Türkiyə, Rusiya və Gürcüstan hökümətləri məni  bu ölkələrə buraxmasınlar. Azərbaycanın bədbaxtlığının biri də hətta kiçik, məsələn Estoniya boyda sivil bir Avropa dövləti ilə  qonşusunun olmamasındadır. 
 Şərait elə gətirib ki, həmin bu 3 sərhəd ölkədə  Avropa dəyərlərini qəbul edən hökümətlər formalaşmayana qədər oralara gəlmək problemə çevriləcək. Aydındır ki, öz şəxsi maraqlarını Türk xalqının maraqlarından qat-qat üstün tutan başda baş nazirləri Ərdoğan olmaqla korrupsiya və rüşvət bataqlığında üzən türk höküməti  imtiyazlı kontraktlara və aldıqları rüşvətlərə üstünlük verəcək, mənim Türkiyəyə getməyimə həmişə mane olacaqlar. Türkiyə 50 ildir Avropa Birliyinə daxil olmaq istəyir, ancaq ölkədə insanların hüquqi  dəyərlərinin standartlara uyğun gəlmədiyinə görə qəbul edilmir.Mən Baş Bakana yazdığım məktubda bunu xüsusi vurğulamışdım. Siz cənab Baş Bakan özünüzdən soruşa bilərsinizmi Avropanın bütün ölkələrinə sərbəst və istənilən vaxt gedə bilən Rəsul Quliyevi Türkiyəyə niyə buraxmırsınız? Siz qəbul edin ki, kiçik hesab etdiyiniz belə addımlardan ümumi Avropa dəyərlərinə əməl etməmək böyük problemləri formalaşdırır. Və 50 ildir sizi Avropanın astanasında saxlayıblar. Əslində onların Azərbaycanda avtoritar rejimi dəstəklədiklərini Avropada bilməyən yoxdur. Bu gün Türkiyədə gedən proseslər sağçı konservativ qüvvələrin hakimiyyətə gəlməsi ilə nəticələnə bilər. Həmçinin İranda proqressiv qüvvələr nəhayət islam fundamentalizmini üstələsələr mənim yaxın ölkələrə gəlmək şansım reallaşacaq. 
 İkinci variant olaraq bu ölkələr indiki Azərbaycan hökümətinin çökəcəyini hiss etsələr,  hökümətləri mənim onların ölkələrindən keçib Azərbaycana getməyim üçün növbəyə duracaqlar.Bu günkü reallıq bundan ibarətdir.     

Rəsul bəy, Siz müxalifətin yenilənməsini dəfərlərlə demisiniz. Sizcə müxalif düsərgədə potensiali olan gənclər varmı, çünki adətən kölgədə qalırlar?

Mənim müxalifətin yeniləşməsinin vacibliyi barədə dediklərimi son 20 ildə azdan-çoxdan respublikada baş verənlərdən xəbəri olanların hamısı deyir. Elə siz qəzetçilər də belə düşünürsünüz.Sadəcə olaraq mən ardıcıl deyirəm və həm də çalışıram izah edim.
  Bilirsiniz, insanların mənəviyyatının əsas kriteriyasını müəyyənləşdirən bir söz var. İngilis dilində bu söz "decency", rus dilində "poryadoçnost", Azərbaycan və Türk dillərində isə ədəb,əxlaq,tərbiyə,namus və bir sıra başqa sözlərlə ifadə edilir. Yəni bir insan barədə soruşanda cavabında  "poryadıçnı"dır və ya "decency"dir deyəndə deməli bu insan yüksək mənəvi keyfiyyətli insan kimi qəbul olunur. Bəlkə də Azərbaycan dilində  dürüst adamdır həmin bu sözü əvəz edə bilərdi, təəssüf ki, dürüst sözü öz inkişafını dilimizdə çoxda tapa bilməyib. Bəlkə də bu yuxarıda duranların (istər hökümətdən, istərsə də müxalifətdən) arasında belə keyfiyətli adamların az olması səbəbindən dilimizdə sinonimə çevrilmir. Sözsüz, yazdığımı məcazi mənada qəbul edin, bu gün Azərbaycanın "elita" adlandırılan təbəqəsində dürüst adamların az olmasını qeyd etmək istəyirəm. 
 Dürüstlüyün əsas kriteriyası yalan danışmamaqdır. Yalan danışmaq münasibətləri iki adam arasından tutmuş 9 milyonluq xalqa qədər faciəli şəkildə erroziya edə bilər. Əgər valideynlər evlərində yalan danışarlarsa onların hörməti uşaqlarının arasında əriyər, puç olar. Əgər müəllim rüşvət alarsa və düzgünlükdən, təmizlikdən danışarsa onun hörməti 10 minlərlə tələbənin arasında yoxa çıxar.
 Yalan danışmağın səbəblərindən biri də istər hakimiyyətdə, istərsədə müxalifətdə eyni adamların eyni postda uzun müddət oturub qalmasıdır. Aydındır ki, liderlik həvəsinə düşən istənilən normal adamın müəyyən bir planı və proqramı olmalıdır. Və əgər o planını reallaşdırmağa  5 il müddətində başlaya bilmirsə, deməli, ya plan utopik olub, ya da onun liderlik keyfiyyətləri kifayət etmir. Əgər planını həyata keçirməyə başlayırsa növbəti 5 il ona bu işi axıra çatdırmağa imkan verəcək. Yəni insanın bir postda effektiv işləməsinin vaxt etalonu maksimum 10 ildir. Normal cəmiyyətlərdə bu prinsip çoxdan qəbul olunub. ABŞ- prezident hər 4 ildən bir 2 dəfədən çox olmayaraq, nümayəndələr palatası hər 2 ildən bir, senat hər 6 ildən bir seçilir. Avropada əksər ölkələr parlament idarə üsulu ilə işləyir, maksimum hər beş ildən bir parlament seçkiləri keçirilir, ən azı 5 ildən bir parlamentin 30 faizi təzələnir, hər yerdə koalision hökümətlər yaranır, hər dəfə koalisiyaya daxil olan partiyalar dəyişir, ona görə də siyasət dinamik şəkildə daima dəyişir. Heç bir yerdə maksimum 10 ildən artıq prezident seçilmək hüququ yoxdur. Əlbəttə, söhbət normal ölkələrdən gedir, Belarus, Azərbaycan, Orta Asiya ölkələrindən yox.
 Hətta kommunist Çin respublikasında hökümətin başçısı hər 10 ildən bir dəyişir. Su belə bir yerdə çox qalanda iy verir. Yalanla qatılaşdırılmış su isə qalanda bataqlığa çevrilir.Ölkənin dinamik inkişafı və ya deqradasiyası birbaşa ictimai münasibətlərin formasından asılıdır. Bu artıq çoxdan sübuta çatdırılmış məsələdir. Bizim ölkədə olan ictimai münasibətlər heç vaxt bu ölkənin inkişaf etməsinə imkan verməz. Bu sadəcə olaraq mümkün deyildir, cəmiyyətin inkişaf qanununa ziddir. Azərbaycan bataqlığa çevrilib, onu heç bir neft dolları ilə təmizləmək mümkün deyildir. Bu bataqlığın yaranmasında 20 ildir siyasi arenadan qopmaq istəməyən müxlifət liderlərinin rolu xüsusi qeyd olunmalıdır. 
 Hökümət saxta da olsa prezident və parlament seçkiləri təşkil edir, ora beynəlxalq müşahidəçilər dəvət edir, hətta onlardan müəyyən müsbət rəylər də alır. Müxalifət liderləri isə, özlərini ətraflarına topladıqları maksimum 500- 600 insanın diktatoruna çevirib, heç bir seçki keçirmir, keçirdiyi seçkiləri də saxtalaşdırır, xalqa isə mütəmadi yalanlar deməklə məşğuldur. İstənilən birisi hökümətin hansı isə strukturu ilə əlaqə yaradıb maliyə köməyi alır, birinci növbədə özünün yaxşı yaşayış şəraitini yaradır, ikinci növbədə isə yaratdığı partiyanın diktatoruna çevrilir. AXCP-yə maliyə məsələsi bir nəfərlə həll edildiyindən orada bir nəfərin diktaturası mövcuddur. Məsələn, Müsavat Partiyasına maliyə dəstəyini bir neçə mənbə təşkil etdiyindən orada qismən partiya daxili müxalifətin də zəif közərtisi görsənir.
 20 ildir müxalifətçilik edən liderlər getməlidir, onların yerinə gənc ağıllar gəlməlidir. Partiyalar hökümətdən maliyyə alıb ətrafındakılara maaş verərək diktatora, bosa çevrilmişlərdən azad olmalıdır, demokratik yolla liderə çevrilmişlərlə əvəz olunmalıdır. Partiya üzvləri boslarına yox, xalqa xidmət etməlidirlər. Əlbəttə, bu iş görülməyəcək,iki səbəbdən.
 Birincisi, belə "müxalifətçilik" onların yaxşı yaşamalarının bazasıdır.
 İkincisi, dəyərsiz və əhəmiyyətsiz şüar deməkdən başqa əllərindən heç bir şey gəlmir.
 Hökümətin istənilən tapşırığını yerinə yetirməyə pioner kimi hazır dayanan qüvvələr var. Bu gün "Milli Şura adını saxla" komandasına əməl edənlər, sabah "Milli Şura adını ləğv et" əmrinə də canfəşanlıqla əməl edəcəklər.Bu millətin deqradasiyasında hökümətlə yanaşı bu başabəla müxalifətin də rolu kifayət qədərdir. 
 
 
2015-ci il parlament seçkiləri öncəsi müxalifətin yeni koalisiya yaratmasi fikri gundəmə gəlib. Belə bir koalisiyaya Sizcə nə qədər ehtiyac var və əgər koalisiya olacaqsa necə yaradılmalı, orda kimlər təmsil olunmalıdır?

Əgər indiki müxalifət liderləri bu millətin yaxasından əl çəkib getməsə yaradılacaq koalisiyanın hansı şəkildə olacağını ancaq Prezident Aparatından öyrənmək olar. İndiki müxalifət rəqs edənlərdir, musiqini Prezident Aparatı sifariş edir, onlar da həmin müsiqiyə uyğun rəqs edəcəklər, yaxşı rəqqas və ya rəqqasəni deputat təyin edəcəklər. 

Rəsul bəy, El uzvləri bildirir ki, Sizin də, Rustəm bəyin də, Lalə Şöbvkət xanımın Milli Şuradan ayrılmasına Cəmil Həsənli səbəb olub. Qeyd edirlər ki, biz, yəni əvvəlki uzvləri nəzərdə tuturlar, Milli Şuranı qurduq, Cəmil Həsənli gəlib dagıtdı. Bununla bağlı əvvəl də danışmısınız, amma konkret olaraq Sizin getməyinizə nə və kim səbəb oldu?

Mənim getməyimin yox, gəlməyimin səbəbini bilmək lazımdır. Bu ideya ortaya atılandan əgər azad seçki şəraitinə nail olunmasa istənilən yaradılmış strukturun adının Milli Şura və ya başqa olmasından asılı olmayaraq heç bir əhəmiyyətinin olmayacağını dəfələrlə qeyd etmişəm və heç vaxt eyforiyada olmamışam.İyul ayında artıq məlum idi ki, seçkilərdə heç bir fövqalədə vəziyyət baş verə bilməz. Yeganə seçkilərin beynəlxalq təşkilatlar tərəfindən saxtalaşdırıldı deyilən sərt bəyanatını almaq mümkün olardı. Belə bir bəyanat isə ancaq və ancaq R. İbrahimbəyovu istənilən səbəbdən, o cümlədən ikili vətəndaşlığına görə seçkiyə buraxılmaması ola bilərdi, çünki ABŞ onun namizədliyini prezidentin qarşısında qaldırmışdı.Onun namizədliyinin qeydə alınmamasının verəcəyi nəticəni yaxşı bilən hökümət müxalifətin bəzi liderlərinə "alternativ vahid namizədi irəli sürün" tapşırığını verdi. Həmin liderlər müzakirənin gedişini pozaraq C.Həsənlini vahid namizəd kimi irəli sürdü. Və bu işi uğurla gördüyünə görə mükafatlandırıldı. Həmin 21 Avqustdan Milli Şura mənim üçün tam şəkildə əhəmiyyətini itirdi. Faktiki olaraq o gündən mən ancaq Milli Şuranın əhəmiyyətsiz bir orqan olduğundan başqa heç bir şey deməmişəm. Bu insanların seçkidən sonrakı bəyanatları, şüarları bütövlüklə xalqın ağlının yerində olub-olmaması məsələsini ortaya gətirdi. C.Həsənlinin "mən seçkiləri 65 faizlə udmuşam" ağ yalan bəyanatı sivil dövlətlərin bu bəladan da yaxşı qutardıq qənaətinə gətirdi. Belə müxalifətdənsə korrupsiya və rüşvətə qurşanmış bu hökümət yaxşıdır fikrini formalaşdırdı. El hərakatının mülahizəsini anlaya bilmirəm. C.Həsənli kimdir ki, ona görə mən hansısa təşkilatı tərk edəm. O 1917-ci ildə oğurlananları oğurla şüarını irəli sürən Leninin şüarını daha cılız formada elan edən şəxsdir.

Ümimiyyətlə müxalifətdəki siyasi partiyalarla bir yerdə olmaq üçün hansısa şərtləriniz varmı?
 
İndiki 20 illik  liderlər siyasəti tərk etməyənəcən o partiyaların heç biri ilə heç bir iş birliyi ola bilməz. Bu insanlar başa düşməlidirlər.Özlərinin yaxşı yaşaması üçün bu səviyyədə xalqa yalanlar söyləmək olmaz.
 İstənilən bir plan və proqramın həyata keçirilməsinin uğuru birinci növbədə bu işi görmək istəyən təşkilatın rəhbərindən sonra ətrafındakılardan asılıdır. Eyni məqsədin həlli yolunu hər bir şəxs fərdi görür və bu yollar fərqlidir. Məsələn, bu gün hər hansı bir qəzetin redaktoru qəzetin siyasətini özü bildiyi kimi formalaşdırır, sabah onun yerinə bir başqası gəlsə qəzetin dəsti xətti dəyişəcək. Onun  müvəffəqiyyətli və ya uğursuz olacağını demək çətindir, ancaq 100 faiz fərqli olacaq.Az
 Eyni şeylər hökümətdə işləyənlərə də aiddir. Avtoritar rejim olmağına baxmayaraq hər vəzifədə fərdilik var.
 Ona görə indiki liderlər getməlidirlər. Çünki onların bu 20 illik fəaliyyətindən uğursuz iş görmək sadəcə olaraq mümkün deyildir. Azərbaycanda heç 0.1 faiz adam da tapılmaz ki, bu müxalifətdən nəsə gözləsin. Belə bir şəraitdə qalıb "liderliyini" davam etdirmək nə dərəcədə dürüstlüyə uyğundur? 
 İsmailli hadisələri ilə əlaqədar mühakimə olunanların məhkəmə iclasında hərəkətləri ilə özlərinin iclas zalından çıxarılmasına şərait yaradanlardan lider ola bilməz. Qarşındakı məhkəmə sədrinin istənilən fürsətdən istifadə edib səni aşağılayacağını bilə-bilə ona şərait yaradan insanların dövlət miqyasında strategiyası və taktikasının ola biləcəyinə kim inana bilər, heç kim.
 Hökümət nə vaxt istəyir,kimi istəyir həbs edir. Heç bir müqavimətə rast gəlmir. Sabah həmin özlərini lider adlandıranları həbs etsə, nə baş verəcək, onların müdafiəsinə beynəlxalq təşkilatlardan başqa kim qalxacaq? Heç kim.Belə olan halda heç bir arxası olmayanların özlərini lider elan etməyə haqları varmı?
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO