Vahabzadə haqda sirr açıldı: anasının protezində nə gizlətmişdi? – FOTO

Vahabzadə haqda sirr açıldı: anasının protezində nə gizlətmişdi? – FOTO

Hazırda oxunan: Vahabzadə haqda sirr açıldı: anasının protezində nə gizlətmişdi? – FOTO

617872

Bu avtobioqrafik esse türkiyəli yazıçı Beşir Ayvazoğlunun “Siretler və Suretler” kitabındakı bir xatirə əsasında formalaşıb. Burada təkcə bir şairdən – Bəxtiyar Vahabzadədən bəhs edilmir; əslində bir dövrün nəfəsi, bir qorxu sisteminin insanın daxili dünyasında buraxdığı izlərdən danışılır.

Sözün arxasında tarix dayanır, amma bu tarix sərt faktların sadalanması kimi deyil, insan şüurunun dərinliyində səssiz şəkildə dolaşan bir narahatlıq kimi hiss olunur. Bəstəkar Qəmbər Hüseynli ilə bağlı epizod isə həmin narahatlığın daha yaxın, şəxsi qatını açır – sanki böyük bir zamanın içində iki insanın bir-birinə ehtiyatla toxunan baxışları kimi. Aşağıda təqdim olunan hissə bu ehtiyatlı toxunuşların içindən doğulan bir hekayədir: yarısı xatirə, yarısı sənəd, yarısı isə insanın öz içində gizlətdiyi qorxunun səssiz formasıdır.

Bizim.Media “Globalinfo.az”a istinadən həmin yazını təqdim edir: 

“Bəxtiyar Vahabzadə və “İki qorxu”

Türkiyəli yazıçı Beşir Ayvazoğlu öz kitabında yazır:

Bəxtiyar Vahabzadə ilk dəfə 1972-ci ildə Türkiyənin “Varlık” jurnalında Füzuliyə hücum edən bir yazara verdiyi uzun və susdurucu cavabla diqqətimizi çəkmişdi. “Yel qayadan nə aparar?” başlığını daşıyan bu yazı həqiqətən gözəl idi. Daha sonra eyni imzaya “Türk Edebiyatı” jurnalında tez-tez rast gəlməyə başladıq. Azərbaycanlı bir yazarın mühafizəkar bir jurnalda yazması çox təəccüblü idi; çünki Sovet İttifaqına tabe olan Türk respublikalarında, nəinki Türkiyədə “sağçı” kimi tanınan şəxslərlə əlaqə saxlaması, “Türk” kəlməsini tələffüz etməsi belə son dərəcə təhlükəli idi. Türkiyəyə gəlmək imkanı tapan yazıçıların arxasınca iki-üç KQB agentinin gəzdiyini bilirdik, çünki bir neçə dəfə buna şahid olmuşduq.
 

Qorbaçov dövründə tətbiq olunmağa başlayan “qlasnost” (aşkarlıq) və “perestroika” (yenidənqurma) siyasətlərinin təmin etdiyi qismən azadlıqdan yararlanaraq Türkiyəyə gəlib-getməyə başlayan ziyalılar arasında Vahabzadə də vardı. Şair ilə o günlərdə tanış olduq.


“Tercüman” qəzetinə ziyarət məqsədilə gəldiyində uzun-uzadı söhbət etmiş və bu söhbətin mühüm hissələrini müsahibə halına gətirərək rəhbərlik etdiyim səhifədə dərc etmişdim. Yaxşı xatırlayıram, eyni günün axşamı məni telefonla tapdı və təşviş dolu bir səslə dediklərinin bəzilərinin istifadə olunmamasını xahiş etdi.

Minlərlə ziyalının qətlə yetirildiyi, Sibirə sürgün edildiyi Stalin dövrü, xüsusilə 1937-ci il, təkcə SSRİ tarixinin deyil, bəşər tarixinin ən qaranlıq dövrüdür. Stalin öldükdən sonra təzyiqlər azalsa da, tamamilə ortadan qalxmadı; azad düşüncə hər zaman təhlükəli idi. Vahabzadənin də başı bir dəfə belə bir şeiri ucbatından dərdə girmişdi.

Konstitusiyada rəsmi dilin Azərbaycan dili olduğu halda, dövlət idarələrində rus dilinin istifadə olunmasını “Latın dili” adlı şeirində Əlcəzairin bir problemindən bəhs edirmiş kimi üstüörtülü şəkildə tənqid edən Vahabzadə demişdi: Bu gün yer üzündə latın xalqı yoxdur, amma latın dili hələ də bütün canlılığı ilə yaşayır. Yəni xalq yoxdur, dil var. Ancaq yer üzündə elə xalqlar var ki, onların özləri yaşayır, amma dilləri ölüdür. Əlcəzair xalqı kimi. İndi hansına ölü deyək? Ölkə və xalq var ikən əsir olan bir diləmi? Yoxsa özü qalan, dili ölən bir xalqamı?


Kraldan çox kralçı olaraq hələ də Stalin dövrünün vərdişlərini davam etdirən bir qrup adam “Sən nə demək istəyirsən?” deyərək Vahabzadəni ağır şəkildə tənqid etməyə başlayırlar.

Vahabzadə bu vəziyyəti “İki qorxu” adlı şeirində belə nəql edir:

O vaxt şübhəliydi oğuldan ata,

Gəlindən qaynana, atadan oğul.

O vaxt susardılar xeyirdə, şərdə,

İdrakı, vicdanı əzərdi şübhə.

O zaman evlərdə idarələrdə,

Qara kabus kimi gəzərdi şübhə.

Yaman iti idi şübhənin atı,

Hamımız qul idi, o bəydi ancaq.

Birinin birinə münasibəti,

Şübhəydi, şübhəydi, şübhəydi ancaq.

Elə ki qorxardıq bir-birimizdən,

Qorxu sayılardı gözlərimizdən.

Həqiqəti, mərdliyi önlədi qorxu,

Bir əsər qalmadı vüqarımızdan,

Elə canımıza işlədi qorxu,

Axdı qan yerinə damarımızdan.

“İki qorxu” şeirində bir zamanlar Sovet İttifaqında qorxunun necə baş alıb getdiyi, insanların ən yaxınlarına belə necə şübhə ilə baxdıqları, qısası, totalitar rejimlərdə insan ləyaqətinin necə amansızcasına ayaqlar altına alındığı nəql edilir.

Bu ürəkdağlayan poemada bəhs edilən hekayə qısaca belə xülasə edilə bilər:

Vahabzadə bəstəkar Qəmbər Hüseynliyə bəstələməsi üçün şeirlər yazırdı. Gəl ki, çox az danışan və öz həyatından bəhs etməyən Qəmbərin gözlərində heç vaxt silinməyən dərin bir kədər vardı. Aralarında gizli bir razılaşma varmış kimi, uzun müddət nə Vahabzadə bu kədərin səbəbini soruşur, nə də o, danışır. Söhbət o tərəfə meyil edəndə sözü dərhal dəyişdirib başqa mövzuya keçən Qəmbərin illər öncə həbsdə yatdığını başqalarından eşidən, lakin səbəbini öyrənə bilməyən Vahabzadə, bir gün dostunun halından şikayət etməsini fürsət bilərək “Bəs səni nə üçün həbs etmişdilər?” deyə soruşanda Qəmbər Stalinə “düşmən” dediyi üçün başına fəlakətlərin gəldiyini söyləyir və diktatora lənətlər yağdırır. Lakin qəfildən ağlı başına gəlib susur; fikirləşir ki, birdən ürəyindən keçənləri dediyi bu şair də agent olar.
 

Vahabzadə onun şübhələndiyini anlayanda dostunu rahatlatmaq üçün onun bütün düşüncələrinə şərik olduğunu söyləyir və Stalinə eyni şəkildə lənət oxuyur. Amma evə qayıdanda onun da içinə şübhə qurdu düşür: bəlkə Qəmbər özü agentdir? Ya sırf məni dindirmək, danışdırmaq üçün Stalin əleyhinə danışıbsa?


Bəxtiyar Vahabzadə bu düşüncələrdə ikən qapının önündə bir maşın dayanır. Vahabzadənin ürəyi ağzına gəlir, bütün bədənini soyuq tər basır, dünya bir anda qara zindana dönür; öz-özünə deyinir:

“Dar ağacından əvvəl öz dilim asdı məni!”

Qapının önündə dayanan maşın bir az sonra hərəkət edir. Vahabzadənin qorxduğu başına gəlməmişdi, amma bu, gəlməyəcək demək deyil. Yatsa da yuxuya gedə bilmir və daxilən götür-qoy etməyə başlayır: Polis gələndə, əlbəttə, əvvəlcə arxivini yoxlayıb yazdıqlarını araşdıracaq, eyvah! Dərhal yatağından qalxıb bütün şeirlərini masanın üzərinə tökür və hər birinə bir müfəttiş gözüylə baxanda dəhşətə qapılır: “Bunlar ələ keçsə, dərimə saman təpər o cəlladlar!”
Elə isə hamısını yandırmalı! Bu şeirlərdə dilə gələn şikayətləri, üsyanları, arzuları, ümidləri, xəyalları… yandırmalı! Və yandırmağa başlayır! Ancaq hamısına qıya bilmir, bir qismini ayırıb anasının ayağına taxdığı protezdə gizlədir.

Gəl ki, içini gəmirən bu qorxu ilə yaşaya bilmir; səhər açılan kimi Qəmbərin yanına gedib, dünənki sözlərinin yalan olduğunu söyləməyə qərar verir.


Tezdən durub geyinir, evdən çıxanda qapı döyülür. Bu saatda kim ola bilər? Demək, Qəmbər KQB-yə xəbər edib! Qorxudan təpədən-dırnağa buz kəsən şair titrək səslə “Kimsən?” deyir.

Çöldən ürkək bir səs gəlir: “Mənəm, ay qardaş!” Bu, Qəmbərin səsidir. Vahabzadə qapını açan kimi bəstəkar dostu özünü onun qollarına atır.

Qəmbər böyük bir qorxu içində hönkür-hönkür ağlayaraq deyir: “Dünən o sözləri zarafatla demişdim. Əslində mən o dahi yolgöstərəni çox sevirəm; bizə bu gözəl günləri bəxş edən odur; odur bizim bu dünyada tək güvəndiyimiz. O, düşünən beynimiz, görən gözlərimizdir”.

Vahabzadənin yaşadığı böyük qorxunu Qəmbər də eyni şəkildə yaşamış, sabaha qədər gözünü qırpmamışdı.

Bu hadisəyə yazılmış şeir elə bənzər misralarla sona çatır:

“Riyakara döndərdi vaxt

həm onu, həm məni,

Mənim kimi yatmamış o da bütün gecəni”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO