Zəfər Gününün sevincini doğma Ağdamda yaşayıram

Zəfər Gününün sevincini doğma Ağdamda yaşayıram

Hazırda oxunan: Zəfər Gününün sevincini doğma Ağdamda yaşayıram
646620
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının yaddaşına tariximizin ən şanlı səhifələrindən biri kimi yazılıb. Bu Zəfərə gedən yolun hər səhifəsində Vətən sevgisi, torpaq həsrəti, qəhrəmanlıq və fədakarlıq dayanır. Ağdam şəhərindəki Şəhidlər xiyabanında, Vətən müharibəsi şəhidlərinin xatirə lövhəsi qarşısında həmsöhbət olduğumuz Ucal Əliyevin həyat hekayəsi də həmin mübarizənin canlı nümunələrindəndir.

Bizim.Media xəbər verir ki, Ağdam şəhər sakini, Vətən müharibəsi iştirakçısı Ucal Əliyev vaxtilə valideynlərindən dinlədiyi doğma yurdun azadlığı uğrunda döyüşüb. Bu yolda sağlamlığını itirsə də, bu gün uğrunda mübarizə apardığı torpaqlarda yaşayır.

Onun üçün Zəfər Günü həm də şəhid silahdaşlarının xatirəsini ehtiramla yad etmək, illərlə həsrətində olduğu Ağdamda yaşamağın sevincini bölüşmək günüdür.

 

Ucal Əliyevin həyat hekayəsi Qarabağın işğalı, məcburi köçkünlük illəri, Vətən müharibəsi və nəhayət, doğma torpaqlara qayıdışla bağlıdır. Valideynləri Ağdamda doğulub boya-başa çatsalar da, 1993-cü ildə şəhərin işğalından sonra məcburi köçkün həyatı yaşamağa məcbur olublar. Ucal isə köçkünlük illərində Bərdədə dünyaya gəlib. Uşaqlıq illərindən valideynlərinin söhbətlərində Qarabağı, Ağdamın gözəlliklərini dinləyib.


Doğma torpaqları görmək, işğaldan azad etmək arzusu onda hələ kiçik yaşlarından yaranıb. Məhz bu arzu onun hərbçi olmaq qərarına təsir göstərib.

2020-ci ildə Vətən müharibəsi başlayanda Ucal Əliyev də çoxdan gözlədiyi döyüş əmrini böyük ruh yüksəkliyi ilə qarşılayıb. Suqovuşan, Talış, Murovdağ, Ağdərə və Kəlbəcər istiqamətlərində gedən döyüşlərdə iştirak edib.

“Biz döyüş əmrini çoxdan gözləyirdik. Şükürlər olsun ki, Ali Baş Komandanımız bu əmri verdi. Biz də yüksək ruhla döyüşlərə qatıldıq və torpaqlarımızı azad etdik”, – deyə Ucal Əliyev bildirir.

Onun sözlərinə görə, döyüşçüləri irəli aparan əsas amil doğma torpaqları azad etmək istəyi idi:

“Döyüş yoldaşlarım şəhid olurdu, yaralanırdı. Güllə, qəlpə yarası onları incitmirdi. Əksinə, böyük ruh yüksəkliyi verirdi, motivasiya verirdi ki, biz torpaqlarımızı azad etməliyik. Bəzilərimiz öz canından keçdi, bəzilərimiz sağlamlığını döyüş meydanında qoydu. Ancaq əsas odur ki, bu gün biz sevincliyik, qürurluyuq”.
 

Ucal Əliyev Vətən müharibəsindən sonra - 2022-ci ildə “Qisas” əməliyyatı zamanı düşmən tərəfindən basdırılmış piyada əleyhinə minaya düşərək bir ayağının yarısını itirib.


“Torpaqların azad olunmasında iştirak etdiyimə görə, qardaşlarımın, döyüşən igidlərin sırasında döyüşə qatıldığıma görə mən çox sevincli və qürurluyam”, – deyə müsahibimiz bildirir.

Ucal Əliyevlə söhbətimizi Ağdam şəhərində inşa edilmiş ikinci yaşayış kompleksində davam etdiririk. Onun həyatında yeni bir mərhələ başlayıb. Artıq vaxtilə valideynlərinin həsrətlə danışdığı, özünün isə görməyi arzuladığı Ağdamda yaşayır.

2025-ci il dekabrın 24-də Ağdam şəhərində Prezident İlham Əliyev tərəfindən mənzilinin açarının təqdim edildiyini deyən qazimiz doğma şəhərində yaşamağın onun üçün xüsusi məna daşıdığını bildirir:

“Bu gün biz çox sevincliyik. Çünki doğma Ağdamımızda, Qarabağımızda yaşayırıq. 2025-ci il 24 dekabrda Ali Baş Komandanımız tərəfindən evlərin açarları bizə təqdim olundu. Bu gün mən həm çox sevincli, həm də çox qürurluyam. Çünki ilk növbədə Ağdamımıza həyat yenidən qayıdıb, həm də bu torpaqların alınmasında mən öz döyüş yoldaşlarımla birlikdə iştirak etmişəm”.

O əlavə edir ki, bu torpaqların azadlığı uğrunda bəziləri canından, bəziləri isə sağlamlığından keçib. Buna görə də doğma yurda qovuşmaq sevinci ilə yanaşı, şəhid silahdaşlarının xatirəsi də daim qəlbində yaşayır.
 

Ucal Əliyevin həyat hekayəsində Zəfər Gününün mənası xüsusilə aydın görünür. Vaxtilə valideynlərindən həsrətlə dinlədiyi Ağdam bu gün onun doğma evidir. Azadlığı uğrunda döyüşdüyü, sağlamlığını itirdiyi, silahdaşlarının canından keçdiyi torpaqlarda indi yenidən həyat qurulur.


Bu gün Ucal Əliyev doğma şəhərində yaşayır. Onun üçün bundan böyük sevinc və qürur yoxdur. Zəfər Günü münasibətilə Ağdamdan səsləndirdiyi təbrik də məhz bu sevincin ifadəsidir:

“Zəfər Günü münasibətilə Qarabağımızdan, Ağdamımızdan bütün Azərbaycan xalqımızı təbrik edirəm”. (Azərtac)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO