“Əhd eləmişəm, bayrağımızı Şuşaya kim sancsa, üzüyü onun barmağına taxacam”

“Əhd eləmişəm, bayrağımızı Şuşaya kim sancsa, üzüyü onun barmağına taxacam”

Hazırda oxunan: “Əhd eləmişəm, bayrağımızı Şuşaya kim sancsa, üzüyü onun barmağına taxacam”

33483

Publika.Az-ın “Könlüm keçir” layihəsinin növbəti qonağı Şuşada doğulub, böyümüş Əməkdar artist Zöhrə Abdullayevadır.

“Şuşada hər evdən çal-çağır səsi gəlirdi”

“Qarlı bir qış gecəsində Şuşada doğulmuşam. Atam da, anam da mədəniyyət işçisi olublar. Anam Şuşa Musiqili Dram Teatrının aparıcı aktrisalarından biri, atam Şuşa Mədəniyyət Şöbəsinin müdiri olub. Təxminən 7 yaşıma kimi Şuşada yaşamışıq, sonra Bakıya köçmüşük. Amma son günə kimi hər yay Şuşaya gedirdik. Ora bilirsiniz necə yer idi? Hər evdən çal-çağır səsi gəlirdi. Havayı yerə oranı Qafqazın Konservatoriyası adlandırmırdılar. Elə ev yox idi ki, orda ailənin bir üzvü hansısa musiqi alətində ifa edə bilməsin, səsi olmasın. Şuşanın camaatı çox zəhmətkeş, ziyalı camaat idi. İnsanlar çox mədəni idilər. Orda ancaq müəllimliklə pul qazanırdılar, bir də turistlərin hesabına dolanırdılar. Şuşalılar çox məğrur idilər. Ən kasıb adamı belə sənə elə süfrə açardı ki, elə bilirdin şah süfrəsidir”. 

Xatirələr

“Mənim xatirimdədir ki, bizim görkəmli xanəndəmiz Yavər Kələntərlini və Sara Qədimovanı Şuşaya qonaq çağırmışdıq. Hər axşam gedirdik Cıdır Düzünə. Orda Bazarbaşı deyilən bir yer vardı, şuşalılar axşamlar ora gəzməyə çıxırdılar. Bir gün gözəl tarzənimiz, Xalq artisti Qurban Pirimov qoltuğunda təndir çörəyi gəlirdi. Yavər xanım anama dedi ki, ona de, təndir çörəyindən birini bizə versin. Anam da dedi, ay Qurban, acımışam, ondan birini ver yeyim. Qurban dayı çox baməzə və hazırcavab adam idi. Dedi ki, ay Suğra, getmişdim sizə, nənən təndirə çörək yapırdı, dədən də ciyər qovururdu, özünü çörəklə doyuzdurma. Şuşanın camaatı çox baməzə və müdrik idi. Heç eşitmisiniz Şuşada dilənçi olsun? Şuşada dilənçi olmayıb. O qədər qürurlu idilər”. 

“Şuşanı sapandla da müdafiə etmək olardı”

“Şuşa dağın başı idi. Ora quş quşluğuyla qanad sala bilməzdi. Mən bilmirəm, ora necə oldu, işğal edildi. Halbuki relyefi elə idi ki, Şuşanı sapandla da müdafiə etmək olardı. Mən dünyanın çox ölkəsini gəzmişəm, heç yerdə Şuşanın ətrini duya bilməmişəm. Gülün ətri ota, otun ətri yarpağa qarışırdı, hələ də o ətir burnumdan getmir. Qəribə təbiəti vardı. Mən o gözəllikdə yer hələ də görməmişəm. Bircə bu il getdim Çexoslovakiyaya. Orda Karlovı Varı Sanatoriyasına çatanda ağladım. Şuşaya bənzətdim oranı. Düzdü, Şuşaya çatmaz, hardasa andırdı mənə o yerləri. Şuşadan bir qədər aşağıda Daşaltı çayı vardı. Cıdır Düzündən baxanda görünürdü. Eynən ora bənzəyirdi. Elə ağladım ki, zülüm-zülüm...”

“Şuşadakı evlərin hamısı Pənahəli xanın dövründən tikilən evlər idi”

“O vaxt Şuşada istirahət evləri vardı, dünyamiqyaslı istirahət zonası idi Şuşa. SSRİ-nin hər yerindən adamlar gəlirdi. Dəniz səviyyəsindən 2000 metr hündür idi. Qəribə idi... orda yerdə asfalt yox idi. Sal-sal mərmər daşlar döşənmişdi. Yağış yağanda o daşlar par-parıldayırdı. Şuşada evlər necə tikilmişdisə, yayda sərin olurdu, qışda isti. Çoxu Pənahəli xanın dövründən tikilən evlər idi. Son illərdə beşmərtəbəli binalar tikilmişdi. Amma əksəriyyət o dövrdən qalan evlər idi. Mən orda qalanda bircə dəfə zəlzələ oldu. Balaca idim, 5 yaşım vardı. Onu da nənəm bizə başa saldı ki, qorxmayın zəlzələdi. Bir dənə də evin burnu qanamadı. Çox möhkəm təməlli evlər idi. Evlər qəribə sal daşlardan, qaya parçalarından tikilmişdi. Maraqlı idi, onu o vaxt necə kəsiblər, necə tikiblər o evləri...” 

“Çustçu Bəylər”

“Çustçu Bəylər vardı, qəşəng çust tikirdi, amma anadangəlmə kar idi. O vaxt ermənilər şəhərə girəndə Çustçu Bəylər hələ şəhərdə evində oturmuşdu. Kar olub deyə, dünyadan xəbəri olmayıb, eşitməyib vurhavuru. 90 yaşı vardı. Çıxıb küçəyə ki, gedib pensiyasını alsın, görüb ki, şəhərdə heç kim yoxdu. Nə əcəbsə, ermənilər onu öldürməmişdilər, buraxmışdılar”. 

“Şuşanın hambalları ilə də fəxr eləmək olurdu”

“Şuşada bir kirpik əyri ola bilməzdi. O dəqiqə müzakirəyə çıxarılardı, ayaması hazır idi. Qəribə idi ki, Şuşanın hambalları ilə də fəxr eləmək olurdu. Hambalı da məğrur olurdu. Amma ziyalı təbəqə daha çox idi. Atamın dostu var idi, Ramiz əmi... Həbib müəllim vardı, Şuşanın ziyalı adamlarından idilər. O insanlardan heç kim qalmayıb. Amma məni hansı şuşalı görür, qucaqlayıb öpür, atama-anama rəhmət oxuyur. Bu mənim üçün bir təskinlikdir”.

“Qarabağın Maralı”

“Şuşada Meydan bulağı vardı. O vaxtlar evlərdə kran yox idi, hamı gedib Meydan Bulağından su gətirirdi. İndi o Meydan Bulağı viranə qalıb. Elə anam da o bulağa gedəndə bəstəkar- şair görmüşdü onu. Bulaqdan bir az aralıda çayxana varmış, İsgəndər Novruzlu oturub ordan gəlib-keçən qız-gəlinə baxırmış. Anam da hər gün gedib o bulaqdan su götürürmüş. Bir gün İsgəndər gəlir Mədəniyyət Şöbəsinə atama deyir ki, bulağa bir qız gəlir çox qıyqacı baxışları var. Onda atamla anam təzə- təzə sevişirmişlər. O vaxt rəhbər işçilər sadə idilər axı, atam deyir sabah gələcəm çayxanaya görüm kimdi o qız. Atam gəlir ora, günorta vaxtı anam da bulağa gedir. İsgəndər anamı göstərib deyir ki, bu qızı deyirəm, bax buna yazmışam o mahnını. Atam deyir o mənim sevgilimdi. “Qarabağın maralı” mahnısı belə yaranıb. O kişi də Səmərqənddən gəlmişdi, amma əslən Ağdamın Novruzlu kəndindən idi. Səmərqənddə zəlzələdə ailəsini, uşağını itirir, təzədən qayıdır Novruzluya, amma hər yay Şuşaya qalxırdı”. 

“Ürəyimdə bir nisgil qalıb, göynədir məni”

“Sonuncu dəfə 1989-cu ildə oldum Şuşada. Anam çox ağlayırdı Şuşa üçün. Apardım onu Şuşaya. Artıq müharibənin qığılcımları işarırdı. Amma buna baxmayaraq, iki il apardım onu Şuşaya. Ürəyimdə bir nisgil qalıb, göynədir məni. Cıdır Düzü evimizin yanından keçirdi. Orda anamı sanatoriyaya düzəltmişdim. Ordan keçəndə elə ağladı, elə ağaldı... ürəyimin başı göynədi. Dedim, ana, niyə ağlıyırsan? Dedi ki, uşaqlığımı axtarıram, gəncliyimi axtarıram. Cıdır Düzündən qayıdanda əyildi yerə ki, torpaq götürə. Mənim boynum sınsın, qoymadım. Anam üzünü sürtdü torpağa. Dedim, gələn il də gətirəcəm səni, eləmə, götürmə. Mən hardan biləydim ki, o bizim Şuşadan axırıncı çıxışımızdı. Eləcə anam nisgilli köçdü bu dünyadan. 2001-ci ilə qədər hər il qurban deyirdi ki, Şuşa alınsın, deyirdi mənə bir şey olsa, Şuşada dəfn edərsiniz. Heç olmasa, gərək torpaq götürəydim, o vaxt onun qəbrinin üstünə tökməyə. Həmin gün ürəyimə bir sıxıntı gəldi. Dedim, ana, gəl çıxaq Şuşadan. Axşamüstü saat 4 idi. Baba Mahmudoğlu və musiqiçilər gəlmişdi. Cıdır Düzündə camaat yığışmışdı Vaqif günləri keçirilirdi. Vallah, o vurhavurda da camaat incəsənətdən geri qalmırdı. Çünki heç kim inanmazdı ki, Şuşa erməniyə məğlub olar, təslim olar. Baba Mahmudoğlu oxuyandan sonra dedim, Baba, mən getmək istəyirəm. Dedi, qal sabah İsa bulağında banket verəcəyik, bizlə qayıdarsan. Dedim, yox, ürəyim narahatdı. Çıxdıq Ağdama. Xocalı yolunda maşını saxladıq, orda bulaq var idi. Anam əl-üzünü yuyurdu. Nə yaxşı ki, tez oturduq maşına, postda ermənilər yox, ruslar dayanırdı. Sən demə, yoldan keçənlərə atırmışlar. Gəldik Ağdama, tez qatara bilet aldıq. Biz səhər Bakıya çatanda, dedilər Şuşanın yolları bağlandı. Elə bil nə isə hiss eləmişdim. Düzdü, mənim üçün orda blokada qalmaq böyük fəxr olardı. Ora mənim vətənimdi. İndi torpaqlarımız yağı tapdağı altındadı, bu məni hər an incidir”. 

“O kilsə uçmuşdu...”

“Orda kilsə vardı, ermənilər iddia eliyirlər ki, erməni kilsəsi olub. Yalan deyirlər, Alban kilsəsiydi. Alban kilsəsində heç vaxt xaç olmur, onlar kilsəyə xaç vurmurlar. O kilsə də uçuq idi. O vaxt, 1905-ci ildə erməni-müsəlman davasında o kilsə uçmuşdu, eləcə də qalmışdı. Onlar hər dəfə ora baxanda kinləri artırdı. Çox yaxşı yola gedirdlər azərbaycanlılarla. Elə bic, yaltaq millət idilər ki... Sonra bu hadisələr başlayanda həmin qonşuların üzü döndü. Şuşada qalmamışdılar, köçmüşdülər Xankəndinə”. 

Adətlər

“Birinin bir toyu olanda mütləq toya gedən adam xonça tutmalıydı. İndiki kimi yadımdadır, qonşuda İbrahim kişinin oğlunun toyu idi. Nənəm bir yekə xonça tutdu, üstünə də qızıl beşlik qoyub apardı. Onlar eləydilər. Hara gedirdilər, qabiliyyətlə gedirdilər. Novruz bayramlarında qulaq falı mütləq olmalıydı. Hər həyətdə təndir vardı. Bir gün bir evdə çörək bişirirdilər, başqa gün birində və çörək bişirməyən qonşulara mütləq çörək verilməliydi. Ətri yayılırdı çünki... Hər həftə birinin evinə yığışardılar, deyib-gülərdilər”. 

“Şuşada tərbiyəsiz adam yox dərəcəsində idi”

“Şuşada düşük adam görməzdin. Düzdü, hər şeyə bir cür baxırdılar. Orda gərək suyu da üfürə-üfürə içəydin ki, səndə bir səhv tutmasınlar. O qədər diqqətli idilər yəni. Şuşada tərbiyəsiz adam yox dərəcəsində idi”.

“Şuşa təamları”

“Qırxbuğumlu plov, şüyüd plov, əvəlik plov Şuşa mətbəxinin vazkeçilməz xörəklərindən idi. Bəlkə də bu qənaətçillikdən irəli gəlirdi ki, onlar keçmişdə otlardan plov ediblər indi də milli xörəklərə çevrilib. Amma çox ləzzətli olurdu otlarla dəmlənən plovlar. Kələm dolmasını özünəməxsus şirniylə, narla bişirərdilər. Hələ qapılardakı çolpaların dadı nəyə desən, dəyərdi. Şuşalılar gəlmələrə qarşı çox isti münasibət göstərirdilər. Ora gəlib-gedənlər uzun müddət şuşalıların qonaqpərvərliyindən danışardılar. Şuşalılar gəlmələrin hesabına dolanırdılar. Yay boyu evlərini gəlmələrə kirayə verərdilər, bütün qışı da o pulla keçinərdilər. Görün nə qədər qənaətcil adamlar olublar”.

Ümid

“Hamısı Allahın əlindədir. Ümidim var. Özü də son vaxtlar lap çoxalıb. Biz görməsək də, balalarımız görəcək. Mənim anamın üç gün dili tutuldu Şuşa alınanda. Demişəm də... Bayrağımızı Şuşaya hansı əsgər sancsa, gözəl bir üzüyüm var, əhd eləmişəm ki, o üzüyü həmin əsgərin barmağına taxacam. Maşın da tapmasam, piyada qalxacam ora”. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO