“Bundan sonra Rusiya Ukraynanın müstəqilliyinə iqtisadi tərəfdən qəsd etməyə başlayacaq”

“Bundan sonra Rusiya Ukraynanın müstəqilliyinə iqtisadi tərəfdən qəsd etməyə başlayacaq”

Hazırda oxunan: “Bundan sonra Rusiya Ukraynanın müstəqilliyinə iqtisadi tərəfdən qəsd etməyə başlayacaq”

42189
Ukraynada baş verən inqilabın Azərbaycana iqtisadi baxımdan təsirləri olacaqmı? Ticarət dövriyyəsi, strateji enerji layihələri ilə bağlı regional iqtisadi münasibətlər bundan sonra necə olacaq? Ukraynada baş verən hadisələrin Azərbaycana hansı təsirləri ola bilər? Bütün bu suallara cavab almaq üçün Ümid Partiyası sədrinin iqtisadi məsələlər üzrə müavini, iqtisadçı-ekspert Razi Abasbəyli ilə söhbətləşdik: 

- Ukraynada baş verən proseslər əslində təkcə region üçün deyil, eyni zamanda Azərbaycan üçün də mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın da əsas aparıcı dövlətlərindən olan GUAM birliyində artıq yeni siyasi münasibətlər formalaşıb. Avropaya inteqrasiya ilə bağlı Gürcüstanda geriyə dönməz bir proses başlayıb.  Ukrayna Rusiyanın təsirindən çıxmaq üçün inqilab edib və Avropaya yönəlik siyasi kursun bundan sonra daha aktiv fazada davam edəcəyi gözləniləndir. Moldova isə Avropa Birliyi ilə assosiativ üzvlük məsələsini həll edib. Hələlik yalnız Azərbaycanla bağlı tərəddüdlər var. Buna baxmayaraq Ukrayna hadisələrindən sonra Azərbaycanda da münasibətlər, regional yanaşmalar dəyişə bilər.

 Ukraynada baş verən proseslər Azərbaycanla ticarət münasibətlərinə təsir edəcəkmi? 

- Bəlkə də qısamüddətli təsirlər ola bilər. Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi son zamanlar artmışdı. Lakin bu dövriyyənin həcmi Azərbaycanın ticarət münasibətlərində ilk onluğun sonundadır. 2013-cü ilin yekunlarına görə, Azərbaycanın ümumi xarici ticarət dövriyyəsi 34 milyard dollardan çoxdur. Ötən il ümumi xarici ticarət dövriyyəsinin ölkələrdə nisbətən faizi ABŞ-la 3,9 faiz, Rusiya ilə 7,4 faiz,Türkiyə ilə 5,7 faiz, Ukrayna ilə 2,5 faiz, Gürcüstanla isə 1,9 faiz olub.
İdxal üzrə göstəricilər ABŞ-la 376 milyon, Rusiya ilə 1 milyard 505 milyon, Türkiyə ilə 1 milyard 463 milyon, Ukrayna ilə 590 milyon, Gürcüstan ilə isə 132 milyon dollar təşkil edib. Ötən il xarici ticarət üzrə profisiti, yəni idxalın ixracdan artıq olması Amerika Birləşmiş Ştatları və Gürcüstanla ticarətdə müşahidə olunub: ABŞ ilə - 613 milyon , Gürcüstan ilə - 388 milyon dollara yaxın. Məhz keçən il Rusiya, Türkiyə və Ukrayna ilə ticarət balansı mənfidir. Bu, o deməkdir ki, ötən il ərzində bu ölkələrdən Azərbaycana idxal ixracdan daha çox olub. 
Bu baxımdan da Ukraynada baş verənlərin Azərbaycanın daxili bazarında idxal göstəricilərinin azalması ilə mənfi yöndən göstərə bilər. 

 Bu hadisələrdən sonra Rusiyanın Ukraynaya təsirləri nədən ibarət ola bilər? 

- Rusiya artıq Ukraynaya qarşı iqtisadi təzyiqlərindən istifadə etməyə başlayıb. Moskva Ukraynanın “Roshen” korporasiyasının istehsalı olan şirniyyat məhsullarının ölkəyə daxil olmasını qadağan edib və bunu həmin məhsulların tərkibində zərərli maddələrin olması ilə əsaslandırıb. Rusiya həmçinin sabiq baş nazir Yuliya Timoşenko ilə imzalanan qaz sazişinə də yenidən baxmaqdan dəfələrlə imtina edib. Və bu sazişin şərtlərinə əsasən ruslar Ukraynaya qazı çox baha qiymətə satırlar. Xatırlayırsınızsa, 2009-cu ilin yanvar ayında Rusiya qazının Bolqarıstana nəqli bütünlüklə dayandırıldı. Cəmi bir neçə saat ərzində Türkiyə, Yunanıstan və Makedoniyaya qaz tranziti kəsildi. O zaman Ukraynanın “Naftoqaz” şirkətindən rəsmi olaraq informasiya yayıldı ki, “Qazprom” ölkə ərazisindən Avropaya və Türkiyəyə nəql edilən qazın hamısını kəsib. Rusiya faktiki olaraq hər gün sutka ərzində Ukraynaya 220 milyon kubmetr qaz ixrac edir. Və bu gün Ukraynanın Rusiyaya 1 milyard dollara yaxın qaz pulu borcu var. Hətta o zaman Rusiya iddia edirdi ki, Ukrayna öz ərazisindən Avropaya nəql edilən qazı oğurlayır. 

 Rusiya yenidən qaz sabotajına başlasa bundan Türkiyə də əziyyət çəkəcəkmi? 

- Bu situasiyada Türkiyənin vəziyyəti o qədər də ağır deyil. Yəni Rusiya Ukraynada baş verən proseslər üzündən qaz təhdidini yeniləsə Türkiyə qısa bir zamanda alternativ mənbələrdən qaz idxalını təşkil edə bilər. Hazırda sutka ərzində Azərbaycan Türkiyəyə 20 milyon kubmetrə yaxın qaz ixrac edir. İran da Türkiyəyə qaz təklif edə bilər. Lakin Ukrayna burada çıxılmaz vəziyyətə düşməklə yanaşı, Şərqi Avropanın bir neçə dövlətini də ağır duruma sala bilər. Avropanın qaz idxal etmək üçün alternativ mənbələri kifayət qədər azdır. Bəlkə İranla Avropa arasındakı son anlaşmalar və münasibətlərin yumşalması da elə bu səbəbdən sığorta tədbirləri kimi qəbul edilə bilər. Lakin Avropa İrandan qaz idxalına tam qərar versə, o zaman Rusiyaya rəsmən iqtisadi müharibə elan etmiş olacaq. Rusiya faktiki olaraq dünya bazarından məhrum duruma düşəcək. Məhz bu baxımdan da xatırlamaq yerinə düşərdi ki, Rusiya dəfələrlə Azərbaycana satdığı qazın hamısını məhz Avropa qiymətləri ilə almağa hazır olduğunu bildirib. Lakin 2009-cu ildən bəri bu təklif nəinki müsbət müzakirələr fonunda davam etməyib, əksinə Rusiya ilə Azərbaycan arasında enerji müzakirələri son günlərə qədər təmamilə dayandırılmışdı. Yəni Moskvada bilirlər ki, Azərbaycanın yeni qaz ehtiyatları hesabına Avropaya qaz daşıyıb Rusiyanın təhdidlərini bir müddətlik ertələmək olar. 

 Rusiya Ukraynanı təhdid etsə, bu ukraynalılar üçün nə vəd edir? Rusiyada burada sosial vəziyyət ağırlaşdıra, siyasi böhran yara bilərmi?

- Əlbəttə ki, bu mümkün variantlardan biridir. Və hətta ruslar iqtisadi təzyiqlərlə Ukraynanı parçalamağa cəhd də edə bilər. İddia edə bilərik ki, Ukraynadakı siyasi proseslər Rusiya ilə münasibətlərin gərginləşməsi səbəbindən əhalinin sosial vəziyyətini xeyli ağırlaşdıra bilər. Məsələn Ukrayna kimi enerji idxalından asılı olan bir ölkədə əhali üçün qaz da, elektrik enerjisi də kifayət qədər ucuzdur. Bizim pulla 1 kilovat saat elektrik enerjisinin qiyməti cəmi 2.1 qəpikdir, yəni Azərbaycandakından az qala 3 dəfə ucuz. Bu ölkədə əhalinin elektrik enerjisinə çəkdiyi xərcləri o qədər ucuzdur ki, hətta böyük dotasiyaların ayrıldığı qonşu Belarus belə onunla rəqabətə davam gətirə bilmir. Bir sözlə, elektrik enerjisinin ucuzluğuna görə Ukrayna Avropada və MDB məkanında lider ölkə statusundadır. 
Bəli, Ukraynada elektrik enerjisinin istehsalında yanacaq növü kimi qazla yanaşı, atom enerjisindən istifadə edilir ki, bu da onun ucuz başa gəlməsində xüsusi rola malikdir. Bundan başqa, Ukrayna böyük miqdarda, daha dəqiq desək 10 milyard kilovat saat-a yaxın elektrik enerjisini qonşu ölkələrə Avropa qiymətlərinə satır.
Ən əsası odur ki, Ukraynada elektrik enerjisinin biznesi rentabellidir. Onu qeyd edə bilərəm ki, Ukraynada əhali qazın 1000 kubmetri üçün 96 manat ödəyir. Soruşa bilərsiniz ki, axı bu, necə ola bilər ”“Ukrayna Rusiyadan qazın hər 1000 kubmetrini 230 dollara idxal edir. Ukrayna hökumətinin qərarı ilə əhali kateqoriyasına yalnız daxildə istehsal olunan qaz verilir ki, bunun da maya dəyəri nəqliyyat xərcləri də nəzərə alınmaqla 50 dollardan artıq deyil. Yəni hökumət işi bu sahədə daha çevik qurub və hazırda dünya bazarlarında enerjidaşıyıcıların qiymətinin durmadan artmasına baxmayaraq, müxtəlif sxemlərlə əhalinin bundan az ziyan çəkməsinə çalışır. Lakin bundan sonra Kiyev bu siyasəti nə qədər bacarıqla davam etdirə biləcək bu çətin suallardan biridir. İndi ukraynalılar yeni hökumətlə düşəcəkləri bahalaşmanı qəbul edə biləcəklərmi. Burada psixoloji amillər var. Ukrayna əhalinin gəlirləri o qədər də yüksək deyil. Məhz əhaliyə satılan mavi qazın qiymətinin artırılması məcburiyyəti yeni Ukrayna hökumətini çətin duruma düşürə bilər. 

Elə bu səbəbdən də Rusiya bundan sonra Ukraynaya daha çox iqtisadi basqılar tətbiq edəbilərmi? 

- Söhbət məhz elə bu məqamdan gedir. Siyasi proseslər rəsmən yekunlaşıb. Rusiya isə Ukraynanı bundan sonra tam olaraq siyasi deyil, iqtisadi basqılarla əzməyə çalışacaq. Yanukoviçlə  Putin arasında anlaşmaya əsasən Ukrayna Gömrük İttifaqına qoşulana qədər Rusiyada 15 milyard dollar almalı idi. Artıq həmin vəsaitin 3 milyardı Rusiya tərəfindən verilib. 
Bir neçə gün öncə isə «Böyük 20»-lərin maliyyə nazirləri və mərkəzi banklarının rəhbərləri Sidneydə görüşü zamanı maraqlı çıxışlar oldu. Görüş zamanı Ukraynadakı vəziyyətə də toxunuldu və Rusiyanın maliyyə naziri Anton Siluanov dedi ki, Rusiya Kiyevdə yeni hakimiyyət formalaşandan sonra da Ukraynaya növbəti maliyyə yardımı köçürməkdə qərarlıdır. Və bunun dərhal ardından ABŞ-ın maliyyə naziri çıxışı zamanı elan etdi ki, Vaşinqton iqtisadiyyatı bərpa etməkdə Ukraynaya yardım əlini uzatmağa hazırdır. Bu bəyanatlar əslində iri dövlətlərin Ukraynanın iqtisadi sınaq qarşısında qalaraq siyasi kursunu müəyyən etmək məcburiyyətində qala biləcəyini fərqində olmasından xəbər verir. Məsələ burasındadır ki, Yanukoviç iqtidarı yardım üçün Beynəlxalq Valyuta Fonduna müraciət etsə də Avropadan onlara kredit olaraq cəmi 2 milyard dollar təklif edilmişdi. Bundan sonra isə Rusiya fürsətdən çevik istifadə edərək Ukraynaya 15 milyardlıq kredit təklif etdi və həmin təkliflə bağlı anlaşma əldə olundu. İndi isə Ukraynada iqtidarı dəyişən məşhur güclər bundan sonra iqtisadi vəziyyəti nəzarətdə saxlamağa çalışacaqlar. Bundan sonrakı siyasi mübarizə iqtisadi müstəvidə müstəqilliyin satın alınması yönündə gedəcək. Yeni Ukrayna iqtidarı Rusiyanın kreditlərindən imtina etməlidir. Büdcəni qurmaq üçünsə Avropa Ukraynaya lazım olan və ya rusların təklif etdiyi krediti verəcək .


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO